Azərbaycanın Küveytdə yeni təyin olunmuş səfiri
etimadnaməsini bu dövlətin əmirinə
təqdim etmişdir
Azərbaycanın Küveytdə yeni təyin olunmuş səfiri Tural Rzayev avqustun 9-da etimadnaməsini bu dövlətin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təqdim etmişdir.
Səfirlikdən bildirmişlər ki, Bəyan sarayında keçirilmiş təqdimetmə mərasimində fəxri qarovul düzülmüş, Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılmış və dövlət himni səsləndirilmişdir.
Küveyt Dövlətinin əmiri ilə söhbətdə səfir T.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin dost ölkələrimiz arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamışdır. Əmirin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu deyən diplomat qeyd etmişdir ki, bu səfər ölkələrimiz arasında mövcud münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.
Səfir T.Rzayev Prezident İlham Əliyevin əmir Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha və dost Küveyt xalqına salamlarını və xoş arzularını çatdırmışdır.
Bundan əlavə, diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Küveyt Dövlətinin beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə əmirə və Küveyt xalqına minnətdarlığını bildirmişdir.
Görüşdə Küveyt Dövlətinin əmiri Azərbaycan ilə münasibətlərin inkişafında maraqlı olduğunu, bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğulamışdır. Əmir Prezident İlham Əliyevə xoş arzularına görə səmimi minnətdarlığını ifadə edərək dövlətimizin başçısına onun salamlarını çatdırmağı xahiş etmiş, Azərbaycan xalqına rifah, inkişaf və tərəqqi arzulamışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 10 avqust.- S. 3.