Dünya musiqisinin Qəbələ
ünvanı
Şəxsiyyətin böyüklüyü həmişə onun xalqına göstərdiyi xidmətlə ölçülür. Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti sərhədləri aşaraq dünya miqyasına çıxmışdır. Bu səbəbdən də ölkəmizin birinci xanımını təkcə Azərbaycanda deyil, dünyanın əksər yerlərində rəğbətlə qarşılayır, onun gördüyü hər bir işin yaratdığı xoş təəssüratlardan məhəbbətlə söz açırlar. Azərbaycandan başlanan xeyirxahlığın yolları o qədər çoxşaxəlidir ki, ən inkişaf etmiş, qüdrətli dövlətlərin bir çoxunda belə, bu azərbaycanlı xanımın təşəbbüsü ilə həyata keçirilən maraqlı, dəyərli işlərin silinməz izləri var. Mehriban xanım yorulmadan çalışır, yeni layihələr üzərində fikirləşir, mədəni-humanitar sahədə təkcə öz xalqına deyil, bütün millətlərə dəyərli töhfələr verir. Ölkənin birinci xanımı nəinki Azərbaycanda, regional miqyasda, hətta qlobal miqyasda böyük layihələr həyata keçirir.
Ötən ilin mart ayında Bakıda keçirilən Beynəlxalq Muğam Festivalı təkcə Azərbaycanda deyil, bütün dünyada maraqla qarşılandı. Bu festival çərçivəsində həyata keçirilən müsabiqələrdə diqqət çəkən, tamaşaçını riqqətə gətirən çox məqamlar var idi. Müsabiqəyə gələn ifaçıların əksəriyyəti öz çıxışına "Qarabağ şikəstəsi" ilə başladı. Bu, sadəcə, mahnı ifaçılığı deyildi. Məhz dərdimizə musiqi dili ilə bir sığal çəkilirdi. Bizim xalq mahnımız özgə dillərdə səslənəndə kövrəlməklə bərabər qürur da duyurduq. Dünyanın müxtəlif yerlərindən gəlmiş insanlar "Qarabağ" deyirdi.
Milli musiqimizi ürəkdən sevən, xüsusilə də muğamlarımıza yeni həyat verən, dünyaya tanıdan Mehriban xanım Əliyevanın təkcə elə bu sahədə xidmətləri zamanın fövqündə dayanır və bir ömrə bəs edəcək fədakarlıqdır. Bakıda yanan mədəniyyət işığının şöləsi ötən ilin isti yay günlərində bölgələrimizə yayıldı. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə Qəbələdə Beynəlxalq musiqi festivalı keçirildi. Festivalın yaratdığı xoş təəssüratlar haqqında mətbuatda, televiziya kanallarında maraqlı yazılar, verilişlər getdi. Dünyanın 15 ölkəsindən Qəbələyə gəlmiş musiqiçilər Azərbaycana, onun qonaqpərvər xalqına, istedadlı musiqiçilərinə heyran qaldılar.
Elə bu məhəbbətin unudulmamasıdır ki, bu ilin yayında Qəbələ dağları ikinci dəfə belə bir büsatı fərəhlə yaşadı. İyulun 25-də Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verildi. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri ilə öz qonaqlarını və musiqisevərləri salamladı.
İlk
günün sədası yaddaqalan oldu. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin ifasında tamaşaçılara bəstəkar
Oqtay Zülfüqarovun "Bayram uvertürası", Fikrət
Əmirovun "Fortepiano və orkestr üçün
konsert"i, Qara Qarayevin "İldırımlı
yollarla" baletindən parçalar, Vasif Adıgözəlovun
"Fortepiano və orkestr üçün konsert"i təqdim
olundu. Musiqi əsərlərinə
Yalçın Adıgözəlov və Azad Əliyev
dirijorluq etdilər. Fərhad Bədəlbəyli
və Murad Adıgözəlzadənin solistliyi ilə
keçirilən konsertlər tamaşaçılar tərəfindən
maraqla qarşılandı.
Festivalın ikinci
günü Üzeyir Hacıbəyli adına
Dövlət Simfonik Orkestrinin möhtəşəm konserti
oldu. Sənətçilər həm Azərbaycan,
həm də Avropa bəstəkarlarının əsərlərini
ifa etdilər. Konsert zamanı səslənən
bütün əsərlər sürəkli alqışlarla
müşayiət olundu. Konsertin solistləri Murad
Hüseynov, Fəridə Məmmədova, Səidə
Tağızadə, Gülnaz İsmayılova, Səbinə Əsədova,
Cavid Səmədov və Yeganə Axundova öz ifaları ilə
musiqisevərləri heyran etdilər. Festivala
ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrin
tanınmış musiqiçiləri, skripka
ifaçıları qatılmışdılar.
Festivalın rəsmi
açılışı iyulun 30-da oldu. Qəbələ
II Beynəlxalq Musiqi Festivalının bu qeyri-adi təntənəsində
Prezident İlham Əliyev, Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva və ölkəmizdə səfərdə
olan YUNESKO-nun baş direktoru İrina Bokova iştirak etdilər.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva çıxış etdi. Ölkəmizin
dilbər guşələrinin birində - Qəbələdə
qonaqları salamlayan Mehriban xanım mərasim
iştirakçılarını təbrik edərək dedi:
"Azərbaycan öz musiqi mədəniyyəti ilə hər
zaman fərqlənir və Heydər Əliyev Fondu öz
növbəsində ölkəmizin musiqi irsinin qorunub
saxlanması və təbliği yolunda bir sıra layihələr
həyata keçirir. Mən bu sırada Beynəlxalq Muğam
Festivalı, Mstislav Rostropoviç adına
Musiqi Festivalını, Üzeyir Hacıbəyli, Dmitri
Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və
ifaçıların yubileylərinə həsr olunmuş
festivalları vurğulamaq istərdim. Qəbələ
Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya
musiqisinin, mədəni dəyərlərin qorunub
saxlanmasında Heydər Əliyev Fondu tərəfindən
atılan növbəti bir addımdır".
Bu festivalda
iştirak etmək üçün dünyanın müxtəlif
yerlərindən ölkəmizə məşhur musiqiçilər
gəlmişdilər. Mehriban xanım Əliyeva festivala
qatılmış YUNESKO-nun baş direktoru İrina Bokovaya
öz təşəkkürünü bildirdi, o cümlədən
festivalın təşkilində əməyi olan hər kəsə
minnətdarlıq etdi. İrina Bokova öz
çıxışında Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya səmimi təşəkkürünü
bildirərək dedi: "Sizin nailiyyətlərinizin
miqyasını bir ad ilə əhatə etmək çətindir.
Siz YUNESKO-nun humanist dəyərlərinin əsl
bayraqdarısınız... Qəbələ
festivalı çərçivəsində gənc
musiqiçilər üçün ustad dərslər təşkil
edilir, ənənəvi klassik, müasir musiqini və cazı əhatə
edən proqram həyata keçirilir. Bu festival Azərbaycanın
musiqi ruhunun və səxavətinin əksidir... Qəbələ
beynəlxalq mədəni görüşlər
üçün ən münasib yerdir. Biz
Qafqaz Albaniyasının qədim paytaxtının
yanındayıq. Vaxtilə bura Asiyanın,
ərəb dünyasının, Avropanın kəsişdiyi məkanlarda
dinamik ticarət, təhsil və mədəniyyət mərkəzi,
çiçəklənən region olmuşdur. Xalqların və mədəniyyətlərin bu
görüşünün əsas nəticəsi Azərbaycanın
ustaddan şagirdə, nəsildən-nəsilə keçən
zəngin musiqi ənənələridir. YUNESKO
belə hesab edir ki, bu ənənələrin bir qismi
ümumdünya irsinin inciləridir, onların qorunub
saxlanması və populyarlaşdırılması
üçün bütün tədbirlər görülməlidir".
YUNESKO-nun
baş direktoru tərəfindən festivala verilən bu
yüksək qiymət çox önəmlidir. Heydər Əliyev Fondunun həyata
keçirdiyi bu möhtəşəm layihə, əslində,
2010-cu ildə Birləşmiş Millətlər Təşkilatı
və YUNESKO tərəfindən nizamlanan "Beynəlxalq mədəniyyətlərin
yaxınlaşması ili"nə ən böyük töhfədir.
Bu ideyanın gerçəkləşməsi bir
daha göstərir ki, mədəniyyətlərarası
dialoqda Azərbaycanın rolu çox böyükdür.
Bu festival həm də xalqların və mədəniyyətlərin
müxtəlifliyinin rəmzi oldu.
Rəsmi
açılış mərasimində Azərbaycan mədəniyyətinə
həsr olunmuş videoçarx nümayiş etdirildi. London Kral
Flarmonik Orkestrinin konserti oldu. Diqqətçəkən
məqam budur ki, həmin məşhur orkestrin xalq artisti Rauf
Abdullayevin dirijorluğu ilə təqdim etdiyi ilk əsər
dahi bəstəkar Üzeyir Hacıbəylinin
"Koroğlu" operasının uvertürası idi. Eyni zamanda, istər yerli, istərsə də xarici
ölkə bəstəkarlarının əsərləri məharətlə
ifa edildi. Dinləyici ruhuna hakim kəsilən kövrək
məqamlardan biri də dünya şöhrətli azərbaycanlı
müğənninin lent yazısının səsləndirilməsi
oldu. Beləliklə də festivalın rəsmi
açılış mərasimi yekunu unudulmaz Müslüm
Maqomayevin "Azərbaycan" mahnısı ilə sona
çatdı. Həmin axşam Qəbələ
səmasında alışıb-yanan atəşfəşanlıq
bu yerlərin hüsnünə başqa bir gözəllik bəxş
etdi.
Qəbələ
II Beynəlxalq Musiqi Festivalı avqustun 5-də öz işini
başa çatdırdı. Festivalın sonuncu
günü Böyük Britaniyanın məşhur London Kral
Flarmonik Orkestrinin növbəti möhtəşəm konserti
oldu. Amerikalı dirijor Dmitri Yablonski və
dünya şöhrətli rusiyalı pianoçu Boris
Verezovski orkestri müşayiət etdilər. Musiqisevərlərin və qonaqların böyük
həvəs və intizarla gözlədiyi bu konsertdə Sergey
Raxmanovun əsərləri səsləndirildi. On iki gün davam edən bu beynəlxalq festivalda
ABŞ, Kuba, Rusiya, İngiltərə, Fransa və İtaliyadan
gəlmiş istedadlı musiqiçilər gənc həmkarları
üçün ustad dərsləri keçirdilər.
Qəbələ
II Beynəlxalq Musiqi Festivalı adi konsert poqramı deyildi. Bu, müxtəlif
dinli, dilli xalqların eyni ünsiyyətin - musiqinin vasitəsilə
maraqlı, məzmunlu, mükəmməl dialoqa
qoşulmasının bariz nümunəsi idi. Bu festival həm də Azərbaycan mədəniyyətini
bir daha dünyaya təqdim etmək üçün
yaxşı məqam oldu. Təsəvvür edin ki,
ABŞ-ın, Kubanın, Rusiyanın, İngiltərənin,
Fransanın, İtaliyanın dünya şöhrətli
musiqiçiləri, dirijorları, ifaçıları,
vokalistləri festival çərçivəsində ilk dəfə
Azərbaycan bəstəkarlarının əsərlərini
dinlədilər. Məşhur Dmitri Yablonski çox dəqiq və
sərrast bir cümlə ilə festivalın qiymətini verdi: "Bakı mədəniyyət
paytaxtına, Qəbələ isə musiqi şəhərinə
çevrilib".
Xalq artisti Fərhad Bədəlbəyli
Qəbələ II Beynəlxalq Musiqi Festivalının bədii
rəhbəri kimi bildirir: "Burada əsas məqsəd
maarifçilik, musiqimizin təbliğidir. Ona
görə də builki festivalın proqramı daha da zəngin
tərtib edilmişdi. Ötən il olduğu kimi, builki
festival günlərində də Qəbələdən əlavə
Bakı, Gəncə, Oğuz, Ağdaş,
İsmayıllı, Şəki, Mingəçevirdən
müəllimlər, musiqiçilər, həkimlər,
ziyalılar, gənclər konsertə gələrək həm
Azərbaycan bəstəkarlarının simfonik əsərlərini,
həm də dünya musiqi incilərini heyranlıqla dinlədilər".
Dünya şöhrətli
Dmitri Yablonski hələ ötən il
festivala qatıldığı ilk gündə bildirmişdi
ki. Azərbaycanda qalmaq istəyir. O, Qəbələnin
təbiətinə vurğunluğunu dilə gətirməkdən
doymur: "Dünyanın çox yerində olmuşam. Qəbələ qədər füsunkar yer görməmişəm.
Məni buraya iki qüvvə çəkir: bir Azərbaycan
musiqisi, bir də Qəbələ. Mən həm Azərbaycan
musiqisinə, həm də təbiətinə heyran
qalmışam".
Musiqi
bayramının yadda qalan günləri çox oldu. Həm klassik
musiqi səsləndi, həm Azərbaycan muğamları dinlənildi,
həm də caz ustalarının məharətli ifalarına
maraq kəsildi. Qəbələyə gəlmiş
xarici ölkə musiqiçiləri, sənətkarlar, digər
qonaqlar həm Azərbaycan mətbəxinin
çeşid-çeşid nemətlərindən daddılar,
həm qəlbləri fəth edən musiqiləri dinlədilər,
həm də təbiətin gözəl guşəsini gəzdilər.
Qəbələyə gəlmiş qonaqların
müxtəlif marşrutlar üzrə səyahətləri də
təşkil edilmişdir. Onlar ətraf rayonların da mədəni
həyatı və təbiəti ilə tanış
oldular.
Vaxtilə
adı heç kimə bəlli olmayan Qəbələ bu
gün məşhur şəhərlərdən birinə
çevrilib.
Mehriban xanım Əliyevanın məhəbbətlə
söylədiyi bu fikirlər ürəyimizdən xəbər
verir: "Qəbələnin füsunkar təbiətinin
özü elə bil ki, təkrarsız bir musiqi əsəri
yaradır və bizləri bu əsəri dinləməyə dəvət
edir".
Vaxtilə Qəbələ
dünyanın ən qədim sivilizasiyalarından biri olan
Qafqaz Albaniyasının paytaxtı idi. Bu gün
dünya xəritəsində Qafqaz Albaniyası artıq yoxdur.
Lakin Mehriban xanım Əliyevanın söylədiyi
kimi, "Qəbələ bu gün yenə də paytaxtdır
- mədəniyyət, musiqi paytaxtı". Beləliklə, Qəbələ Beynəlxalq Musiqi
Festivalı artıq gözəl bir ənənəyə
çevrilib. İki ildir ki, yayda müntəzəm
keçirilən festivalda iştirak etmək üçün
dünyanın müxtəlif yerlərindən ölkəmizə
məşhur musiqi xadimləri, sənətkarlar gəlir.
Qürurla və fəxrlə deyirik ki, muğama
ikinci həyat verən Mehriban xanım Əliyevanın
uzaqgörənliyi və fədakarlığı sayəsində
qədim Qəbələ yenidən əzəlki şöhrətinə
qaytarıldı.
...Ötən ildən bu
festivalı izləyən musiqisevərlərin, eləcə də
bütün azərbaycanlıların ürəyindən bir
arzu da keçir. Yəqin ki, Bakıdan
şölələnərək Qəbələyə
işıq saçan bu musiqi bayramının davamı
çox olacaq. Azərbaycanın konservatoriyası
sayılan Şuşada, indi əlimiz yetməyən
Cıdır düzündə vaxtilə maestro Niyazinin rəhbərliyi
ilə "Xarı bülbül" festivalı, müxtəlif
musiqili mərasimlər keçirilərdi. İnanırıq
ki, bu festivalların biri də tezliklə Şuşada öz pərəstişkarlarını
başına yığacaq! Biz o günün yaxın zamanlarda
olacağına əminik! Hər şey dəyişilə,
hər şey dağıla, hər şey sıradan
çıxa bilər. Mehriban xanım Əliyeva çox
dəqiq və sərrast söyləyir: "Dəyişməyən,
əbədi olan dağların möhtəşəmliyi,
çay və bulaqların aramsız axarı və əsrlərin
şahidi olan ağacların səmaya doğru
ucalmasıdır". Bax, belə bir təbiət gözəlliyinə,
sədaqətinə, etibarına malik olan Şuşa kimi!..
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 10 avqust.- S. 4.