Samur-Həzrə yolu
əsaslı yenidənqurmadan sonra istifadəyə
verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Samur-Həzrə yolunun açılışında iştirak etmişdir.
Qusar rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Məlumat verildi ki, Prezident İlham Əliyevin 2009-cu il 27 avqust tarixli sərəncamı ilə yolun yenidən qurulmasına dövlət başçısının Ehtiyat Fondundan 6,5 milyon manat vəsait ayrılmışdır. Bu avtomobil yolu Qusar rayonunda geniş miqyasda tikinti-quruculuq işlərinin həyata keçirildiyi və turizm potensialının inkişaf etdirildiyi indiki zamanda müasir yol infrastrukturunun yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu 23 kilometr, hərəkət hissəsinin eni 7 metr olan bu yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra üç istiqamətdə - Həzrə-Mucuq, Həzrə-Sudur, Həzrə-Zeyxur istiqamətlərində davam edir. Samur-Həzrə yolunun yenidənqurmadan əvvəl tam dağılmaq üzrə olan 600 metrlik hissəsi 30 metr sola çəkilməklə yenidən tikilmiş, yol yatağı 12 metrə qədər genişləndirilmişdir. Yol boyunca bir sıra ərazilərdə istinad divarları tikilmiş, suötürücü borular qoyulmuş, yolun yatağı qaldırılmış və digər işlər görülmüşdür. Yolda 1000-dən çox siqnal dirəyi və 100 ədəd nişan qoyulmuşdur.
Əsaslı şəkildə yenidən qurulan Samur-Həzrə yolu ilə yaxından tanış olan Prezident İlham Əliyev ölkənin yol infrastrukturunun müasirləşdirilməsinə dair növbəti tapşırıqlarını vermişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 13 avqust.- S. 1.