Qusar rayon ictimaiyyətinin nümayəndələri
ilə görüş
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Samur-Həzrə yolunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:
- Mən sizi ürəkdən təbrik edirəm. Bildiyiniz kimi, mən bir il bundan əvvəl yolun çəkilişi ilə bağlı müvafiq sərəncam imzalamışdım. Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdı ki, bu yol tikilsin. Qusar sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, biz bütün bu işləri gördük və artıq yüksək keyfiyyətə malik olan yol istismara verilir.
İndi verilən məlumata görə, yol 16 min nəfər əhaliyə xidmət göstərəcəkdir. 27 qəsəbə və kənd bu yolun üstündə yerləşibdir. Yəni bu, insanlara rahatlıq verəcəkdir. Burada şəkillərdə göstərilir ki, əvvəlki yol hansı vəziyyətdə idi, ona heç yol demək olmazdı, insanlar əziyyət çəkirdilər. İndi isə bu gözəl yol uzun illər, onilliklər ərzində insanlara xidmət göstərəcəkdir.
Hesab edirəm ki, bu, çox mühüm hadisədir. Bu, onu göstərir ki, bizim yol-tikinti işlərimiz nəinki magistral yolları, eyni zamanda kənd yollarını da əhatə edir. Kənd yollarının tikintisi gələcək illərdə daha da geniş sürətlə aparılacaqdır. Çünki magistral yollara gəldikdə, demək olar ki, bütün əsas magistralların tikintisi uğurla davam edir. Bu gün Bakı-Quba yolunun bir hissəsi istismara verilibdir. Çox böyük keyfiyyətə malik olan bir yoldur. Bütün başqa istiqamətlərdə - Bakı-Rusiya, Bakı-Gürcüstan, Bakı-İran sərhədi yollarının tikintisi, demək olar ki, bu il və gələn il ərzində başa çatmalıdır. O ki qaldı kənd yollarına, onların tikintisinə böyük ehtiyac vardır. Ən ucqar yerlərdə, ən ucqar kəndlərdə bu yol tikintisi davam edəcəkdir. Azərbaycanın bütün bölgələrində insanlar yaxşı yoldan istifadə etməlidirlər.
Yol inkişafdır, mədəniyyətdir. Yol olan yerdə inkişaf da olacaqdır. Qusar rayonunun, qonşu rayonların böyük turizm potensialı vardır. Yol olan yerdə biz bu imkanlardan daha da səmərəli şəkildə istifadə edəcəyik. Bildiyiniz kimi, Qusarda son illərdə çox sürətli inkişaf gedir. İnkişafın templəri məni qane edir. İqtisadi inkişaf, sənaye, turizm müəssisələrinin yaradılması - bütün bu sahələrdə işlər yüksək səviyyədədir. Son 5-6 il ərzində 17 məktəb tikilibdir, bir neçə məktəb təmir edilib, böyük xəstəxana tikilməkdədir.
Azərbaycanın turizm obyektləri arasında ən birinci yeri tutan Qusar-Şahdağ qış-yay turizm kompleksi tikilməkdədir. İndi orada gedən tikinti işləri ilə bu gün bir daha tanış olacağam. O kompleksin istismara verilməsi nəticəsində minlərlə yeni iş yeri açılacaq, rayon iqtisadiyyatına böyük investisiyalar qoyulacaq və beləliklə, Qusar rayonunun uzunmüddətli və uğurlu inkişafı təmin ediləcəkdir.
Biz bütün bu işləri planlı şəkildə aparırıq. Həm ölkənin iqtisadi inkişafına göstərilən diqqət, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılan tədbirlər, sosial proqramlar, maaşlar, pensiyalar, sənaye müəssisələrinin, turizm mərkəzlərinin tikintisi - bütün bunların bir məqsədi var ki, Azərbaycan vətəndaşları yaxşı, firavan yaşasınlar, dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda istənilən sahədə tətbiq olunsun və beləliklə, ölkəmiz hərtərəfli inkişaf etsin. Regionlar inkişaf edir, paytaxt şəhərimiz inkişaf edir, rayon mərkəzləri gözəlləşir, abadlaşır - bax, inkişaf budur!
Mən Prezident kimi Qusara artıq beşinci dəfədir ki, səfər edirəm. Hər dəfə gələndə burada gördüyüm yeniliklər, inkişaf məni sevindirir. Əldə edilmiş bütün bu nailiyyətlərlə bağlı mən sizi ürəkdən təbrik edirəm. Demək istəyirəm ki, yolun tikintisi rayon icra hakimiyyətinə tapşırılmışdır və mən görürəm ki, bu iş böyük keyfiyyətlə və zövqlə görülübdür. Növbəti illərdə əlbəttə ki, digər kənd yollarının tikintisi üçün əlavə vəsait ayrılacaqdır. Azərbaycan dövləti güclü dövlətdir. Bizim güclü iqtisadiyyatımız, güclü maliyyə imkanlarımız vardır. Bütün bu imkanlar Azərbaycan xalqının, bölgələrimizin inkişafına yönəldilib. Bir daha bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.
Mənə yolun tikintisi ilə bağlı edilən müraciətlər səslənəndə söz vermişdim ki, biz yolun tikintisinə nail olacağıq və yolun açılışında mən şəxsən iştirak edəcəyəm. Bu gün mən sizinlə bərabərəm. Təbrik edirəm.
* * *
Rayon ictimaiyyəti adından çıxış edən Həzrə kənd orta məktəbinin müəllimi Məsud QƏDİMOV dövlət başçısına diqqət və qayğıya görə təşəkkürünü bildirərək dedi:
- Möhtərəm cənab Prezident!
Bu gün Qusar rayonunun həyatında çox mühüm, əlamətdar bir gündür. Biz bu günü səbirsizliklə gözləyirdik. Çünki Sizin Qusara hər gəlişiniz elimizin bayramına çevrilir. Çünki Sizin hər gəlişinizdən sonra bir neçə yeniliyin şahidi oluruq.
Cənab Prezident! Biz qusarlılar xoşbəxt adamlarıq ki, son 6 il ərzində beşinci dəfədir Sizinlə görüşmək şərəfinə nail oluruq. Odur ki, Sizi bütün qusarlılar adından salamlayır və Sizə "Xoş gəlmisiniz" deyirik!
Möhtərəm Prezident! Sizin titanik əməklə respublikamızın inkişafını təmin etməyiniz, bütün bölgələrdə yüksək inkişaf tempinin saxlanılması çox böyük işdir. Hazırda bütün bölgələr inkişaf edir. Hər yerdə abadlıq-quruculuq işləri gedir. O cümlədən bizim Qusar rayonunda da. Qusar rayonu doğrudan da, Sizin dediyiniz kimi, çox gözəlləşibdir. Biz fəxr edirik ki, Qusar rayonu respublikamızın ən gözəl guşələri ilə müqayisədə doğrudan da, çox gözəl bir mənzərəyə malikdir. Biz bütün bunlar üçün Sizə minnətdarıq. Çünki Sizin köməyiniz olmasaydı, əlbəttə, biz belə gözəl şəraitə, inkişafa, rifaha malik ola bilməzdik. Rayonumuzda son illərdə tikilib istifadəyə verilmiş ən mühüm obyektlər, infrastruktur layihələri bilavasitə Sizin diqqət və qayğınız sayəsində ərsəyə gəlmişdir.
Cənab Prezident, bizim
böyükdən-kiçiyə kimi hamımızın
ürəyində Sizə dərin hörmət və istək
vardır. Çünki Siz həmişə
bizim problemlərimizlə maraqlanırsınız. Siz bizim problemlərimizi öz problemləriniz hesab
edirsiniz. Elə götürək, bu yol məsələsini.
Onda Siz Qusara gələndə biz bu məsələni
ortaya atdıq və bu yolun bərpası barədə Sizdən
xahiş etdik. Biz bilirdik ki, bu, çox
çətin işdir. Xatirinizə gəlirsə,
onda yağış da yağırdı - Siz bizi səmimiyyətlə
otağa dəvət etdiniz.
Prezident İlham ƏLİYEV:
- Bəli, bəli. Təzə
açılmış idman kompleksi idi.
Məsud QƏDİMOV: - Bəli,
onda Siz bizimlə oturub səmimi söhbət etdiniz. Bildirdiniz ki, bütün Azərbaycan xalqının
nə problemi var, hamısı həll ediləcəkdir.
Doğrudan da, ilk anda bizə təəccüblü
göründü, yəni bu çətin iş belə tez
başa gələrmi?! Lakin bu yolun tikintisinin
doğrudan da, belə sürətlə başa
çatması bizi heyrətə gətirdi. Biz bilirik ki, Prezidentimizin sözü ilə işi vəhdət
təşkil edir. Prezidentimizin dediyi söz
mütləq yerinə yetirilir. Özü
də ən yüksək səviyyədə və ən
qısa müddətdə.
Cənab Prezident! Bu yolun çəkilişi doğrudan da, çox
qısa müddətdə başa gəlsə də, çox
keyfiyyətli qurulubdur. Allah Sizdən razı olsun! Bu yoldan istifadə edən 27 kəndin 16 minə qədər
əhalisi Sizə minnətdardır. On illərlə
onlar bu yolun həsrətində olublar. Lakin
Siz bu yolu onlara bəxş etdiniz. Siz onlara
bu yol ilə bərabər, yeni həyat bəxş etmisiniz.
Onların sevincinin həddi-hüdudu yoxdur.
Bunu sadəcə olaraq, dillə demək çətindir.
Atalar deyib ki, yol çəkmək, körpü
tikmək dünyada ən savab işdir. Yeri
gəlmişkən, Sizə ağsaqqallarımızın
xeyir-duasını, minnətdarlığını, eləcə
də bu yoldan istifadə edən, Şahdağın ətəklərinə
qədər səpələnmiş 27 kəndin əhalisinin
minnətdarlığını bildirmək istəyirəm.
Sizin yolunuz həmişə işıqlı olsun! Sizin ömrünüz
çəkdiyiniz yollar qədər uzun, rəvan olsun!
Çox sağ olun, cənab Prezident!
* * *
Prezident İlham ƏLİYEV:
- Sağ olun, xoş sözlərə görə sizə minnətdaram.
Mən o günü yaxşı
xatırlayıram. Olimpiya-İdman
Kompleksinin açılışı zamanı
yağış da yağdı, biz keçib içəridə
oturduq, səmimi söhbət etdik. O vaxt da demişəm,
bu gün də demək istəyirəm ki, mən Azərbaycanın
inkişafı üçün çalışıram. Bölgələrə səfərlərimin məqsədi
də məhz ondan ibarətdir ki, həm problemləri aşkar
etmək, sizdən o problemləri eşitmək, hansı sahədə
nə edilməlidir müəyyənləşdirmək,
onları həll etmək və ondan sonra həll edilmiş
problemləri, necə deyərlər, artıq görmək və
bərabər sevinməkdir. Məni ən
çox sevindirən məhz odur ki, Azərbaycanda hər
gün hansısa bölgədə, hansısa rayonda hansısa
müəssisə açılır, məktəb, xəstəxana
tikilir, yol çəkilir. Budur əsas məqsədimiz.
Yenə də demək istəyirəm,
görülən bütün bu işlər bir neçə
məqsədi güdür. Birinci növbədə,
insanlar daha da yaxşı yaşasınlar, onların problemləri
həll olunsun, yol çəkilsin.
İndi Qusar
rayonunda qazlaşdırma prosesi sürətlə gedir. Mənə
verilən məlumata görə, bir neçə kəndə
yeni qaz xətləri çəkilmişdir. Bu proses davam
etdirilir və göstəriş vermişəm ki, Qusarın kəndlərinə
qaz təchizatı maksimum dərəcədə təşkil
edilsin.
İnsanların
sağlamlığı - Qusarda tikilən 230
çarpayılıq böyük xəstəxana demək olar
ki, burada bütün sağlamlıq problemlərini həll edəcəkdir,
həm diaqnostika, müayinə, əməliyyatlar, müalicə. Yəni bu,
insanların sağlamlığı deməkdir.
Məktəblər
- mən qeyd elədim, 17 məktəb nə deməkdir? Bu, bizim gələcəyimizdir.
Həm uşaqlar yaxşı məktəblərdə
oxuyacaqlar, həm də ki, bu, müəllimlərin iş
şəraitidir. Ondan sonra Qusarda Olimpiya Kompleksi
tikilmişdir. Onun
açılışında bərabər iştirak
etmişdik. Bu da fiziki və mənəvi cəhətdən
sağlamlıqdır. Xüsusilə Qusar əhalisi
idmana çox meyillidir. Qusardan
çıxmış çox görkəmli
idmançılarımız vardır və gənc nəsil də
yetişməlidir. Onlar həm fiziki cəhətdən,
həm mənəvi cəhətdən sağlam, vətənpərvər
olmalıdırlar. Yəni bu, elə vətənpərvərlik
tərbiyəsinin bir istiqamətidir.
Burada dağ
turizm mərkəzi tikilir. Qusar dünya
miqyaslı bir turizm mərkəzinə çevriləcəkdir.
Orada görülən işlər
dünyanın aparıcı ölkələrində
görülən işlərdən zərrə qədər
də geri qalmır. Bu işlər bəzi
hallarda orada olan işlərdən üstün görülür.
Çünki biz artıq onların təcrübəsini
bilirik və o təcrübəni burada müasir səviyyədə
tətbiq edirik. Bir-iki ildən sonra siz həm
ölkə daxilindən, həm xaricdən buraya turistlərin
axınını görəcəksiniz. Bu,
həm inkişafa aparan yoldur, eyni zamanda, böyük dəyər
gətirəcək bir sahədir. Dünyada
ölkələr turistləri cəlb etmək
üçün bir-biri ilə rəqabət aparır. Qusarı mərkəzə, necə deyərlər,
Azərbaycanın bir nömrəli turizm bölgəsinə
çevirmək düşünülmüş və məqsədyönlü
bir addımdır. Yəni, hər bir
istiqamətdə görülən bu işlər cəmləşəndə
artıq böyük dəyər təşkil edir.
Növbəti illərdə Qusar rayonunun problemlərinin həlli üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yeni yollar çəkiləcək, kənd təsərrüfatının inkişafı, sahibkarların, fermerlərin işinin yüngülləşdirilməsi, sənaye müəssisələrinin tikilməsi üçün bütün işlər görüləcəkdir. Artıq görülən bu işlər ki var, bir rayonun timsalında onu göstərir ki, biz hər şeyə qadirik. Təki güclü iradə olsun, o da var, xalqla iqtidarın birliyi olsun, o da var və düşünülmüş siyasət olsun, o da vardır. Beləliklə, ölkəmiz qabağa gedəcək və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir.
Bir daha sizi
ürəkdən təbrik edirəm və gələcəkdə
biz hələ tez-tez görüşəcəyik.
Çünki əminəm ki, Qusarda belə gözəl
açılışlar hələ çox olacaqdır.
* * *
Sonra mərasim
iştirakçıları Prezident İlham Əliyevlə
xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 13 avqust.- S. 2.