YAP nümayəndə heyəti
Biləsuvar rayonunda Milli
Qəhrəman Mübariz İbrahimovun
ailəsi ilə görüşmüşdür
Avqustun 12-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədovun rəhbərliyi ilə YAP nümayəndə heyəti Biləsuvar rayonuna səfər edərək Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi ilə görüşmüşdür.
Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, Milli Məclisin komitə sədri Hadi Rəcəbli, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov iştirak etmişlər.
Şəhidin atası Ağakərim İbrahimovla görüşən Əli Əhmədov qeyd etmişdir ki, dövlət başçısı İlham Əliyev tərəfindən Mübariz İbrahımovun Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülməsi onun şərəfli döyüş yoluna verilən ən böyük qiymətdir.
Ə.Əhmədov demişdir: "Bu gün Azərbaycanda hamı Mübarizi tanıyır, bütün gənclərimiz ondan danışır. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, geri qaytarılmayıb, bizim Mübariz kimi qəhrəmanlara ehtiyacımız vardır. O, öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan öz torpaqlarını geri qaytaracaq və bunun üçün Azərbaycanın qəhrəman övladları, canını bu torpaqların yolunda hər an qurban verməyə hazır olan igidləri var. Mübariz Azərbaycana gərəkli olan çox gözəl bir nümunə göstərdi. Öz həyatını qurban vermək bahasına olsa belə, o, sübut etmişdir ki, biz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Onun bu qəhrəmanlığı bizim hər birimiz üçün nümunədir".
YAP sədrinin müavini daha sonra qeyd etmişdir ki, Mübarizin qəhrəmanlığı hər bir Azərbaycan gənci üçün bir örnək olmalıdır: "Hər bir gənc Mübarizin əməllərini, qəhrəmanlığını təkrar etməyə hazır olmalıdır. Nə qədər ki, bizim torpaqlarımız işğaldan azad olmayıb, nə qədər ki, bizim torpaqlardan mənfur düşmən qovulub çıxarılmayıb, hər bir gəncin qəlbində bir Mübariz qəhrəmanlığı yaşamalıdır. Mübariz İbrahimov kimi on minlərlə gəncimiz var ki, torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar. Azərbaycan dövləti hələ ki danışıqlar yoluna üstünlük verir. Əgər bu danışıqlar nəticə verməsə, Ali Baş Komandanın əmri ilə xalqımız işğalçıları torpaqlarımızdan təmizləyəcəkdir.
Azərbaycan sosial-iqtisadi göstəriciləri baxımından da düşmən Ermənistandan qat-qat güclüdür. Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan bölgənin lider dövlətinə çevrilmişdir. Xalqımız düşmən üzərində qələbə əldə edəcəyimizə tam əmindir. Bizim hər bir əsgərimizdə Mübarizin qəhrəmanlıq ruhu vardır. Bu cür qəhrəmanlıqlar xalqın yaddaşında əbədi yaşayacaqdır".
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov oğlunun göstərdiyi qəhrəmanlıqdan qürur duyduğunu, dövlət başçısı, Yeni Azərbaycan Partiyası və ümumilikdə ictimaiyyət tərəfindən ailələrinə göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildirmişdir. Şəhid atası vurğulamışdır ki, övladını itirsə də, o, Azərbaycan xalqının timsalında 9 milyonluq ailə qazanmışdır və lazım gələrsə, Ali Baş Komandanın əmri ilə əlində silah vətən torpaqlarını işğalçılardan azad etməyə hazırdır.
Azərbaycan.- 2010.-13
avqust.- S. 3.