Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın milli qəhrəmanlarının şəhidlərin ailə üzvlərinin, əlillərin digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu sərəncamın 1-ci bəndinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2010-cu il

 

Azərbaycan.- 2010.-1 sentyabr.- S.  1.