Azərbaycan idmanının tarixi nailiyyəti

 

Bu uğur Sinqapurda qazanıldı

 

Bu günlərdə Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunları başa çatmışdır. 204 ölkədən gəlmiş idmançıların qatıldığı turnirdə yeniyetmələrimiz, sözün həqiqi mənasında, tarixi uğura imza atmışlar. Yarışlarda iştirak edən 12 azərbaycanlı idmançıdan 8-i vətənə medallarla qayıtmışdır. Özümedallar yüksək əyarlıdır - 5 qızıl və 3 gümüş. Həqiqətən, böyük nailiyyətdir və ölkə idmanının tarixinə qızıl hərflərlə yazılmağa layiqdir. Azərbaycan ümumi komanda hesabında bir çox aparıcı idman ölkələrini geridə qoyaraq11-ci, Avropada isə 6-cı yeri tutmuşdur.

İdmançılarımızın beynəlxalq turnirdə qazandığı növbəti böyük nailiyyət hər cür təqdirə layiqdir. Bu o deməkdir ki, Sinqapurda dövlətimizin himni beş dəfə səslənmiş, bayrağımız səkkiz dəfə qaldırılmışdır. Doğrudan da, belə bir nailiyyətlə öyünməyə dəyər. Sinqapurda qazanılmış qələbə həm də Azərbaycanın dünyada tanınmasına xidmət edir. Çünki mötəbər beynəlxalq yarışda əldə edilən hər bir qələbə bilavasitə konkret ölkənin reklamı deməkdir. Eləcə də idman beynəlxalq aləmdə nüfuz qazanmaq vasitəsidir. Bu mənada idmançılarımızın növbəti uğuru Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə mövqeyini daha da möhkəmlədir.

Əlbəttə, hər bir vətəndaşda iftixar hissi doğuran bu qələbəni şərtləndirən bir çox amillər var. Bu, ilk növbədə dövlətin idmanın inkişafına və kütləviləşməsinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Qeyd etmək lazımdır ki, idman dövlət rəhbərliyinin yeritdiyi siyasətin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Hər şeydən əvvəl idmanın maddi-texniki bazasının yaxşılaşdırılması, idman komplekslərinin, stadionların, məşq bazalarının və digər qurğuların inşası geniş vüsət almışdır. Son on il ərzində 30-a yaxın olimpiya kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda daha 10 kompleksin inşası davam edir. Qarşıdakı illərdə müxtəlif bölgələrdə komplekslərin tikilməsi planlaşdırılır. Eyni zamanda digər idman qurğularının inşası müntəzəm xarakter almışdır.

Belə bir məqam da diqqəti xüsusi cəlb edir ki, dövlətin idman siyasətini həyata keçirən bütün bu qurumlar - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, ayrı-ayrı idman növləri üzrə milli federasiyalar, eləcə də idman cəmiyyətləri və klublar vahid komanda kimi əlbir işləyir, məqsədyönlü və əlaqələndirilmiş fəaliyyət sayəsində qarşıya qoyulmuş vəzifələrin reallaşdırılmasını təmin edirlər. Bu hər hansı uğur qazanmaq üçün böyük əhəmiyyət kəsb edir. Respublika Prezidenti İlham Əliyev Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul edərkən vurğuladığı kimi, "Azərbaycan nadir ölkələrdəndir ki, burada bütün idman qurumları bir-biri ilə sıx əlaqədədir. Heç bir qarşıdurma, heç bir qısqanclıq yoxdur, ola da bilməz. Çünki hamımız bir məqsədə qulluq edirik ki, o da Azərbaycanın idman şöhrətini ucaltmaqdaim beynəlxalq yarışlarda qələbə qazanmaqdır ".

Eyni zamanda idmançıların və onların qazandıqları nailiyyətlərdə payı olan məşqçi heyətinin əməyi layiqincə qiymətləndirilir. Təqdirəlayiq haldır ki, böyük beynəlxalq turnirlərdə, xüsusilə Olimpiya oyunlarında yaxşı nəticələr göstərənlər həm dövlət, həm də Milli Olimpiya Komitəsi tərəfindən mükafatlandırılırlar. Başqa sözlə, idmançılar və onları yarışlara hazırlayan mütəxəssislər həmişə dövlətin qayğısını hiss edirlər.

Özü də ölkə idmanı birtərəfli yox, çoxşaxəli inkişaf edir. Elə Yeniyetmələrin I Yay Olimpiya Oyunları da bunu göstərir. Turnirdə idmançılarımız dörd növ - sərbəst güləş, yunan-Roma güləşi, ağırlıqqaldırma və boks üzrə yarışlarda medal qazandılar. Eləcə də son illər müxtəlif miqyaslı turnirlərdə, o cümlədən dünyaAvropa çempionatlarında uğurlu çıxışlar Azərbaycanda idmanın ən müxtəlif növlərinin daim inkişafda olduğunu təsdiqləyir.

Bütün bunların nəticəsi kimi ölkədə idmanın kütləviliyi artır. Hazırda yeniyetmələr və gənclər arasında idmana güclü axın müşahidə olunur. Bu, bir tərəfdən, yeni istedadları ortaya çıxarmağa imkan verir, digər tərəfdən isə, sağlam, vətənpərvər ruhlu nəslin yetişməsinə şərait yaradır.

Ölkədə idmanın yüksələn xətlə inkişafını statistik rəqəmlər də sübut edir. Beynəxalq turnirlərdə əldə edilən göstəricilər ildən-ilə yaxşılaşır, qazanılan medalların sayı artır. Bu baxımdan ən böyük idman tədbiri olan Olimpiya oyunlarında əldə olunmuş uğurlar diqqəti cəlb edir. Azərbaycan müstəqil dövlət kimi Olimpiya oyunlarında ilk dəfə 1996-cı ildə iştirak etmişdir. O vaxt ABŞ-ın Atlanta şəhərində keçirilmiş Olimpiadada cəmi bir medal qazanmışdıq. Sonrakı Olimpiya oyunlarında isə ölkə rekordları bir-birini əvəz etdi: olimpiyaçılarımız Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazandılar.

Təbii ki, idmançılarımızın Sinqapurda əldə etdikləri tarixi nailiyyət onları arxayınlaşdırmır. Qələbələr seriyasını davam etdirmək lazımdır. Qarşıdan növbəti Olimpiada gəlir. İki ildən sonra Londonda XXX Yay Olimpiya Oyunları keçiriləcək. Bu mötəbər turnirdə yüksək səviyyədə çıxış etmək üçün Azərbaycan idmançılarının hər cür imkanı var. Gənclərimiz Sinqapur uğurunu Londonda davam etdirmək əzmindədirlər.

 

 

A.MEHDİYEV

 

Azərbaycan.- 2010.-1 sentyabr.- S. 2.