Fələstin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı Azərbaycanın mövqeyini
dəstəkləyir
Sentyabrın 1-də Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Fələstinin ölkəmizdə yeni təyin edilmiş səfiri Nasir Abdulkərim ilə görüşmüşdür.
Azərbaycanın İordaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə N.Abdulkərim Fələstinin Bakıda açılacaq səfirliyi üçün təmənnasız bina və nəqliyyat ayırdığına görə öz xalqı adından Azərbaycan dövlətinə təşəkkürünü bildirmiş, bunu xalqlarımız arasında münasibətlərin inkişafına verilən töhfə kimi qiymətləndirmişdir.
Fələstinin Bakıda açılacaq səfirliyinə və onun Azərbaycanda ilk səfiri N.Abdulkərimə fəaliyyətində uğurlar arzulayan E.Araslı ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində Fələstinin mövqeyini, müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bildirmişdir.
Azərbaycanın Fələstin xalqına göstərdiyi diqqəti və dəstəyi yüksək qiymətləndirən N.Abdulkərim ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, BMT-nin Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini vurğulamışdır.
Bundan əlavə, görüşdə Yaxın Şərq regionundakı vəziyyət, İsrail-Fələstin birbaşa sülh danışıqlarının bərpası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan.- 2010.- 2 sentyabr.- S. 1.