Zamanın tələblərinə
cavab verən inkişaf
İnformasiya-kommunikasiya texnologiyalarının ölkəmizdə
geniş tətbiqi Azərbaycanın daha sürətli tərəqqisini təmin edir
Müasir dünyada dövlətin sürətli inkişafını şərtləndirən əsas amillərdən biri texnoloji nailiyyətlərin tətbiqi, elmtutumlu sahələrin tərəqqisinə prioritet istiqamət kimi yanaşılmasıdır. Çünki dövrün tələblərinə cavab verən texnologiyadan istifadə olunmadan, informasiyalı cəmiyyət yaradılmadan iqtisadi həyatdan tutmuş modernləşmə siyasətinə kimi kifayət qədər geniş bir miqyasda mühüm uğurlara imza atılması mümkünsüzdür.
Danılmaz həqiqətdir ki, getdikcə bəşəriyyətin həyatına daha çox daxil olan informasiya-kommunikasiya texnologiyaları (İKT) idarəçilikdə, iqtisadiyyatda, biznesdə, təhsildə, incəsənətdə, elmdə, sosial sferada sürətli inkişaf üçün əhəmiyyətli rol oynayır. İKT ölkələrin mövcud potensiallardan daha səmərəli faydalana bilməsinin əsas vasitələrindən birinə çevrilib.
Sosial-iqtisadi inkişafın özünəməxsus modelini yaradan Azərbaycanda həyata keçirilən dövlət siyasəti İKT-nin ölkəmizdə prioritet istiqamətə çevrilməsinə münbit zəmin yaradıb. Bu, bir çox sahələrdə, xüsusən də elmdə, iqtisadiyyatda, təhsil və biznesdə keyfiyyət amilinin ön plana çıxmasını, səmərəli idarəetməni, qeydiyyat prosedurlarının asanlaşdırılmasını təmin edən əsas faktorlardan biridir. Ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafının prioritet istiqamətə çevrilməsi isə bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 2003-cü il fevralın 17-də müvafiq sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu sahədə yeni bir mərhələnin əsasını qoydu. Sözügedən strategiya təsdiqləndiyi dövrdən etibarən növbəti 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirdi. Digər tərəfdən bu istiqamətdə atılan addımlar ölkədə informasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin səmərəliliyinin artırılmasının, əhalinin bu orqanlarla ünsiyyətinin asanlaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının, ölkədə yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını qoydu.
Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən etibarən İKT nailiyyətlərinin ölkəmizdə geniş tətbiqi və bu sahənin daha sürətli tərəqqisi naminə məqsədyönlü işlər görür. Xüsusən də "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müasir tələblərə uyğun olaraq inkişafını təmin etmək məqsədilə Dövlət Proqramı"nın hazırlanması barədə Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq müasir texnologiyaların ardıcıl inkişaf etdirilməsinin dövlət siyasətinin əsas istiqamətləri sırasında olduğunu göstərən mühüm məqamlardan idi.
Bundan sonra dövlət başçısının 2004-cü il 21 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" göstərilən illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində, gənclərin inkişafında və ümumiyyətlə, Azərbaycanın tərəqqisində müasir texnologiyaların rolunu bir daha təsdiqlədi. Hazırlanmış bu dövlət proqramında Azərbaycanın mövcud potensialından səmərəli istifadə edilməsi və onun inkişaf etdirilməsi, rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması, bu sahəyə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın genişləndirilməsi, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsi, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi və nəticədə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsinə yönəlmiş müxtəlif tədbirlər nəzərdə tutulurdu. "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haqqında", "Poçt rabitəsi haqqında" və bu kimi digər mühüm qanunlar İKT sektorunda normativ-hüquqi bazanın yaradılmasında vacib rol oynadı. "Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı"nun qəbulu, eləcə də qeyd edilən normativ aktlar və sənədlər rabitə və informasiya texnologiyaları sahəsi üzrə qanunvericilik bazasını təkmilləşdirdi və bu sahənin inkişafı üçün yeni imkanların yaradılmasını, İKT-dən hərtərəfli istifadənin səmərəliliyinin artırılmasını təmin etdi.
İKT-nin inkişafı istiqamətində atılan ən mühüm addımlardan biri də Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" adlı sənəddən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nı (Elektron Azərbaycan)" təsdiq etməsi oldu. Bu proqram elektron hökumətin yaradılması istiqamətində mühüm əhəmiyyət daşıdı. Eyni zamanda, burada nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri tamamilə əhatə etdi. Nəticədə ölkəmizdə rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, bu sahəyə investisiyaların cəlb olunması və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atıldı. Sözügedən sahənin normativ hüquqi bazası inkişaf etdirildi, telekommunikasiya infrastrukturu müasirləşdirildi, ən yeni texnologiyaların tətbiqi genişləndirildi, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldildi. Bununla yanaşı, sözügedən proqrama uyğun olaraq dövlət orqanlarının vətəndaşlara və təşkilatlara təqdim etdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və onların təqdim olunma müddətlərinin azaldılması, dövlət orqanlarının işinin səmərəliliyinin artırılması məqsədilə müxtəlif məzmunlu layihələr həyata keçirildi. Əhalinin dövlət reyestrinin formalaşdırılması, vergi ödəyicilərinə elektron xidmətlərin göstərilməsi, sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün "Vahid pəncərə", elektron sağlamlıq kartı xidməti, gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemlərinin tətbiqi, daşınmaz əmlakın milli kadastrı və qeydiyyatının şəbəkə informasiya, təhsilin idarəolunmasının məlumat sisteminin yaradılması, eləcə də elektron satınalmalar, internet vasitəsilə ali məktəblərə tələbə qəbulu üzrə xidmət sistemlərinin yaradılması proqramın uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.
Xatırlatmaq yerinə düşərdi ki, 2007-ci ildən etibarən ölkəmizdə İKT-nin daha geniş miqyasda tətbiqi prioritet məsələ kimi ən yüksək səviyyədə önə çəkildi. Həmin il fevralın 13-də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" üçilliyi münasibətilə keçirilmiş konfransda Prezident İlham Əliyev bildirmişdir: "Mən informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm. Mənim informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlərim də məhz bundan qaynaqlanır ki, onlar Azərbaycana gəlsinlər. Azərbaycana yeni investisiyalar gəlsin, biz özümüz dövlət tərəfindən, Dövlət İnvestisiya Şirkəti tərəfindən bu investisiyaları qoyaq. Texnoparklar yaradaq, Azərbaycanda çox güclü informasiya-kommunikasiya mərkəzi yaradaq. Bu, gələcəkdir, gələcəyin inkişafıdır".
Görülən işlər sayəsində İKT sektoru daha sürətlə inkişaf etməyə və bu sahədə əldə edilən gəlirlər əhəmiyyətli dərəcədə artmağa başladı, burada özəl sektorun inkişafına daha geniş imkanlar yaradıldı. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, İKT sektoru üzrə əldə olunmuş gəlirlərdə özəl sektorun payı 2003-cü ildəki 66 faizdən 2008-ci ildə 80,3 faizə çatdı. Ümumdünya Davos Forumunun 2009-cu il İnformasiya Texnologiyaları üzrə Qlobal Hesabatında isə Azərbaycan elektron hazırlıq və istifadə səviyyəsinə görə 127 ölkə sırasında 60-cı yeri tutaraq, MDB ölkələri arasında liderlik mövqeyini qoruyub saxladı.
Qeyd olunanlar Azərbaycanın İKT-nin inkişafına dövlət səviyyəsində geniş diqqət ayırdığını və bu sahədə artıq ciddi uğurlara imza atdığını təsdiqləyir. Prezident İlham Əliyevin İKT sahəsinə göstərdiyi diqqət və qayğı bundan sonra da Azərbaycanın yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir. Belə uğurların əldə olunması, cəmiyyətdə İKT-dən istifadə səviyyəsinin yüksəldilməsi, informasiya sistemlərinin inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin qarşısında artıq konkret bir məqsəd kimi qoyulub. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında 11 avqust 2010-cu il tarixli sərəncamı da bunun yeni bariz təsdiqidir. Dövlət proqramının məqsədi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" hazırkı mərhələsindən irəli gələn vəzifələrin icrasını təmin etməkdir. Bu baxımdan yeni proqram Strategiyanın ilkin dövründə reallaşdırılmış "Elektron Azərbaycan" Dövlət Proqramının icrası nəticəsində əldə olunan nailiyyətlərin davam etdirilməsi üçün ardıcıl və sistemli fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur. Dövlət proqramında qarşıya qoyulmuş prioritet vəzifələr ölkədə informasiya cəmiyyətinə keçidin təmin edilməsi, informasiya və kommunikasiya texnologiyalarının inkişafı və geniş tətbiqi ilə informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsidir. Bu məqsədlərə nail olmaq üçün dövlət proqramına uyğun olaraq, telekommunikasiya və poçt infrastrukturunun yeni texnologiyalar əsasında müasirləşdirilməsi, respublikanın bütün ərazisi üzrə əhalinin və təşkilatların İKT xidmətlərinə çıxışının təmin olunması, radio-televiziya, o cümlədən rəqəmli televiziya yayımının genişləndirilməsi, internetin milli seqmentinin infrastrukturunun inkişaf etdirilməsi, ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, dövlət orqanlarının informasiya sistemləri və resurslarının inkişaf etdirilməsi, elektron hökumət həllərinin, o cümlədən elektron imza və elektron sənəd dövriyyəsinin geniş tətbiqi ilə "bir pəncərə" prinsipi əsasında elektron xidmətlərin təşkili istiqamətində fəaliyyət həyata keçiriləcək. Bununla yanaşı, dövlət proqramında əhalinin bütün kateqoriyaları, eləcə də məhdud imkanlı qruplar üçün İKT-dən, o cümlədən internetdən istifadənin genişləndirilməsi, İKT sahəsində müasir ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsi, habelə ölkədə elektron ticarətin inkişaf etdirilməsi, rəqabət qabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub. Yeni dövlət proqramı sahələrarası xarakter daşıyır və bu səbəbdən geniş sahələri əhatə edən ölkə əhəmiyyətli İKT layihələrini özündə cəmləşdirir. Dövlət proqramının icrası istiqamətində görülən işlərin əlaqələndirilməsi və ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə iş planlarının hazırlanması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aidiyyəti qurumların səlahiyyətli nümayəndələrindən ibarət İdarələrarası Əlaqələndirmə Şurasının yaradılması nəzərdə tutulur.
Bütün bunların nəticəsində Azərbaycanda informasiya cəmiyyətinin formalaşması, İKT-dən istifadə miqyasının genişləndirilməsi, beynəlxalq İKT bazarına inteqrasiyanın daha sürətli xarakter daşıması, sözügedən sahə üzrə insan kapitalının inkişaf etdirilməsi və digər belə sferalar üzrə əldə edilən nailiyyətlərin miqyasının daha da genişlənməsi kimi yeni uğurlara imza atılacaq. Bu da öz növbəsində Azərbaycanın bir dövlət, cəmiyyət olaraq daha sürətli inkişafını təmin edəcək.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.-2
sentyabr.- S. 1, 2.