Yeni Azərbaycan Partiyasının ilk dəfə səs verəcək gənc üzvləri ilə görüş keçirilmişdir

 

Sentyabrın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının qərargahında YAP rəhbərliyinin parlament seçkilərində ilk dəfə səs verəcək partiya üzvləri ilə görüşü keçirilmişdir.

Görüşdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş NovruzovMübariz Qurbanlı, partiyanın idarə heyətinin üzvü Kərim Kərimov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP siyasi şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və paytaxtın 11 rayonunu təmsil edən gənclər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın sıralarına yeni qoşulmuş gəncləri salamlamış, onlara partiya ilə əlaqələrini genişləndirməyi, gənclər arasında aparılan fikir mübadilələrində, diskussiyalarda fəal olmağı tövsiyə etmişdir. YAP-ın 520 mindən çox üzvü olduğunu deyən Ə.Əhmədov bildirmişdir ki, Azərbaycan tarixində indiyə qədər bu qədər üzvü olan partiya olmamışdır. Hazırda YAP üzvlərinin 40 faizini gənclər təşkil edironlar həm partiyanın, həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Buna görə də YAP-ı həm də gənclərin partiyası adlandırmaq olar. Partiyanın gənclərə olan qayğısından danışan Ə.Əhmədov demişdir ki, YAP bundan sonra da gənclərə hərtərəfli şərait yaradacaqdır.

Ötən il ölkəmizdə keçirilmiş bələdiyyə seçkilərində gənclərin fəallığına toxunan icra katibi bildirmişdir ki, 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində uğur qazanan gənclərin sayı 2-2,5 faiz idisə, 2009-cu ildə bu göstərici 27 faizə bərabər olmuşdur.

Azərbaycanda həyata keçirilən böyük quruculuq işlərində gəncləri fəal iştiraka çağıran Ə.Əhmədov vurğulamışdır ki, ölkəmizin çiçəklənməsi, qüdrətlənməsi gələcəyimiz olan yeni nəsil üçündür.

Noyabrda keçiriləcək parlament seçkilərində ilk dəfə iştirak edən gənclərə tövsiyələrini verən sədr müavini xatırlatmışdır ki, YAP indiyə qədər ölkədə keçirilmiş bütün seçkilərdə qalib gəlmişdir. Bunun da əsas səbəbi ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətinin insanlar tərəfindən dəyərləndirilməsi və bu siyasətə olan inamdır. Biz inanırıq ki, bu seçkidə də Azərbaycan vətəndaşı YAP-ı dəstəkləyəcəkdir.

Tədbirdə çıxış edən gənclər ölkəmizdə onlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirmiş, qarşıda gələn parlament seçkilərində həm seçici, həm də YAP-ın təşviqatçısı kimi fəal iştirak edəcəklərini bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 sentyabr.- S. 2.