Vergilər Nazirliyində Avstriya nümayəndə heyəti ilə görüş

 

Sentyabrın 1-də Azərbaycan Respublikasının vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Federal Maliyyə Nazirliyinin gömrük məsələləri üzrə dövlət katibi Raynhold Lopatkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

F.Məmmədov nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Avstriya ilə əlaqələrinin ildən-ilə möhkəmləndiyini qeyd edən nazir son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Azərbaycanın Avropa İttifaqına inteqrasiya istiqamətində Avropa dövlətləri ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır. Vergilər naziri dövlətlərimiz arasında mühüm sazişlərin, o cümlədən investisiyaların təşviqi, gəlirlərə və əmlaka görə ikiqat vergitutmanın aradan qaldırılması, digər sahələr üzrə çox vacib sənədlərin imzalandığını və təsdiq olunduğunu xatırlatmışdır. Bildirmişdir ki, ölkələrimizin vergi administrasiyaları Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) çərçivəsində də sıx əməkdaşlıq edirlər.

Raynhold Lopatka ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş və Azərbaycan hökumətinin qısa müddətdə əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu söyləmişdir. Bildirmişdir ki, Avropa İttifaqına daxil olan bir çox ölkələr, o cümlədən Avstriya maliyyə böhranından böyük ziyan çəksə də, Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində o, bu böhranın fəsadlarına daha az məruz qalmışdır. Dövlət katibi bir çox Avropa ölkələrinin Azərbaycanın bu təcrübəsindən bəhrələnməsinin vacibliyini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 sentyabr.- S. 3.