Tbilisidə "Azərbaycan Respublikası və Gürcüstan arasında nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması üzrə qarşılıqlı anlaşma haqqında" Memoranduma əsasən yaradılmış Şuranın iclası keçirilmişdir

 

Avqustun 31-də Gürcüstanın paytaxtı Tbilisidə "Azərbaycan Respublikası ilə Gürcüstan arasında nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması üzrə qarşılıqlı anlaşma haqqında" Memoranduma əsasən yaradılmış Şuranın iclası keçirilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, iclasda Gürcüstan tərəfindən Baş nazir N.Gilauri, energetika naziri A.Xetaquri, Gürcüstan Dəmir Yolunun rəisi İ.Ezuqbaia, Azərbaycan tərəfindən nəqliyyat naziri Z.Məmmədov, ARDNŞ-nin prezidenti R.Abdullayev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri A.Əsgərov, "Azəryolservis" MMC-nin sədri C.Qurbanov, ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisi V.Əliyev iştirak etmişlər. İclasda, həmçinin Qazaxıstanın energetika nazirinin müavini, "Kaztransoil" şirkətinin və Batumi Neft Terminalının rəhbərlərindən ibarət qazax nümayəndə heyəti də iştirak etmişdir. İclasda iki ölkə arasında tranzit dəhlizinin səmərəliliyinin artırılması və əlaqələndirilməsinin təmin edilməsinin əhəmiyyəti vurğulanmış, Xəzər və Qara dəniz sahillərindəki terminalların, Azərbaycan və Gürcüstan dəmir yollarının işinin effektivliyinin artırılması məsələləri müzakirə edilmiş, yükgöndərənlərlə, o cümlədən qazax şirkətləri ilə mövcud yükdaşıma müqavilələrinin icrası, onların yükgöndərən və tranzit ölkələrinin mənafelərinə uyğunluğu, nəqliyyat infrastrukturunun mövcudperspektiv vəzifələri, nəql məsələlərinə olan baxış və münasibətlər, yeni nəql müqavilələrinə qazax tərəfinin baza baxışları və s. məsələlər müzakirə olunmuşdur.

Azərbaycan tərəfi tranzit daşımalarının uzunmüddətli müqavilələr çərçivəsində zəmanətli həyata keçirilməsinin əhəmiyyətini vurğulamış, bu halda nəql infrastrukturunun inkişafı, onlara sərmayə qoyuluşunun artacağını qeyd etmişdir.

Şuranın iclasında nəql məsələlərinə aid vacib qərarlar qəbul edilmiş və mütəmadi görüşlərin keçirilməsi qərara alınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 sentyabr.- S. 3.