Beynəlxalq əlaqələr
genişlənir
Azərbaycan Tibb Universitetində üç dildə (Azərbaycan, rus və ingilis dillərində) dərslər keçirilir. Ali məktəbdə 26 əməkdar elm xadimi, 30 əməkdar həkim, 18 əməkdar müəllim, 2 əməkdar bədən tərbiyəsi və idman xadimi, 4 nəfər fəxri bədən tərbiyəsi və idman işçisi, 134 professor, 373 dosent, 3 nəfər AMEA-nın həqiqi üzvü, 4 nəfər müxbir üzvü, 5 nəfər RTEA-nın xarici üzvü, 1 nəfər RTEA-nın müxbir üzvü, 158 elmlər doktoru, 810 elmlər namizədi fəaliyyət göstərir.
Universitet beynəlxalq əməkdaşlıq əlaqələrini hələ keçən əsrin 60-cı illərindən genişləndirməyə başlamışdır. O zaman burada Orta Asiya respublikalarından, Yaxın Şərq və Afrika ölkələrindən gəlmiş gənclər təhsil alırdılar.
Respublikamız müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, tibb təhsili və tibb kadrlarının hazırlanmasında da müstəqil siyasətin aparılması ATU-nun kollektivi qarşısında geniş imkanlar açdı.
Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının tikintisi geniş vüsət aldı, onların maddi-texniki təchizatı dövrün tələblərinə uyğunlaşdırıldı, kadr hazırlığı istiqamətində məqsədyönlü və uzaqgörən tədbirlər həyata keçirildi, azərbaycanlı mütəxəssislərin beynəlxalq aləmdə öz sözünü deməsi, mənsub olduğu xalqı dünyada tanıtması üçün yeni imkanlar yaradıldı. Bu prioritet istiqamət müstəqillik dövründə də ulu öndərin diqqət mərkəzində olmuşdur və hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hakimiyyətdə olduğu bütün dövrlərdə təhsilin inkişafına önəm verən ümummilli lider öz prinsiplərinə hər zaman sadiq qalmışdır. "Təhsil millətin gələcəyidir" deməklə ulu öndər bu sahəyə nə qədər əhəmiyyət verdiyini nümayiş etdirmişdir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasi kursa sadiq olan Prezident İlham Əliyev "Azərbaycanın gələcək inkişafı təhsillə bağlıdır" deyərək təhsilin ən prioritet sahə olduğunu bir daha təsdiqləmişdir.
Azərbaycanın səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi ölkə Prezidentinin daim diqqət mərkəzindədir. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması, tibb işçilərinin, xüsusən, ali təhsil müəssisələrində çalışan işçilərini sosial müdafiəsinin gücləndirilməsi tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına geniş imkanlar açır. Hazırda respublikamızda analoqu olmayan universitet klinikaları - stomatoloji və onkoloji klinikalar istifadəyə verilmişdir.
Prezident İlham Əliyev 11 sentyabr 2007-ci ildə "Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının yaradılması haqqında" sərəncam imzalamışdı. Azərbaycan Tibb Universitetinin yaranmasının 80 illik yubileyi ərəfəsində klinika tikilərək başa çatdırılmış, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və açılışını gözləməkdədir. Bunun ardınca ölkə Prezidenti ATU-nun cərrahiyyə klinikasının inşası barədə sərəncam imzalamışdı.
Hazırda universitet öz fəaliyyətində keyfiyyətcə daha məhsuldar mərhələyə qədəm qoymuşdur. Dünyanın aparıcı elm ocaqları ilə əməkdaşlıq və təcrübə mübadiləsi durmadan genişlənir. Azərbaycan Tibb Universiteti ilə dünyanın 30-dan artıq ölkə universitetləri arasında müxtəlif formada əlaqələr yaranmış və müqavilələr imzalanmışdır. Beynəlxalq əlaqələr çərçivəsində xarici ölkələrin təhsil nazirlikləri, universitetləri və digər dövlət qurumları ilə ikitərəfli əlaqələrin yaradılması və müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın təşkili, respublikada təmsil olunan xarici ölkə səfirlikləri ilə münasibətlərin qurulması, Azərbaycan Tibb Universitetinin diplomunun xarici ölkələrdə tanınması məqsədilə müntəzəm olaraq işlərin aparılması genişləndirilir. Müxtəlif mövzularda qarşılıqlı görüş, konfrans və simpoziumların keçirilməsi, universitetin professor-müəllimlərinin xarici ölkələrin elm və təhsil ocaqlarında, səhiyyə müəssisələrində fəaliyyət göstərmələri üçün mütəxəssis mübadiləsi barədə müqavilələrin bağlanması xüsusi əhəmiyyət kəsb edir. ATU tələbələrinin yay ixtisas (istehsalat) təcrübələrinin xarici ölkə universitetlərinin klinikalarında keçirilməsi, xarici ölkə universitetləri ilə tələbə və aspirantların elmi işlərinin kompleks şəkildə aparılması, orada çalışan əməkdaşlarımız və təhsil alan tələbələrimizlə daimi əlaqələrin yaradılması, beynəlxalq təhsil proqramlarında iştirak etmək məqsədilə təklif olunan layihələr üzrə mövzulara uyğun tərəf müqabilin axtarılıb tapılması, müqavilələrin bağlanması və s. məsələlər beynəlxalq əlaqələrin səmərəli nəticəsidir.
ATU-nun 1996-cı ildə Qafqazda birinci olaraq təhsil sahəsində qazandığı müvəffəqiyyətlərə, yerinə yetirdiyi elmi-tədqiqat işlərinin dəyərinə görə Londonda çıxan Beynəlxalq Reyestrə daxil olmasında, 1999-cu ildə Qara dəniz ölkələri Assosiasiyasına, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasına, 2002-ci ildə isə Avropa Universitetləri Assosiasiyasına tamhüquqlu üzv seçilməsində şübhəsiz ki, təhsil ocağının rektoru akademik Əhliman Əmiraslanovun dünya tibb elmindəki nüfuzunun həlledici rolu olmuşdur.
Universitet beynəlxalq əlaqələr çərçivəsində bir çox dövlətlərin (İran, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, ABŞ, Fransa, Almaniya, İtaliya, Rumniya, Bolqarıstan, Hindistan, Pakistan, Yaxın Şərq ölkələrinin) Azərbaycandakı səfirlikləri və beynəlxalq təşkilatlarla əlaqələr yaratmışdır. Həmin ölkələrin səfirləri və nümayəndələri universitetimizə tez-tez dəvət olunur, diplomların qarşılıqlı tanınması, tələbə-müəllim heyəti arasında əməkdaşlıq, tələbələrin yay istehsalat təcrübəsinin xarici ölkə universitetlərinin klinikalarında keçirilməsinin təşkili, birgə beynəlxalq proqramların hazırlanması, elmi əməkdaşlıq və bu kimi vacib məsələlər müzakirə edilir.
Universitetimizin diplomlarının xarici ölkələrdə tanınması üçün indiyədək xeyli işlər görülmüşdür. İran İslam Respublikasının Bakıdakı səfirliyi ilə müntəzəm əlaqələr qurulmuş və səfirliyin dəstəyi ilə İranın təhsil və səhiyyə orqanlarının nümayəndələri təhsil ocağımıza gəlmişlər. ATU-nu ziyarət edən səfir və nümayəndə heyəti burada tələbələr üçün yaradılan şərait və aparılan dərslərin yüksək keyfiyyətinin şahidi olduqdan sonra diplomların İran İslam Respublikasında tanınmasının zəruriliyinə əminliklərini bildirmişlər. Beləliklə, 2005-ci ildən başlayaraq Azərbaycan Tibb Universitetinin diplomlarının tanınması İran İslam Respublikasında rəsmi olaraq qəbul edilmişdir.
İordaniyanın Moskvadakı nümayəndəliyi vasitəsi ilə bu ölkənin Təhsil Nazirliyi ilə əlaqələr yaradılmış, bir neçə il ərzində aparılan uğurlu işlər müsbət nəticələr vermişdir. 2006-cı ildən başlayaraq universitetimizin diplomları bu ölkədə tanınmaqdadır. Hazırda İordaniyanın Bakıda səfirliyi fəaliyyət göstərir və biz onlarla sıx əməkdaşlıq edirik.
Artıq bir neçə ildir ki, Alman Akademik Mübadilə Mərkəzi (DAAD) beynəlxalq təşkilatı ilə universitet arasında əlaqələr qurulmuşdur. Alman səfirliyinin və bu təşkilatın köməyi ilə alman dilini bilən tələbələrimiz müsabiqə yolu ilə təqaüd qazanaraq bu ölkənin universitetlərində təhsil alırlar. Hazırda Almaniyanın Malburq şəhərindəki Malburq Universitetinin və Zigen şəhərindəki Saint Marien Universitetinin klinikaları ilə əlaqələr qurmaq məsələləri müzakirə olunur. Bu il Almaniyanın DAAD proqramı çərçivəsində Onkologiya kafedrasının 10 gənc mütəxəssisi həmin ölkənin Borstel Tibb Məktəbində diaqnostikanın yeni metodları üzrə 2 həftəlik intensiv kurslar keçmişlər. 2010-cu ilin sentyabr-oktyabr aylarında burada gənc mütəxəssislərimiz üçün "İnfeksion xəstəliklərin müasir diaqnostikası və müalicəsi" mövzusunda kursların keçirilməsi üçün hazırlıq işləri aparılır.
Almaniyanın Berlin, Şarite, Freyburq və digər universitetləri ilə əlaqələrimiz genişlənməkdədir. Həmin universitetlərdə mütəxəssislər (Berlin ürək-damar xəstəlikləri institutunun direktoru kardioloq professor Eskar, Flerk, Almaniyanın Damar Tibbi Cəmiyyətinin prezidenti professor Karl Lüdviq, Şarite Universiteti Franziskus Krankenthaus Klinikasının direktoru professor M.Manfred, Berlin Universitetinin rektoru professor Uli Rotfuss, psixoanalitik professor Dieter Schlich, Herman-Hesse Kollecinin direktoru professor Gunter Ost, Vivantes Humbolt Klinikasının direktoru professor Andreas Ebert) tez-tez Bakıya gələrək azərbaycanlı həmkarları ilə görüşür, kafedralarda müxtəlif ixtisaslar üzrə mühazirələr oxuyurlar.
2006-cı ilin oktyabr ayında isə ilk Bakı-Berlin məktəbi açılmışdır. Əlaqələrin qurulmasında və yüksək səviyyədə davam etdirilməsində xidmətlərinə görə Vivantes Humbolt Klinikasının direktoru professor Andreas Ebert universitetimizin fəxri doktoru seçilmişdir.
ATU təmsilçiləri ABŞ, Kanada və Avropa ölkələrinin Cənubi Qafqaz üzrə keçirilən bütün beynəlxalq tədbir və proqramlarında fəal iştirak edirlər. 2010-cu ildə əməkdaşlarımız "Cənubi Qafqazda Sağlamlıq siyasəti" mövzusunda və Tbilisidə "Cənubi Qafqaz regionunda səhiyyənin inkişaf perspektivləri" adlı 6-cı beynəlxalq konfransda iştirak etmişlər.
2001-2005-ci illərdə Kanada Ümumdünya Səhiyyə Cəmiyyəti ilə ATU arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Bu illər ərzində həmin təşkilat tərəfindən universitetdə müxtəlif tədbirlər təşkil edilmişdir. Kanada Universitetinin professorları ilə birlikdə təhsil ocağının Tibbi-İnformatika Mərkəzində "Sübuta yetirilən təbabət" mövzusunda seminar keçirilmişdir. "Sübuta yetirilən təbabət" dərsliyi bizim universitetin mütəxəssisləri tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur.
ABŞ-ın Beynəlxalq Tibb korpusu və ENOTHE təşkilatı ilə də əməkdaşlığımız davam edir. Bu təşkilatın dəstəyi ilə ABŞ-ın Şərqi Karolina, Atlanta, Vaşinqton, Filadelfiya universitetləri ilə əlaqələr qurulmuş və həmin ölkələrdən gələn mütəxəssislər universitetin terapevtik, pediatriya, oftalmologiya, travmatologiya, stomatologiya kafedralarında "Tibdə müasir kompüter texnikası və elektronika üsullarının tətbiqi", "Travmaların müasir müalicə üsulları", "Metabolik sindrom", "Müasir stomatologiyanın problemləri", "Qlaukoma müalicəsinin müasir üsulları", "Kataraktanın cərrahiyyəsi" və digər müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.
2005-ci ildən ATU aktiv terapiya ilə məşğul olan ENOTHE təşkilatının tamhüquqlu üzvüdür və hazırda bu təşkilat ilə əlaqələr Tempus, Erasmus - Mundus və müxtəlif beynəlxalq proqramlar çərçivəsində davam edir. Proqram çərçivəsində ATU-nun pediatriya fakültəsinin bir qrup mütəxəssisinin ABŞ-ın C.Vaşinqton Universitetində əlil uşaqlara qulluğun müasir səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq keçmələri məsələsi müzakirə olunmuşdur. Erasmos Mundus proqramı çərçivəsində bu mövzuda Cənubi Qafqaz, Avropa, Yaponiya və ABŞ universitetləri ilə bərabər, bizim universitetin də iştirakı ilə birgə layihə tərtib edilmişdir.
2005-ci ildə C.Vaşinqton Universitetinin R.Reyqan Təcili Yardım İnstitutu klinikasının baş həkimi professor Xristofer Mills və professor John Dudte təhsil ocağımızda olmuşlar və iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Universitetimizin əməkdaşları Vaşinqtona səfər etmiş və klinikanın işi ilə yaxından tanış olmuşlar. Xarici tələbələr üzrə dekan G.Seyidova professor Yolanda Hayvud və "Beynəlxalq Tibb Proqramları" mərkəzinin direktoru Canan Harkislə görüşmüş və müştərək proqramlar müzakirə etmişlər.
Türkiyə İşbirliyi və Kalkınma İdarəsi Bakı Proqram Koordinatorluğunun (TİKA) dəstəyi ilə Azərbaycan Tibb Universiteti ilə birlikdə Azərbaycan və Türkiyə universitetləri arasında elmi və akademik əlaqələrin müasir səviyyədə qurulması üzrə layihə həyata keçirmişdir. Tibb təhsili sahəsində Türkiyə universitetləri ilə Azərbaycan Tibb Universiteti arasında Bilgi Mübadiləsi və Dərs Proqramlarının Uyğunlaşdırılması mövzusu arasında planlaşdırılmış proqram işlənib hazırlanmışdır.
Türkiyə Cümhuriyyətinin İstanbulda fəaliyyət göstərən Con - Hopkins Klinikası ilə əlaqə yaradılmışdır. Klinikanın aparıcı mütəxəssislərindən kardiocərrah Əhməd Tufan və neyrocərrah M.Hikmətoğlu kafedralarımızda dəfələrlə olmuş və maraqlı elmi mühazirələr oxumuşlar.
Qardaş Türkiyə Cümhuriyyəti ilə təhsil sahəsində davam edən əməkdaşlıq gün-gündən genişlənməkdədir. Azərbaycanlı tələbələrin Türkiyədə təhsil alması üçün İstanbul Universiteti ilə 2003-cü ildən imzalanmış ikitərəfli müqavilə üzrə işlər müvəffəqiyyətlə davam edir. 2006 və 2009-cu illərdə İstanbul Universitetinin rektoru böyük nümayəndə heyəti ilə ATU-ya gəlmiş və tələbə-müəllim mübadiləsi, elmi əməkdaşlıq, birgə konfrans və tədbirlərin keçirilməsi və digər sahələr üzrə əlaqələrin daha sıx və geniş şəkildə qurulması üçün yeni müqavilələr imzalanmışdır. Hazırda Azərbaycan Tibb Universitetində 191 türkiyəli tələbə təhsil alır. Bundan başqa, ali məktəbdə Yüksək Öyrətim Kurumu (YÖK) tərəfindən göndərilən 30-dan artıq tələbə də oxuyur.
Qazantəpə Universitetinin rektoru, professor Erkan Ekinçi, İstanbul Universitetinin rektoru, professor Yunus Söylət, Ankara Universitetinin rektoru, professor Nüsrət Aras, Qazi Universitetinin rektoru, professor Riza Ayhan böyük nümayəndə heyəti ilə universitetimizi ziyarət etmişlər.
Beynəlxalq əlaqələr şöbəsinin müsbət fəaliyyəti nəticəsində indiyə qədər Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Fransa, Polşa, Almaniya, ABŞ, Yaponiya, Hindistan, Pakistan, ərəb dövlətləri (Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Liviya) universitetləri ilə əməkdaşlığımız gündən-günə genişlənir.
Misirin Azərbaycanda fəaliyyət göstərən mədəniyyət mərkəzi ilə əlaqələr də yüksək səviyyədə qurulmuşdur. Universitetimizin oftalmologiya kafedrasının əməkdaşları 2004-cü ildə Misirin Mansoura Universitetinin Oftalmoloji Mərkəzində "Qlaukoma", "Vitrijo-retinal" və həmin universitetin uroloji mərkəzində "Sidik kisəsinin xərçəngi" mövzusunda keçirilən konqreslərdə iştirak etmişlər.
Misirin Ain-Şəms, Qahirə, Aleksandriya, Mansoura və Menya universitetləri ilə tələbə-müəllim mübadiləsi və müştərək elmi tədqiqatların aparılması üzrə əməkdaşlıq müqavilələri imzalanmışdır. 2008-ci ildə bir qrup əməkdaşımız və tələbə Misir Ərəb Respublikasının Aleksandriya və Mansoura universitetlərində olmuşlar.
Bundan başqa, ATU-nun əməkdaşları Tehranda "İran Azad İqtisadi Zona" adlı və Urmiyada keçirilən uroloqların beynəlxalq konfranslarında elmi məqalələrlə çıxış etmişlər.
Azərbaycanda yeni fəaliyyətə başlayan İordaniya dövlətinin səfiri cənab Adel Adaileh Tibb Universitetində olmuş, bu ölkədə tibb təhsili verən universitetlərlə müştərək elmi araşdırmaların aparılması, tələbə-müəllim mübadiləsi, iordaniyalı tələbələrin təhsil alması və başqa sahələrdə əməkdaşlıq təklif etmişdir. Hazırda universitetimizdə bu ölkədən 12 tələbə təhsil alır.
Fransa səfirliyinin dəstəyilə Fransanın ən qədim və ən məşhur universitetlərinin tibb fakültələri ilə ATU arasında əməkdaşlıq protokolları imzalanmışdır. İndi universitetimizin 2 məzunu Fransanın Brest və Lion universitetlərində, 8 nəfər Bizanson Universitetində və 2 nəfər Nise-Sorhia Antipolis Universitetində müxtəlif pillələrdə təhsil alır.
Fransanın Monpelye Universiteti ilə yaxın əlaqələr yaradılmışdır. Bu universitetin
tibb fakültəsinin
professorları Şari
Janbon, Jan Meynadye və farmakologiya fakültəsinin professoru
Jan Kastel universitetin anatomiya, biokimya, mikrobiologiya kafedralarında
aparılan işlərlə
yaxından
Hazırda dünyanın 20 ölkəsindən
Azərbaycan Tibb Universitetində 1000 nəfərdən
artıq xarici vətəndaş təhsil
alır.
ABŞ səfirliyi vasitəsi ilə Tomas Cefferson və Oklahoma universitetləri
ilə də yaxın əlaqələr
yaradılmışdır. Səfirliyin Oklahoma Ştatı üzrə nümayəndəsi Kenneth Auversonun
dəstəyi ilə bu universitetlə tele-most vasitəsilə videokonfrans keçirilmiş
və hər iki universitetin mütəxəssisləri görüləcək
işlər haqqında
fikir mübadiləsi etmişlər. Hərbi tibb
fakültəsi üçün
Oklahoma milli qvardiyası
ilə əlaqələri
nəzərdə tutan
uzunmüddətli əməkdaşlıq
planı hazırlanmışdır.
Universitetimizin kardiologiya sahəsində çalışan 2 mütəxəssisi
İtaliyada keçirilən
beynəlxalq konfransda iştirak etmişdir.
2008-ci ildə ATU Avropa İttifaqının Tempus proqramının
"Azərbaycan universitetlərində
Beynəlxalq Əlaqələr
şəbəkəsinin qurulması"
layihəsinin qalibi olmuşdur. Proqram çərçivəsində
müasir standartlara cavab verən beynəlxalq əlaqələr
ofisi açılmış
və yeni avadanlıqlarla təchiz edilmişdir. Burada dünyanın
bütün ölkələri
ilə telemost video əlaqələri qurmaq üçün bütün
imkanlar mövcuddur.
2010-cu ildə əməkdaşlarımız
Fransanın Nise Sophia Antipolis Universitetində
Tempus proqramı üzrə
1-ci ilin yekun hesabatının konfransında
iştirak etmişlər. Universitetimizin
hər il
2-4 əməkdaşının Nise Universitetində immonologiya və mikrobiologiya kafedralarında
bir il müddətində
təcrübə keçmələri
razılaşdırılmışdır.
Rusiya Federasiyası universitetləri
ilə əməkdaşlıq
müvəffəqiyyətlə davam etdirilir. Rusiya Onkoloji Mərkəzi, Moskva Dövlət Stomatologiya İnstitutu, Moskva Dövlət Tibb Akademiyası və Stavropol Tibb Akademiyası ilə əlaqələrimiz daha da möhkəmləndirilmişdir.
Ukrayna universitetləri ilə də əməkdaşlığımız
genişlənir. Ukraynanın Boqomolets Universiteti ilə təhsil, elm və tələbə mübadiləsi sahəsində
müqavilələr imzalanmış
və bu il həyata
keçirilməsi nəzərdə
tutulur.
Tbilisi Dövlət Tibb Universiteti ilə ATU arasında əməkdaşlıq
sazişi mövcuddur. Bu saziş hər iki universitet rektorları tərəfindən
imzalanmış və
artıq həyata keçirilməyə başlanmışdır.
Bu ilin aprelində Kipr Türk Respublikası Yaxın Doğu Universitetinin qurucusu və rektoru, professor Dr. Suad Günsel ATU-ya gəlmişdir. Rektorla görüş zamanı
geniş əməkdaşlıq
məsələləri müzakirə
edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan səhiyyəsinə,
xüsusən, tibb elminin inkişafına göstərdiyi diqqət və qayğıya cavab olaraq professor-müəllim kollektivi
ATU-nun beynəlxalq aləmdə
nüfuzunu daha da yüksəltmək üçün əzmlə
çalışır.
Məmməd NƏSİROV,
Azərbaycan Tibb Universitetinin
prorektoru,
əməkdar elm xadimi, professor
Azərbaycan.- 2010.- 2 sentyabr.- S. 7.