Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri

 

Ali qonağın şərəfinə

 

Sentyabrın 2-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısını ölkəmizdə salamladı. Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini bildirən dövlətimizin başçısı İlham Əliyev dedi ki, hər səfər münasibətlərimizdə yeni səhifə açır. Ölkələrimiz qədim tarixə, xalqlarımız ortaq dəyərlərə malikdir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Rusiya siyasi, iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq qurubbu səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərimizin gələcək inkişafında mühüm rol oynayacaqdır. 2009-cu ildə dünya iqtisadi böhranının ağır nəticələrinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artdığını və mühüm nəticələrin əldə olunduğunu deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolundan danışdı. Dövlətimizin başçısı ölkələrimizin humanitar sahədə səmərəli əməkdaşlıq qurduğunu, bütün bunların isə münasibətlərimizdə vacib amillər olduğunu dedi.

Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycanı Rusiyanın strateji tərəfdaşı adlandırdı və bildirdi ki, səfər zamanı imzalanacaq sənədlər dostluq münasibətlərini daha da möhkəmləndirəcək, eyni zamanda, ikitərəfli normativ hüquqi bazanın güclənməsinə xidmət edəcəkdir. Ölkələrimizin iqtisadi sahədə güclü əməkdaşlıq qurduğunu deyən Dmitri Medvedev müasir dünyada təhlükəsizlik məsələsinin mühüm amil olduğunu vurğuladı və bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rolunu davam etdirəcəkdir. Dmitri Medvedev ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən diqqətdən məmnun olduğunu, eyni münasibətin Rusiyada yaşayan böyük Azərbaycan diasporuna da göstərildiyini vurğuladı. Rusiya dövlətinin başçısı dəvətə və yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkürlərini çatdırdı.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 sentyabr.- S. 1.