Türkiyənin xarici
işlər naziri Naxçıvanda
qısamüddətli səfərdə olmuşdur
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İğdır vilayətinə səfərini başa çatdırdıqdan sonra Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna gəlmişdir.
AzərTAc xəbər verir ki, türkiyəli naziri və onu müşayiət edən şəxsləri Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov və digər rəsmi şəxslər qarşılamışlar.
Türkiyə ilə Naxçıvan arasındakı gömrük-keçid məntəqəsinin əhəmiyyətindən danışan nazir keçid prosedurunun çox asan olduğunu bildirmişdir.
Əhməd Davudoğlu bəyan etmişdir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəkdir. Son vaxtlar yerli və xarici mətbuatda Türkiyə- Ermənistan sərhədinin açılacağı haqqında dərc olunan yazılara münasibət bildirən nazir qeyd etmişdir ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməyincə sərhədlərin açılmasından söhbət gedə bilməz.
Rayon ərazisini gəzdikdən sonra gömrük-kecid məntəqəsi ilə tanış olan nazir Türkiyəyə qayıtmışdır.
Azərbaycan.- 2010.- 3 sentyabr.- S. 4.