BEYLƏQANIN "danışan" abidələri

 

 Hərdən bu böyük şəhərin səs-küyündən, qayğılarından baş götürüb harasa getmək istəyəndə yada Beyləqan düşür. Bir az rahat, bir az narahat yolları, bir-birinə oxşayan kəndləri, şəhərləri adlayıb, bizi hər dəfə təəccübləndirən, bəzən qorxudan, bəzən sevindirən Kürdən, Arazdan keçib Beyləqanı, Haramını görmək istəyirsən.

Beyləqan qışda soyuq, yayda istidirsanki göydən od-alov yağdığı bir vaxtda sərin, rahat, sakit bir guşə tapa bilmək böyük xoşbəxtlikdir və hamı kimi sən də bu xoşbəxtliyi yaşamaq istəyəcəksən...

Beyləqana çathaçatda əfsanəvi Cərcis peyğəmbərin dəfn olunduğu böyük, qədim bir qəbiristanlıq yerləşir. Bura təkcə ruhların rahatlıq tapdığı, ümidlərin, inamların, talelərin vaxtlı-vaxtsız qırıldığı bir yer deyil - həm də müxtəlif tarixlərin, yolların, talelərin kəsişdiyi insan mənzərələri, sanki həm də ayrı-ayrı kəndlərin, şəhərlərin, rayonların işğal tarixi, anım yerləridir... El arasında "Peyğəmbərlər" deyilən bu yerdə vaxtilə Beyləqandan keçərək dünyasını dəyişənlər də var, yerli sakinlər də. Son illər Qarabağ savaşı ilə əlaqədar burada mənzil tapanların da sayı xeyli artıb. Belə qəbirlərin çoxuna "əmanət qəbirlər" deyirlər. Hamı ümidlidir ki, nə vaxtsa torpaqlarımız qayıdanda adamlarla bərabər o qəbirlər də qayıdacaq öz yerlərinə, əbədi sakitliyi və rahatlığı məhz doğma yurdda tapacaqlar...

Hələlik kədərli şəkillər baxır məzar daşlarından. Qəribə bir deyim düşür yada: "Elə bil hamımızın məhz bu gün üçün çəkilmiş bir şəkli var".

Beyləqan son illər xeyli dəyişib. Yollar təzələnib, parklar, yaşıllıqlar salınıb. Köhnə küçələr, evlər yaraşığa minib. Yeni yerləri açılıb, təhsil müəssisələri istifadəyə verilib. Təhsil, savad dalınca gedən beyləqanlı gənclərin xoş sədası həm Bakıdan, həm xarici ölkələrdən gəlir. Rayonun idman uğurları da çoxdur. Açıq havada yaradılmış şahmat mərkəzi hamının ən çox toplaşdığı yerlərdən biridir. Gələcəkdə Avropa, dünya, olimpiya çempionu olmaq istəyən gənclər az deyil.

 Balaca rəssamların əl işlərinə baxırsan dərhal yadına düşür ki, Beyləqan sərhəd rayonudur. Beyləqan müharibənin, səngərin beş addımlığındadır. Müharibənin nəfəsi söhbətləri hər addımda duyulmaqdadır.

Belə bir reallıqda gənclərin, uşaqların hərbi vətənpərvərlik tərbiyəsi əsas vəzifələrdən biridir. Buna görə rayon rəhbərliyi abadlıq-quruculuq işləri ilə yanaşı, əyani təbliğat vasitələrinə böyük önəm verir, dünənimizi, bugünümüzü əks etdirən abidələr zövqlə hazırlanmaqla bərabər, onlar üçün xüsusi yerlər seçilir, yaşıllıqlar salınır, daha çox abidə ilə insan arasındakı münasibətlər, əlaqələr ön plana çəkilir...

Tarix-diyarşünaslıq muzeyindəki eksponatlar zənginliyinə qeyri-adiliyinə görə diqqəti cəlb edir. Açıq havada yaşıllıqlar içində Azərbaycanın dövlətçilik tarixini əks etdirən daş abidələr insanı tariximizin ən müxtəlif dövrlərinə çəkib aparır. Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər dövlətləri, Atabəylər hakimiyyəti, Xanlıqlar dövrü, 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti, sovetlər birliyinin tərkibində keçən illər (1920-1991) təbii ki, bir heç vaxt itirilməyəcək ikinci müstəqillik dövrü - bütün bunlar daşların yaddaşına köçürülərək maraqlı bir "kitab"a çevrilib...

Bütün dövrlərdə bu dövlətlərin keşiyini çəkən, sərhədlərini həm qoruyan, həm genişləndirən, bu yolda lazım gələndə canından keçən bir nəfər var - Azərbaycan əsgəri!

 Dövrlər dəyişib, dövlətimiz müxtəlif səbəblərdən gah böyüyüb, gah da kiçilib, bəzən parçalanıb, amma o əsgər silahı heç vaxt əlindən yerə qoymayıb! O, bu gün döyüşür. O, hər an döyüşə atılmağa hazırdır...

Beyləqanın mərkəzində həmin əsgərlə üz-üzə gəlmək, bir anlığa da olsa onunla həmsöhbət olmaq insanı dəyişir, ona xüsusi bir ruh verir, qəlbində qürur hissi oyadır. Elə buna görə hərbi çağırışa gedən gənclər yolunu mütləq buradan salır, bu heykələ dönmüş insanların söhbətlərini eşitmək istəyirlər. Bu, Koroğludur, Babəkdir, Şah İsmayıldır, İbrahim xandır, Cavad xandır, bu - dünənki Mehdi Hüseynzadədir, Həzi Aslanovdur, bugünkü Əlif Hacıyevdir, Çingiz Mustafayevdir. Bu - adını bilmədiyimiz, üzünü görmədiyimiz neçə fədakar, neçə qalibdir. Azərbaycanın hər yerindən olduğu kimi, Beyləqandan da ziyarətinə axın-axın gedilən Milli Qəhrəman Mübariz İbrahimovdur...

nəhayət, Beyləqan-Füzuli yolunun üstündə sanki torpağın bağrından qopub çıxan daha bir abidə ilə üz-üzə, göz-gözə qalacaqsınız. Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən yolun üstündəki bu abidənin yanından laqeyd keçib getmək mümkün deyil! Bu, azərbaycanlıların soyqırımı abidəsidir! Bu, faciələrlə dolu bir tarixdir!

Tariximizin müxtəlif dövrlərində ayrı-ayrı şəhərlərimizdə, kəndlərimizdə, yurd yerlərimizdə - Qarsda, Ərzurumda, Təbrizdə, Ərdəbildə, İrəvanda, Qarabağda, Bakıda, Şamaxıda, Qubada onlarca digər ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin nişanəsi, tökülən qanlarımızın əksidir. "Daş kitabə", "daş xəritə" - belə demək mümkündür. Ən başlıcası, primitivlikdən uzaq, dərdlərimizə, faciələrimizə layiq yüksək zövq düşüncənin əksi...

Soyqırımı abidəsinin yanında soyqırımı muzeyi var. Bu, artıq tarix dərsi, Vətən dərsi, azadlıq, istiqlal dərsidir!

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyevlə soyqırımı abidəsinin yanında görüşürük. Yəqin İrşad müəllim ixtisasca pedaqoq olduğundan həm dərs deməyi, həm qarşısındakını dinləməyi yaxşı bacarır. Uzun illər Gülüstanda (köhnə Şaumyankənd rayonu), Goranboyda ermənilərlə üz-üzə gəlib, onların saxta tarixini abidələrini görüb ona görə burada qurulan abidənin, yazılan sözün gücünü, təsirini hamıdan yaxşı bilir, rayonda gənc nəslin vətənpərvərlik tərbiyəsində onlara böyük əhəmiyyət verir.

 İrşad müəllim Gülüstan erməni quldurlarından təmizlənəndə Azərbaycan oğullarının şücaətini yaxşı xatırlayır. Ön arxa cəbhənin bir-biri ilə əlaqə bağlılığının, son nəticədə hər bir uğurun, qələbənin əsası olduğunu, bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına göstərilən qayğının, yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda böyüməsində çox böyük rol oynayacağını dönə-dönə vurğulayır.

Ona görə Ali Baş Komandanın tapşırıqlarını yerinə yetirərək bu gün ordumuza dayaq olmaq, yaranan hər hansı problemi yerindəcə həll etmək üçün Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla tez-tez səngərlərdə əsgərlərin yanına gedir, onların mənəvi-psixoloji durumunun daha da yüksəlməsi üçün mümkün olanı edir. Artıq neçə ildir ziyalıların, müəllim şagirdlərin hərbi hissələrdə əsgərlərlə görüşü xoş bir ənənəyə çevrilib.

Ənənə olan yerdə isə tarix var, keçmiş var. Tarix isə təkcə məğlubiyyətlərin deyil, həm qələbələrin tarixidir! Bu tarixi öyrənmək lazımdır!

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2010.- 3 sentyabr.- S. 6.