Azərbaycan Prezidenti
İlham Əliyev və Rusiya
Prezidenti Dmitri Medvedevin təkbətək görüşü
Sentyabrın 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə təkbətək görüşü olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV Rusiya Prezidentinə müraciət edərək dedi:
- Hörmətli Dmitri Anatolyeviç, bir daha Sizi Azərbaycanda salamlamaq istəyirəm. Xoş gəlmisiniz. Biz Sizi görməyə həmişə şadıq.
Bu, görüşmək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün yaxşı imkandır. Münasibətlərimizin vəziyyəti bizi çox sevindirir. Bizim bir-birimizə tez-tez qonaq getməyimiz münasibətlərimizin yaxşı göstəricisidir.
Münasibətlərimizin gündəliyi çox genişdir. Biz müxtəlif istiqamətlərdə çox səmərəli işləyirik. Münasibətlərimiz səmimiliyi ilə fərqlənir. Bu, mehriban qonşular, dostlar, strateji tərəfdaşlar arasındakı münasibətlərdir.
Əminəm ki, ölkəmizə səfəriniz əlaqələrimizin gələcək inkişafı və uğurla irəliləməyimiz işində çox əhəmiyyətli olacaqdır. Xüsusən ona görə ki, müzakirə edilməli məsələlər və qəbul edilməli vacib qərarlar vardır.
Bir daha Sizi ürəkdən
salamlayıram. Xoş gəlmisiniz!
Rusiya Prezidenti
Dmitri MEDVEDEV təşəkkürünü
bildirərək dedi:
- İlham
Heydər oğlu, çox sağ olun! Xoş sözlərə, nümayəndə
heyətimizin artıq
dünən hiss etdiyi
qonaqpərvərliyə görə
çox sağ olun!
Həqiqətən, münasibətlərimiz mehriban
qonşuluq, dostluq və strateji münasibətlərdir. Ümidvaram ki,
bu səfər zamanı cari məsələləri, ikitərəfli
münasibətlərimizi, regional gündəliyi, beynəlxalq
məsələləri müzakirə
edə biləcək və əlbəttə, Sizinlə yetərincə uzun müddət müzakirə etdiyimiz və komandalarımızın
üzərində işlədiyi
çox mühüm sənədləri imzalayacağıq.
Odur ki, bu gün
bu baxımdan çox əhəmiyyətli
gündür.
Gələcəklə bağlı
mən tamamilə razıyam ki, bizim həm burada, Azərbaycanda, həm də Rusiya Federasiyasında, digər yerlərdə, müxtəlif sammitlərdə
müntəzəm görüşməyimiz,
ünsiyyətdə olmağımız
uzun illər üçün sıx, möhkəm və dostluq münasibətlərinin
təminatıdır. Biz Rusiya-Azərbaycan
münasibətlərini belə
görürük.
AzərTAc
Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 1.