Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:

 

 - Hörmətli Dmitri Anatolyeviç!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin tarixində çox əlamətdar gündür. Bu gün siyasi və iqtisadi xarakterli mühüm sənədlər - dövlət sərhədi haqqında, sərhədyanı Samur çayının su ehtiyatlarının bölünməsi və onlardan səmərəli istifadə edilməsi haqqında müqavilələr, habelə qaz sahəsində əməkdaşlıq sferasında kontrakta əlavə imzalanmışdır. Əminəm ki, onlar bizim münasibətlərin inkişafının çox mühüm istiqamətlərini uzun illər, qarşıdakı onilliklər üçün müəyyən edəcəkdir. Bütün bunlar bizim münasibətlərin dinamik və səmərəli inkişafının əyani göstəricisidir.

Biz münasibətlərimizi strateji tərəfdaşlar arasında, qonşular və mehriban dostlar arasında münasibətlər kimi səciyyələndiririk. Rusiya Prezidentinin bugünkü səfəri, imzalanmış sənədlər, habelə apardığımız fikir mübadiləsi və danışıqlar bizim münasibətlərin dinamik, səmərəli və müsbət inkişafına əyani sübutdur. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk. Əminəm ki, bütün istiqamətlər üzrə əlaqələrimizin gələcək inkişafı da bugünə qədər əldə edilənlər kimi səmərəli olacaqdır.

Ölkələrimiz arasında çox sıx siyasi qarşılıqlı əlaqə vardır, çox tez-tez görüşürük, əlaqə saxlayırıq. Rusiya Prezidentinin, böyük bir dövlətin Prezidentinin son üç ildə Azərbaycana üçüncü dəfə səfər etməsini xüsusi qiymətləndiririk. Mən də tez-tez Rusiyaya - Moskvaya və başqa şəhərlərə səfərlər edirəm. Bu, bir-birimizə olan qarşılıqlı marağa, eləcə də bizim münasibətlərin mövzusunun çox geniş olmasına dəlalət edir.

Bizim münasibətlər ayrıca bir sahədə əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlər çoxşaxəlidir - siyasi əlaqələri, iqtisadi kooperasiyanı, müştərək layihələri əhatə edir. Energetika sahəsində, neft-qaz əməliyyatlarında, elektrik enerjisi satışı, nəqliyyat sahəsində əməkdaşlıq böyük bir blok təşkil edir. Biz regional və dünya miqyaslı layihələr üzərində birgə işləyirik. Şimal-Cənub nəqliyyat dəhlizi artıq bu gün öz potensialını göstərir və hazırda Rusiya və Azərbaycan həmin dəhlizin çox mühüm tərkib hissələridir. Biz Xəzərdə əməkdaşlıq edirik. Biz Qafqaz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq edirik. Ölkələrimiz arasında hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq fəal inkişaf edir. Bu istiqamətlərin hər biri barəsində konkret faktlar və konkret layihələr əsasında çox danışmaq olar.

Dünən mən Rusiya Prezidentinin şərəfinə təntənəli ziyafət zamanı qeyd etmişdim ki, biz humanitar sahədə əməkdaşlığa xüsusi diqqət yetiririk. Bu sahədə bizim çox yaxşı nəticələrimiz vardır. Bu gün ikitərəfli əməkdaşlığımız artıq ikitərəfli formatı aşır və beynəlxalq humanitar layihəyə çevrilir. Bu il humanitar əməkdaşlıq sahəsində Bakıda keçirilən Rusiya-Azərbaycan forumunun müsbət təcrübəsi artıq yaxşı nəticələr verir. Biz bu gün razılığa gəldik ki, Rusiya və Azərbaycanın himayəsi altında keçirilən bu forum gələn il artıq beynəlxalq statusa malik olacaqdır. Beləliklə, humanitar sahədə əməkdaşlığımız artıq bu gün ikitərəfli formatı aşır və gələcəkdə bu sahədə əməkdaşlıqda marağı olan ölkələrin və xalqların yaxınlaşması işinə xidmət edəcəkdir. Biz Azərbaycanda buna maraqlıyıq. Biz istəyirik ki, ölkəmizdə bütün xalqların nümayəndələri gələcəkdə də indiki kimi sülh, dostluq, qardaşlıq şəraitində yaşasınlar. Biz çox sevinirik ki, ölkələrimiz arasında humanitar əməkdaşlıq konkret real layihələrlə zənginləşir.

Başqa sözlə desək, münasibətlərimiz olduqca çoxşaxəli, çoxtərəflidir, praktiki olaraq bütün sahələri əhatə edir. Ən başlıcası isə, bu gün dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra münasibətlərimizdə həll edilməmiş hər hansı məsələ qalmır. Həmin müqavilənin bu gün Bakıda bu cür təntənəli şəraitdə imzalanması münasibətlərimizin, niyyətlərimizin səmimiliyinə daha bir sübutdur. Bu müqavilə ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Qarşıda bizi başqa işlər gözləyir. Bu gün biz münasibətlərimizin iqtisadi tərkib hissəsini necə zənginləşdirmək barədə, hansı yeni layihələri həyata keçirməyə hazırlaşmağımız, gələcəkdə fəaliyyətimizi necə əlaqələndirməyi planlaşdırmağımız barədə fikir mübadiləsi etdik. Energetika sahəsində artıq konkret addımlar nəzərdə tutulmuşdur.

Mən ilk növbədə, Rusiya Prezidenti Dmitri Anatolyeviç Medvedevə ölkəmizə səfər etdiyinə, bugünkü razılaşmalara gətirib çıxarmış müştərək işə görə bir daha təşəkkür etmək və əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər gələcəkdə də dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda inkişaf edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 2, 3.