Azərbaycan Prezidenti İlham Əliyevin
və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı
Rusiya Prezidenti Dmitri MEDVEDEV bəyanatla
çıxış edərək dedi:
- Hörmətli İlham Heydər oğlu!
Hörmətli həmkarlar!
Hörmətli kütləvi
informasiya vasitələrinin nümayəndələri!
Bu gün müstəqil dövlətlər
olan Rusiya ilə Azərbaycanın münasibətləri
tarixində həqiqətən çox əlamətdar gündür.
Bu gün biz ölkələrimiz arasında mövcud olan mürəkkəb
məsələlərdən sonuncusunu qapadıq. Azərbaycan
üçün bu, sərhədin müəyyən edilməsi
barədə ilk saziş, ilk müqavilədir. Ona görə də
bu, gələcək münasibətlərimiz üçün
xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti
indicə bu münasibətləri iki strateji tərəfdaşın
səmimi dostluq münasibətləri kimi səciyyələndirdi.
Təbii ki, mən bu fikrə tamamilə şərikəm. Münasibətlərimizin
mahiyyətini kooperasiyamızın praktiki olaraq bütün sahələrində
izləmək mümkündür. İndi mən həm
iqtisadi əlaqələr barədə, həm təhlükəsizlik
mövzularına dair əməkdaşlıq, regional, humanitar əlaqələr
barədə danışa bilərdim. Lakin mən bu münasibətlərin
xüsusi xarakterini hər şeydən yaxşı səciyyələndirən
cəmi bir misal gətirəcəyəm.
Bildiyiniz kimi, bu il Rusiya
Federasiyasına fəlakət üz vermişdir. Çoxlu yaşayış
məntəqəsi yanmış, insanlar zərər çəkmiş,
həlak olmuş, çoxlu evi alov bürümüşdü.
Bu məqamda azərbaycanlı həmkarlarımız da bizə
dost əlini uzatmış, bizim bir sıra yaşayış məntəqələrində
yanğınların söndürülməsində iştirak
etmişlər. Bu, həqiqətən çox vacibdir. Xüsusən
ona görə ki, bu cür fəlakətlər adətən, gözlənilmədən
baş verir və çox vaxt sürəkli xarakter daşıyır.
Hətta indi, payızda da yanğınlar tüğyan edir. Dünən
bizim iki vilayət yanğından zərər çəkmişdir,
yaşayış məntəqələrinə, insanlara ziyan
dəymişdir. Əlbəttə, biz bunların hamısını
hökmən bərpa edəcəyik. Lakin bir məqam xüsusilə
vacibdir ki, bu cür çətin şəraitdə, - hətta
inkişaf etmiş iqtisadi potensiala malik olan Rusiya kimi böyük
ölkə də çətin vəziyyətə düşə
bilər, - yaxın dostlar kömək əlini uzadır. İlham
Heydər oğlu, görülmüş işlərə görə
bir daha çox sağ olun.
O ki qaldı gələcəyə,
düşünürəm ki, gələcəyimiz çox
yaxşı olacaqdır. Bizim çox perspektivli layihələrimiz
vardır. Bu gün sərhədyanı Samur çayının
su ehtiyatlarından birgə istifadə edilməsi barədə
də müqavilə imzalanmışdır. Bu ehtiyatlar bizim müştərək
sərvətimizdir və biz sadəcə olaraq, onlardan daha yaxşı
istifadə etməyin yolları barədə fikirləşməliyik.
Energetika sahəsində əməkdaşlıq,
əlbəttə, ən mühüm istiqamətdir. Lakin bu, yeganə
istiqamət deyildir. Biz razılığa gəldik ki, bu məsələyə
bəlkə də ayrıca bir görüş, dövlət
başçılarının ayrıca bir zirvə toplantısını
həsr etmək, bütün istiqamətlərdə vəziyyəti
ölçüb-biçmək lazımdır. Xüsusən
ona görə ki, artıq əlaqələr vardır. Bu əlaqələr,
o cümlədən qaz sferasında əməkdaşlıq
sahəsində kifayət qədər fəal inkişaf etməyə
başlamışdır. Neft, ticarət, elektrik energetikası
sahələrində əməkdaşlıq da elə istiqamətlərdir
ki, biz onlara həqiqətən daha artıq diqqət yetiririk.
Regional məsələlər
həmişə gündəlikdədir. Biz bu barədə
çox danışmışıq. Təbii ki, təhlükəsizliyin
təmin edilməsi məsələləri barədə danışmışıq.
Lakin ümid edirəm ki, mətbuat konfransının gedişində
bu cür suallar veriləcəkdir. Çünki zənnimcə,
bu, maraqlıdır. İndi təfərrüata varmayacağam.
Biz son zamanlar daha bir ümumi
məkanda əldə edilmiş müsbət nə varsa hamısını
qoruyub saxlamağın zəruri olmasından danışdıq.
Bu, Xəzər məkanıdır. Ümid edirəm ki, irəlidə
bu əməkdaşlığı dərinləşdirmək
üçün imkanımız olacaqdır.
Humanitar sahə çox
vacibdir. İndicə ikonaların verilməsi kimi rəmzi bir
akt baş tutdu. Həmin ikonalar Azərbaycan ərazisinə qaçaqmalçılıq
yolu ilə gətirilmişdir. Çox yaxşı haldır
ki, bizim hüquq-mühafizə idarələri arasında bu cür
əməkdaşlıq inkişaf edir. Onu demək istərdim
ki, Rusiyaya məxsus təbərrüklərin verilməsinə
görə Azərbaycan tərəfinə bir daha təşəkkürümüzü
bildiririk. Bu, dost jestidir və təbii ki, biz onu müvafiq
şəkildə qiymətləndiririk.
Təhsil sahəsində mütəxəssislər,
mədəniyyət xadimləri arasında ünsiyyəti
davam etdirmək lazımdır. Məhz bu səbəbdən bu
gün Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsü
- Azərbaycanda keçirilən foruma beynəlxalq xarakter vermək
təşəbbüsünü mən tamamilə bəyənirəm.
Mənə belə gəlir ki, bura həm ikitərəfli
humanitar məsələlərin, həmçinin siyasi əlaqələrin
inkişafı məsələlərinin müzakirəsi
üçün, həm də beynəlxalq miqyasda yaxşı
məkandır. Xüsusən ona görə ki, bu işdə marağı
olan tərəflər vardır - bizim qonşularımız da
bu forumda iştirak etməyə hazırdırlar. Mənə belə
gəlir ki, bu, maraqlı olacaqdır. Hər halda, əgər
azərbaycanlı dostlarımız çağırsalar, biz həmin
forumda məmnuniyyətlə iştirak edəcəyik.
Beləliklə, bu, həqiqətən əlamətdar səfərdir. Həm formal baxımdan əlamətdardır, çünki ölkələrimiz arasında qarşıdakı onilliklər üçün əməkdaşlığın təməlini yaradan çox mühüm sənəd imzalanmışdır. Həm də qeyri-formal mənada, şəxsi ünsiyyət baxımından əlamətdardır, çünki bu cür ünsiyyət olmadan mehriban münasibətləri inkişaf etdirmək mümkün deyildir. Biz çox görüşürük, çox ünsiyyət saxlayırıq. Bizim çox mehriban yoldaşlıq münasibətlərimiz vardır və ümid edirəm ki, bundan sonra da belə olacaqdır.
Sonra dövlət
başçıları jurnalistlərin suallarına cavab
verdilər.
- Bu gün imzalanan əlavə sazişə görə,
"Qazprom"un gələn il alacağı Azərbaycan
qazının həcmi artırılmışdır. Eyni
zamanda, məhz Azərbaycan qazı "Nabukko" boru kəmərinin
başlıca doldurucusu kimi nəzərdən keçirilir.
"Nabukko" isə "Cənub axını"nın
bilavasitə rəqibidir. Bu iki məqam bir-biri
üçün ziddiyyət təşkil etmirmi? Bir tərəfdən
qaz sahəsində Rusiya-Azərbaycan münasibətləri
möhkəmlənir, digər tərəfdən isə Azərbaycan
rəqib layihədə iştirakdan imtina etmir. Ümumiyyətlə,
qaz bütün layihələrə kifayət edəcəkmi?
Sualım hər iki prezidentədir.
Prezident Dmitri MEDVEDEV:
Bilirsiniz, biz iqtisadi maraqlarımıza diqqətlə
yanaşmalıyıq. Biz anlamalıyıq ki, bir tərəfin
və digər tərəfin mənafeləri mövcuddur. Bu
maraqlar praqmatik xarakter daşıyır. Bu, ideal vəziyyətdə
olan humanitar sahədə əlaqələr deyildir. Biz burada
pul qazanırıq. Bu, normal haldır. Biz burada
imkanlarımızı arzularımızla
uyğunlaşdırmalıyıq. Bu, birincisi.
İkincisi, bu gün biz Azərbaycan
Prezidenti ilə söhbət zamanı deyirdik ki, biz regionda
sanballı oyunçularıq və maraqlarımız çox
halda üst-üstə düşür. Çünki ölkələrimiz
enerji ehtiyatlarının istehsalçıları və
ixracçılarıdır. Buna görə də biz bir tərəfdən
razılığa gəlməliyik, digər tərəfdən
isə kooperativləşməliyik. Həmkarlarımızın
imzaladığı qaz ticarətinin genişləndirilməsi
haqqında müvafiq sənədlər bunu nümayiş
etdirdi.
Üçüncüsü,
ən müxtəlif layihələr mövcuddur. Burada
Rusiyanın mövqeyi həmişə elə olmuşdur ki,
biz hər hansı layihələrə mane ola bilmərik və
olmamalıyıq, bu, tamamilə qeyri-təbii işdir. Mənə
elə gəlir ki, biz sadəcə əməkdaşlığın
ən maraqlı sahələrini ayırmalı, birgə layihələrin
cəlbediciliyini nümayiş etdirməliyik. Gələcək
layihələrə gəldikdə isə, necə deyərlər,
qoy mənfəət gətirən, tərəfdaşlarımız
üçün maraqlı layihələr qalib gəlsin.
Heç kim heç kimi heç nəyə vadar etmir. Eyni
zamanda, bu, iqtisadi cəhətdən səmərəli layihələr
olmalıdır. Gələcək üçün enerji sahəsində
münasibətlər qurarkən mən buna əsaslanardım.
Prezident İlham ƏLİYEV:
Mən də öz növbəmdə demək istəyirəm
ki, Azərbaycan artıq 2007-ci ildən öz qazını beynəlxalq
bazarlara çıxarır və Azərbaycanda hasil edilən
qazın həcmi ilbəil artır. Ehtiyatlarımız yetərincə
çoxdur. Azərbaycanda yalnız təsdiq edilmiş qaz
ehtiyatı 2 trilyon kubmetrdən çoxdur. Potensialı isə
biz real şəkildə təxminən 5 trilyon kubmetr həcmində
qiymətləndiririk.
Buna görə də qaz bizə
bir çox onilliklər kifayət edəcəkdir. Qaz sahəsində
əməkdaşlığımız açıq və səmimi
xarakter daşıyır. Biz bu sahəyə dostlarımız
və tərəfdaşlarımızla münasibətlərimizi
möhkəmləndirmək imkanı kimi baxırıq. Rusiya
ilə bu sahədə əməkdaşlığımıza
gəldikdə isə, bildiyiniz kimi, bu əməkdaşlıq
nisbətən yaxınlarda başlanmışdır. Birinci sənədlər
yalnız ötən il imzalanmışdır, lakin artıq
qısa vaxt kəsiyində biz bu gün
imzaladığımız müqavilə ilə Azərbaycan
qazının Rusiyaya ixracının həcmini mahiyyətcə
4 dəfə artırırıq. Bu, böyük gələcəyi
olan qarşılıqlı surətdə faydalı layihədir.
Layihənin əhəmiyyətli üstünlüklərindən
biri də budur ki, Azərbaycan ilə Rusiya arasında tranzit
ölkə yoxdur. Biz qonşuyuq və bizi hazırda genişlənən
qaz kəməri sistemi birləşdirir. Bizim tərəfimizdən
Azərbaycan qazının Rusiyaya nəqli imkanlarının
genişləndirilməsinə sərmayələr qoyulur.
Xatırlatdığınız
başqa layihələrə və rəqabətə gəldikdə
isə, biz qaz sahəsində fəaliyyətimizi hansısa əsaslandırılmamış
rəqabət imkanı kimi nəzərdən keçirməmişik.
Bu halda biz siyasi motivlərə deyil, yalnız iqtisadi və
praktik motivlərə əsaslanırıq. Bu gün Rusiya və
Azərbaycan şirkətləri arasında qaz sahəsində
mövcud olan şərtlər bizi razı salır və mən
ümid edirəm ki, Rusiya tərəfini də qane edir. Buna
görə də əgər bütün maraqlı tərəflər
buna məhz iqtisadi məqsədyönlülük nöqteyi-nəzərindən
baxsalar və bu layihələrin süni şəkildə
siyasiləşdirilməsi minimum səviyyəyə endirilsə,
əminəm ki, bütün maraqlı tərəflərin mənafeləri
nəzərə alınacaqdır. Bir daha demək istəyirəm
ki, biz Rusiya ilə energetika sahəsində ikitərəfli əməkdaşlığımızı
uzunmüddətli və strateji əməkdaşlıq kimi nəzərdən
keçiririk və bu, təkcə qaz sahəsini əhatə
etmir. Bu, həm neft, həm elektroenergetika sahələrinə
də aiddir. Gələcəkdə qarşılıqlı
razılığa gəlsək, biz bütün energetika
komponentləri üzrə Rusiyaya təbii ehtiyatların
ixracını artırmaq niyyətindəyik.
- Sualım hörmətli Rusiya Prezidentinədir. Azərbaycan
ictimaiyyəti Sizin Ermənistana bu yaxınlardakı səfərinizə
və orada Gümrüdəki Rusiya hərbi bazası ilə
bağlı müqaviləyə dəyişikliklər
haqqında imzalanmış protokola böyük maraq göstərir.
Bu da aydın məsələdir. Siz bunu necə şərh edərdiniz?
Prezident Dmitri MEDVEDEV:
Çox sağ olun. Təbii ki, mən səfərimin
yekunlarını şərh edəcəyəm. Gizlətməyəcəyəm,
biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə bu
mövzunu müzakirə etmişik. Şübhəsiz ki, Rusiya
üçün burada, Qafqazda sabitliyin qorunub saxlanması
çox vacibdir. Rusiya Qafqaz ölkəsi, Xəzəryanı
ölkədir. Biz ən yaxın qonşumuz və dostumuz Azərbaycan
ilə münasibətlər quranda məhz buna əsaslanırıq.
Buna görə burada sülh
və asayiş olması hamımızın marağına
uyğundur. Mənim Ermənistana səfərim zamanı qəbul
edilmiş qərara, yəni Ermənistanda Rusiyanın hərbi
bazasının olması haqqında müvafiq sazişin
qüvvədə olması müddətinin
artırılması məsələsinə də məhz bu
mövqedən baxmaq lazımdır. Burada hər hansı gizli
və ya başqa mülahizələr yoxdur. Həmin baza
sülhü və asayişi təmin etməyə, sabitliyi
qoruyub saxlamağa, bu gün mövcud olan bütün mürəkkəbliklərin
azalmasına xidmət edir və bağlanmış saziş
çərçivəsində imkanlarımızı və
səlahiyyətlərimizi həyata keçirərkən biz məhz
bu mövqedən çıxış edəcəyik.
Sazişdə heç bir prinsipial yenilik yoxdur, onun yalnız
bir mənası var: həmin bazanın orada olacağı illərin
sayı müəyyən qədər artırılır. Mən
əminəm ki, biz mümkün olan bütün imkanları
burada, Qafqazda, Cənubi Qafqazda ümumi vəziyyətin
sağlamlaşdırılmasına yönəldəcəyik.
Mən öz tabeliyimdə olanlara - həmin bazanın təminatı
məsələləri ilə məşğul olan müvafiq
nazirliklərin, idarələrin rəhbərlərinə də
məhz bu cür təlimatlar verəcəyəm.
Biz Azərbaycan Prezidenti ilə
bu barədə kifayət qədər ətraflı
danışmışıq. Biz gələcəkdə də
burada, bizim regionda təhlükəsizliyin təmin edilməsinə
aid bütün məsələlər barədə fəaliyyətimizi,
fikir mübadiləsini sıx əlaqələndirəcəyik.
- Sualım cənab Əliyevədir. Siz dediniz ki, Xəzəryanı
problemlər həmişə Sizin diqqət mərkəzinizdədir.
Xahiş edirəm deyin, Xəzəryanı dövlətlərin
Prezident İlham ƏLİYEV:
Biz həmin məsələni bu gün Dmitri Anatolyeviçlə
müzakirə etmişik, sammitin Bakıda keçirilməsinə
heç bir maneə yoxdur. Xəzər dənizinin
delimitasiyası ilə əlaqədar məsələnin tənzimlənməsi
barədə mövqelərimiz üst-üstə
düşür. Bildiyiniz kimi, bizim milli sektorların ölkələrimiz
arasında bölünməsi barədə müvafiq saziş
imzalanmışdır. Hesab edirik ki, bu, çox yaxşı
formatdır və Xəzər dənizinin statusu ilə
bağlı məsələnin hərtərəfli tənzimlənməsinə
nail olmaq üçün möhkəm zəmin ola bilər.
Bu gün biz sammitin
keçirilməsinin təxmini vaxtını da müzakirə
etmişik və tərəfdaşlarımızla, Xəzəryanı
bölgədəki qonşularımızla müvafiq məsləhətləşmələrdən
sonra həmin vaxtı konkret müəyyən edəcəyik.
Mənim bildiyimə görə, bizim başa
düşdüyümüz mənada məqsəd həmin
sammitin keçirilməsini 2011-ci ilə təxirə
salmamaqdan, onu ən yaxın aylarda, 2010-cu ildə Bakıda
keçirməkdən ibarətdir.
- Mənim sualım hər iki prezidentədir. Məlum
olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həll edilməməsi və
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğalının davam etməsi regionda sülhün və
təhlükəsizliyin bərqərar olması
üçün çox böyük əngəl yaradır.
Siz bu məsələnin tənzimlənməsinin perspektivlərini
necə təsəvvür edirsiniz?
Prezident İlham ƏLİYEV:
Bizim fikrimizcə, bu məsələ ən tez bir vaxtda tənzimlənməlidir.
Çünki danışıqlar prosesi artıq neçə
illərdir ki, davam edir. 1992-ci ildə bu məsələ ilə
məşğul olan
Beynəlxalq təşkilatların
qətnamələri mövcuddur. BMT Təhlükəsizlik
Şurası 4 qətnamə qəbul etmişdir. Həmin sənədlərdə
işğalçı qüvvələrin Azərbaycan ərazisindən
çıxarılması haqqında tələblər irəli
sürülür. ATƏT-in Lissabon sammitinin qərarları,
digər beynəlxalq təşkilatların qətnamələri
mövcuddur.
Münaqişə həmin qərarlar
və qətnamələr əsasında, beynəlxalq
hüququn normaları və prinsipləri əsasında tənzimlənməlidir.
Bu, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin
Moskvada imzalanmış Birgə Bəyannaməsində də əks
olunmuşdur.
Ərazi
bütövlüyü prinsipinin xalqların öz müqəddəratını
təyin etmək hüququ ilə əlaqələndirilməsi
məsələsi, bizim fikrimizcə, həll edilə bilməyən
məsələ deyildir. Xalqın təyini-müqəddərat
hüququ ölkələrin ərazi
bütövlüyünün pozulmasını nəzərdə
tutmamalıdır və ölkələrin ərazi
bütövlüyü çərçivəsində
uğurla həyata keçirilə bilər. Buna görə də
biz hesab edirik ki, məsələnin məhz beynəlxalq
hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların
qətnamələri əsasında həllini tapmaq
lazımdır. Azərbaycan torpaqlarının işğal
edilməsinə son qoymaq, yüz minlərlə məcburi
köçkünün öz əzəli torpaqlarına
qayıtmasına və sülh şəraitində
yaşamasına imkan yaratmaq lazımdır.
Ümid edirəm ki, erməni
tərəfi konstruktiv yanaşma nümayiş etdirəcək
və biz münaqişəni mənim dediyim prinsiplər əsasında
tənzimləmək yolunu tapa biləcəyik.
Mən sizin sualınızdan
istifadə edərək Rusiya Prezidentinə bu prosesdə fəal
iştirakına görə təşəkkür etmək istərdim.
Dmitri Anatolyeviçin təşəbbüsü ilə Rusiya,
Azərbaycan və Ermənistan prezidentləri arasında
altı görüş keçirilmişdir. Bu fakt
özlüyündə misilsiz xarakter daşıyır. Həmsədr
ölkələrin liderləri tarixdə hələ heç
vaxt bu cür fəallıq və ən başlıcası,
effektivlik nümayiş etdirməmişlər.
Dmitri Anatolyeviçin
iştirakı ilə tərəflərin
yaxınlaşdırılması işində çox
mühüm addımlar atılmışdır. Mən Rusiya
Prezidentinə təşəkkür etmək, eyni zamanda,
ümidvar olduğumu bildirmək istəyirəm ki, o, gələcəkdə
də bu istiqamətdə səy göstərəcəkdir.
Biz bu gün bu məsələni müzakirə etmişik. Mən
tam əminəm və inanıram ki, Rusiya Prezidentinin şəxsi
iştirakı çox müsbət rol oynayır və onun
iştirakı ilə aparılan danışıqlar daha səmərəlidir.
Prezident Dmitri MEDVEDEV: Mən
demək istəyirəm ki, həqiqətən, son illər Azərbaycan
və Ermənistan prezidentləri arasında Rusiya Prezidentinin
iştirakı ilə görüşlərin sayı hədsiz
çox olmuşdur.
Bu yaxınlarda mən həmin
mövzuda danışmışam. Mən demişəm ki, son
vaxtlar görülən işlərə görə xəcalət
çəkmirəm. Bu, dərin,
düşünülmüş müzakirələrdir və
biz belə prosesdə yetərincə çətinliklər
olduğunu anlayırıq. İstənilən halda, bu səylər
müəyyən nəticələr verir.
Danışıqlar davam edir və düşünürəm
ki, əlaqələrin intensivliyi azalmamalıdır. Rusiya
Minsk qrupu çərçivəsində vəzifələrini,
həm də bu mövzuda ünsiyyəti davam etdirən
qonşu ölkə kimi mənəvi vəzifələrini
yerinə yetirməyə hazırdır. Şəxsən mən
gündəlikdə qalan ən mürəkkəb məsələləri
müzakirə etməyə hazıram. Ümidvaram ki, ölkələrimizin
xarici siyasət idarələrinin iştirakı və şəxsən
bizim iştirakımızla bu cür məsləhətləşmələr
davam etdiriləcəkdir.
Mən xoş sözlərə
görə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə
minnətdaram.
Rusiya öz vəzifələrini
hökmən yerinə yetirəcək və zəruri nəticənin
əldə edilməsinə hərtərəfli kömək
göstərəcəkdir. Nəticə isə çox
lazımdır. Bu nəticə regiona möhkəm sülh və
təhlükəsizlik gətirməyə qadirdir. Heç
şübhəsiz ki, Rusiya Federasiyası da bunda
maraqlıdır.
AzərTAc
Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 2, 3.