Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev xanımları ilə birlikdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmiş, Dənizkənarı Milli Parkda olmuşlar

 

 Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev xanımları ilə birlikdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmiş, Dənizkənarı Milli Parkda olmuşlar.

Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın Bakı ilə tanışlığı Filarmoniya bağından başladı. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva əsaslı yenidənqurmadan sonra ötən il istifadəyə verilən bu bağın tarixi barədə Rusiyanın dövlət başçısına məlumat verdilər. Bildirildi ki, son illər Bakıda park və bağların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bundan əsas məqsəd insanların mənalı istirahətini təşkil etməkdir.

Daha sonra qonaqlar İçərişəhəri gəzintiyə çıxdılar. Bildirildi ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər dünya mədəni irsinin nadir abidələrindəndir. Azərbaycan tarixinin canlı əfsanəsi olan İçərişəhər memarlıq kompleksi dünyada misilsiz abidələrdən biridir. Burada aparılan arxeoloji qazıntılar zamanı milli dövlətçilik tarixinin açılmamış səhifələri öyrənilmiş, Böyük İpək yolunun üstündə yerləşən qədim Bakının strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar aşkar olunmuşdur. Elə buna görə də 1985-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən İçərişəhər 2000-ci ildən YUNESKO-nun Dünya irs siyahısına daxil edilmişdir.

Rusiyanın dövlət başçısı və xanımı İçərişəhərdə milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq oldular.

 İçərişəhərin ən mühüm tarixi tikililərindən olan Karvansara da qonaqlarda böyük maraq doğurdu. Qeyd olundu ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, ulu tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur.

Qonaqlar Şirvanşahlar sarayında da oldular. Qeyd edildi ki, Şirvanşahlar saray kompleksi XV əsrin əvvəllərində tikilmişdir. Kompleksə daxil olan abidələr İçərişəhərin ən yüksək yerində yerləşir. Qız qalası da sarayın yaxınlığındadır. Eradan əvvəl VII-VI əsrlərdə əsası qoyulan Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan Qız qalası silindr formalı əsl qaladan cənub tərəfdən ona bitişən iri bir tikilidən ibarətdir. Məscid-mədrəsə XII əsrə aid bazar da burada yerləşir. Burada o dövrə aid qəbir daşları totemlər saxlanılır.

Rusiya Prezidenti burada şəkil çəkdi. Sonra birlikdə şəkil çəkdirildi.

Prezident Dmitri Medvedev xanımı İçərişəhərdə nümayiş olunan milli sənətkarlıq nümunələrinə baxdılar.

Rusiya dövlətinin başçısının diqqətinə çatdırıldı ki, İçərişəhər ərazisində Azərbaycan alimləri arxeoloji qazıntılar aparmış Azərbaycan tarixinə dair bir çox qiymətli maddi-mədəniyyət nümunələri aşkar etmişlər.  İndi Azərbaycan muzeylərinin ən qiymətli eksponatları olan bu tapıntılar tariximizin qədim dövrlərinin öyrənilməsi üçün geniş imkanlar açır.

Qonaqlar üzərində paytaxtımızın rəmzi olan qədim abidələrimizin əks olunduğu suvenirlərə baxdılar.

Azərbaycan rəssamlarının çəkdiyi əsərlər qonaqlarda maraq doğurdu. Rusiya Prezidenti xanımı İçərişəhərdə yerləşən qalereyada qədim abidələrimizin əks olunduğu rəsm əsərlərinə tamaşa etdilər.

Qonaqlar çay süfrəsi arxasında İçərişəhərdən bəhs edən filmə baxdılar.

Rusiya Prezidentinə xatirə olaraq hədiyyə təqdim olundu.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva, Rusiya Prezidenti Dmitri Medvedev xanımı Svetlana Medvedeva Dənizkənarı Milli Parkda gəzintiyə çıxdılar.

Bildirildi ki, son illər Bakıda aparılan yenidənqurma işləri Dənizkənarı Milli Parkda da geniş vüsət almışdır. Paytaxt sakinlərinin Bakıya gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri olan bulvar son bir neçə ildə görkəmini tanınmaz dərəcədə dəyişmişdir. Yenidənqurma işləri zamanı milli üslubla beynəlxalq təcrübə peşəkarlıqla uzlaşdırılmışdır. Hazırda öz gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi yaraşıq verir.

Azərbaycan paytaxtı ilə tanışlıq Rusiya dövlətinin başçısında və xanımında zəngin təəssürat doğurdu.

 

* * *

 

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 3-də başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 3, 4.