Ali qonağın şərəfinə
Rusiya Prezidenti
Dmitri Medvedevin nitqi
- Hörmətli
İlham Heydər oğlu!
Hörmətli Mehriban Arif qızı!
Hörmətli dostlar, həmkarlar!
Sizin ölkəyə gəlmək
mənim üçün
həmişə çox
xoşdur. Çünki bu, həmişə
dostlarımızın, yaxın
qonşularımızın və strateji tərəfdaşlarımızın yanına səfər etmək deməkdir. Bu səfər bir
günə hazırlanmamışdır.
Bu, xüsusi səfərdir,
ona görə ki, münasibətlərimizin
tarixində ilk dəfə
həqiqətən çox
mühüm saziş hazırlamışıq. İlham Heydər oğlu bilir ki, bu
sazişin hazırlanması
asan olmamışdır.
Ona görə yox ki, biz mübahisə edirdik, hərçənd
müzakirə edilməsi,
diskussiyalar aparılması
tələb edilən
bəzi məsələlər
həmişə vardır.
Sadəcə olaraq ona görə ki, bu saziş mürəkkəb,
mühüm sənəddir.
Əgər həmin saziş
bizim ölkəmiz üçün sərhədin
müəyyənləşdirilməsi, bir sıra sərhədyanı
məsələlərin tənzimlənməsi
barədə ilk sənədlərdən
biridirsə, Azərbaycan
üçün bu qəbildən ümumiyyətlə
ilk sənəddir. Ona
görə də mənə belə gəlir ki, biz yaxşı çalışmışıq,
sabah rəsmi
imzalanma olacaqdır. Bizim dostluq münasibətlərimizin
möhkəm normativ baza əsasında inkişaf etməsi, tərəfdaşlar arasında
beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərə çevrilməsi
üçün bu saziş çox vacibdir. Bu sənəd
də beynəlxalq hüquq aktıdır.
Bizim qarşılıqlı əlaqələrimizi
möhkəmləndirən iqtisadi sazişlər də vardır. O cümlədən sabah belə bir böyük sənəd, həmçinin
bəzi başqa sənədlər imzalanacaqdır.
Bu, nəyə dəlalət edir? Ona dəlalət edir
ki, dövlətlərimiz
arasında münasibətlər
ilbəil rəngarəng
olur. Əlbəttə, Sizi ölkəmizdə,
Moskvada görməyə
həmişə çox
şad oluruq. Biz beynəlxalq tədbirlərdə
Sizinlə çox ünsiyyət saxlayırıq,
müxtəlif görüşlər
keçiririk. Lakin adətən
bu cür böyük səfərlərin
gedişində müəyyən
kəmiyyət dəyişiklikləri
üst-üstə yığılır
və yeni keyfiyyət halına keçir. Buna görə də mən çox istərdim ki, Rusiya Prezidentinin və Rusiya nümayəndə heyətinin
indiki səfəri bu cür kəmiyyət
dəyişikliklərinin keyfiyyət
dəyişikliklərinə keçməsi ilə əlamətdar olsun.
Siz gündəlikdəki bütün
məsələləri dəqiq
sadaladınız. Mən demək istəyirəm
ki, əlbəttə,
son illərdə biz iqtisadi
münasibətlərin quruculuğu
sahəsində irəliləmişik.
Energetika
sahəsində əməkdaşlıq
bu münasibətlərin
təməl daşıdır.
Lakin mən istəməzdim ki, əməkdaşlığımız
təkcə energetika ilə məhdudlaşsın.
Bizim ölkələr enerji istehsal edən iri ölkələrdir.
Lakin indicə Sizinlə danışdığımız kimi, dövlətlərimizin
qarşısında iqtisadiyyatlarımızı
modernləşdirmək məsələsi
durur, böhran isə, yeri gəlmişkən, göstərdi
ki, hətta enerji tədarükçüləri
olan böyük dövlətlər də bazardakı vəziyyətdən
asılıdırlar. Buna
görə də bizim vəzifəmiz ölkələrimizdə iqtisadi
şəraiti, təsərrüfatçılıq
şəraitini dəyişməkdir.
Hesab edirəm ki, başqa sahələrdə
əməkdaşlığı inkişaf etdirməklə
bu məsələdə
bir-birimizə kömək
edə bilərik.
Söhbət yüksək texnologiyalar,
istehsal, infrastruktur və hətta turizm sahələrində
kooperasiya və əməkdaşlıqdan gedir.
Bütün bunlar bizim ümumi işimizin tərkib hissələridir.
Təhlükəsizlik məsələləri çox
mühüm mövzudur. Siz tamamilə dəqiq dediniz ki, bizim
dövlətlər - Qafqaz
dövlətləri, Xəzər
dövlətləri və
dost dövlətlərdir. Biz
gələcəyə məhz
bu cür baxmalıyıq. Elə etməliyik
ki, asayiş olsun, münaqişələrin
yaranmasına yol verilməsin. Bizim regionda
problemlər kifayət
qədərdir - həm
gizli, həm də aşkar problemlər vardır.
Bizim vəzifəmiz bu cür təhdidlərə
mümkün qədər
çevik münasibət
bildirməyə çalışmaqdır.
Rusiya bu proseslərdə öz rolunu başa düşür.
Hətta
Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi
kimi olduqca çətin problem də,
Sizin haqlı olaraq dediyiniz kimi, beynəlxalq hüquq normaları və tərəflərin
qarşılıqlı iradəsi
əsasında həll
edilə bilər.
Son vaxtlar biz dəfələrlə
görüşmüşük. Səmimi deyim ki, bu
görüşlərin dinamikası
məni qane edir. Əlbəttə, nəticələr hələ çox cüzidir. Lakin Siz bir məsələyə əsla
şübhə etməyə
bilərsiniz ki, Rusiya hədsiz çətin olan bu münaqişənin tənzimlənməsinə maksimum
kömək etmək əzmindədir. Bunun üçün
biz, şəxsən mən
özüm də hər cür səy göstərmişik
və bundan sonra da göstərəcəyik.
Humanitar sahədə dostluq əlaqələrimiz yəqin
ki, ayrıca təhlil aparılmasını
tələb edir. Siz ölkənizdə
rus dilinə xüsusi qayğı göstərildiyini xatırlatdınız.
Nə gizlədim, bu, əlbəttə, mənim
üçün çox
xoşdur. Mənə belə
gəlir ki, bu, Azərbaycan üçün də çox vacibdir. Çünki biz yaxın ölkələrik,
bizim tariximiz uzun müddət birlikdə davam etmişdir, indi də biz yanaşı inkişaf edirik və rus dili
bu mənada, əlbəttə, müəyyən
əhəmiyyət kəsb
edir. Lakin bu, heç
də o demək deyildir ki, Rusiya
Azərbaycan dilinin inkişafı üçün
heç nə etməməlidir. Siz
bilirsiniz ki, bu yaxınlarda mən telekanalların verilişlərinin peyk vasitəsilə dost ölkələr
üçün yayımlanması
barədə qərar
qəbul etmişəm.
Rusiyada böyük Azərbaycan diasporu vardır və onun Azərbaycan dilində xəbərlərlə
tanış ola, proqramlara, filmlərə baxa bilməsi, əlbəttə,
çox vacibdir. Əlbəttə, onlar hamısı
rusca danışırlar,
lakin ana dilini də yadda saxlamaq lazımdır. Buna görə də bu cür yayım
həyata keçiriləcəkdir.
Mənə belə gəlir
ki, bu da
çox faydalıdır,
böyük mübadilələr
də öz yerində - məsələn,
indicə Siz Ulyanovskdakı məktəb
və mehriban əməkdaşlığa dair
bir sıra başqa nümunələr
barədə danışdınız.
Bu, çox vacibdir.
Yeri gəlmişkən, elə
Rusiya üçün
də. Ona görə ki,
Rusiya çox mürəkkəb, çoxmillətli,
çoxkonfessiyalı dövlətdir
və ölkə daxilində vətəndaş
sülhü və asayiş olması üçün biz qonşularımızla
dostluq etməyi bacarmalıyıq.
Buna görə
Sizin ölkəyə
gəlişimiz bizi çox sevindirir. Dəvət üçün sağ olun. Əminəm ki, biz bu gün
də, sabah
da səmərəli danışıqlar aparacaq,
dostcasına ünsiyyət
saxlayacağıq. İndi
isə Rusiya Federasiyasının Prezidenti
kimi mənə bircə bu qalır
ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlunun sağlığına,
onun xanımı, hörmətli Mehriban Arif qızının sağlığına, azərbaycanlı
dostlarımızın hamısının
sağlığına, sülh
naminə və xalqlarımızın tərəqqisi
naminə badə qaldırmağı təklif
edim!
AzərTAc
Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 4.