Müasir İncəsənət Muzeyi ilə tanışlıq

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva sentyabrın 3-də Müasir İncəsənət Muzeyində olmuşlar.

Xanım Svetlana Medvedeva Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa etdi.

Qonağa məlumat verilmişdir ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bugünədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanmışdır.

Bildirilmişdir ki, muzeyin beynəlxalq əlaqələri də genişlənir. Bu mədəniyyət ocağı 2011-ci ildə 47 ölkənin təmsilçisinin qatılacağı Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində iştirak etmək niyyətindədir.

Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil edilmiş bir çox fırça ustası və heykəltəraşın əsərləri ilə tanış oldu.

Rusiyanın birinci xanımı muzeydə Mehriban xanım Əliyevanın mayın sonlarında Bakıda keçirilmiş "Qız qalası" Beynəlxalq incəsənət festivalına təqdim etdiyi əsərinə maraqla tamaşa etdi. Mehriban xanım Əliyevanın əsərində bir sıra ölkələrin müxtəlif tarixi və mədəniyyət abidələri əks etdirilmişdir. Əsərin üzərində isə mədəni irsin qorunmasına rəmzi çağırış mənasını daşıyan çətir qurulmuşdur. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu əsəri ilə bütün dünyanı mədəni irsin qorunmasına çağırmışdır.

Qərbi Avropa incəsənəti salonunda isə Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir.

Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir. Muzeydə 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunəsi də nümayiş etdirilir.

Qonaq muzeyin Xatirə kitabına ürək sözlərini yazdı.

Rusiyanın birinci xanımına xatirə hədiyyəsi təqdim olundu. Xanım Svetlana Medvedeva da Mehriban xanım Əliyevaya hədiyyə təqdim etdi.

Rusiya Prezidentinin xanımı muzeyin əməkdaşlarına təşəkkürünü bildirərək buradan zəngin təəssüratlarla ayrılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 5.