Heydər Əliyev Fondunda görüş

 

Sentyabrın 3-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunda Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva ilə görüşmüşdür.

Birinci xanımlar əvvəlcə fondun fəaliyyəti, təhsil, elm, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələrdən bəhs edən filmə baxdılar.

Sonra Mehriban Əliyeva ilə Svetlana Medvedevanın görüşü oldu.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, fond Azərbaycanın tərəqqisinə yönələn, mədəniyyətimizin və ölkəmizin tarixinin geniş təbliği ilə bağlı görülən işləri dəstəkləyir. Azərbaycanın birinci xanımı dedi ki, rəhbərlik etdiyi qurum müxtəlif sahələri əhatə edən və cəmiyyəti düşündürən, ölkəmizin həqiqətlərinin dünyada təbliğ olunmasına yönələn genişmiqyaslı layihələr həyata keçirir. Fond bir sıra beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir.

Heydər Əliyev Fondunun Rusiya Prezidentinin xanımının rəhbərlik etdiyi Sosial-Mədəni Təşəbbüslər Fondu kimi geniş xeyriyyəçilik və irimiqyaslı sosialhumanitar layihələr həyata keçirdiyini söyləyən Mehriban xanım dedi ki, biz bir yerdə əməkdaşlıq çərçivəsində çox şeyə nail ola bilərik.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirən Rusiyanın birinci xanımı Svetlana Medvedeva görülən işlərin təqdirəlayiq olduğunu söylədi. O, fondun reallaşdırdığı layihələrin əhəmiyyətini xüsusi qeyd edərək Heydər Əliyev Fonduna gələcək fəaliyyətində uğurlar arzuladı.

Rusiyanın birinci xanımı özünün rəhbərlik etdiyi Sosial-Mədəni Təşəbbüslər Fondunun fəaliyyəti haqqında məlumat verərək qurumun bir sıra iri layihələr həyata keçirdiyini söylədi.

Görüşdə mədəni irsin qorunması sahəsində müzakirələr aparıldı. Birinci xanımlar fondlar arasında əlaqələrin inkişafı ilə bağlı razılığa gəldilər. Xeyriyyəçilik missiyası ilə bərabər, ölkələrimizin mədəniyyətlərinin təbliğatına da böyük diqqət ayrılmasının vacibliyi vurğulandı.

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Svetlana Medvedevaya xatirə hədiyyələri təqdim etdi.

Rusiyanın birinci xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratlarla ayrıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 5.