Azərbaycanın məşhur heykəltəraşı Ömər Eldarov Niaqaranın fəxri xoşməramlı səfiri seçilmişdir

 

Kanadanın TorontoNiaqara şəhərlərində böyük uğurla keçmiş Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Niaqarada 12-ci Beynəlxalq Niaqara Musiqi Festivalı çərçivəsində Azərbaycan simfonik musiqisi və muğamlarından ibarət möhtəşəm konsertlə başa çatmışdır.

Festivalın Azərbaycan üzrə rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti Mikayıl Hacıyev AzərTAc-a bildirmişdir ki, Müqəddəs Mark Kilsəsində təşkil edilmiş konsertin iştirakçıları arasında çoxsaylı musiqisevərlərlə yanaşı, rəsmi şəxslər, Kanada parlamentinin deputatları, Niaqara şəhərinin meri lord Geri Borrou, Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev, beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri, Kanadanın və ABŞ-ın musiqi mədəniyyəti korifeyləri də olmuşlar.

Konsertdən əvvəl məşhur siyasətçilər və diplomatlar çıxış edərək Azərbaycanın zəngin mədəni irsi, musiqi və təsviri sənət sahəsində görkəmli xadimlərimiz, eləcə də Tanrı ilə insan arasında əlaqənin nadir təzahürü olan Azərbaycan muğamı barədə söhbət açmışlar.

Azərbaycanın əməkdar incəsənət xadimi, Niaqaranın fəxri beynəlxalq artisti, dirijor və bəstəkar İsmayıl Hacıyevin rəhbərlik etdiyi "İpək yolu" Kanada Kamera Orkestrinin və xanəndə Güllü Muradova, tarzən Sahib Paşazadə, amerikalı kaman ustası Cefri Verbaxdan ibarət muğam triosunun ifasında Azərbaycan musiqisinin klassikləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Tofiq Quliyev və başqalarının şah əsərləri, eləcə də İ.Hacıyev tərəfindən kamera orkestrimuğam triosu üçün işlənilmiş "Qarabağ şikəstəsi" və Azərbaycan muğamları - "Bayatı Şiraz", "Çahargah", "Heyratı" təqdim edilmişdir.

"Qarabağ şikəstəsi"nin bənzərsiz ifası zalda gurultulu alqışlarla qarşılanmışdır. Sonra pianoçu və bəstəkar Fərhad Bədəlbəylinin "Şuşa" muğam-simfonik misteriyasının Niaqara premyerası səslənmişdir. Şimali Amerika qitəsinin əsas bölgələrindən biri olan Niaqarada tamaşaçıların sürəkli alqışlarla qarşıladığı bu gözəl əsər Şuşanın altmış milyonluq Azərbaycan xalqının döyünən qəlbi olduğunu bir daha nümayiş etmişdir. Dinləyicilərin böyük əksəriyyəti F.Bədəlbəylini Azərbaycanın Şuberti adlandırmışlar.

İsmayıl Hacıyevin Azərbaycanın birinci xanımı, Şərq ilə Qərb arasında mədəni dialoqun yaranmasına və inkişafına, Azərbaycan simfonik musiqisinin və muğamının bütün dünyada təbliği işinə əvəzsiz töhfələr vermiş Mehriban Əliyevaya həsr etdiyi "Dünyanın Qızılgülü" muğam-simfoniyası kanadalı tamaşaçılar tərəfindən sürəkli alqışlar, "bravo!" və "bis!" sədaları ilə qarşılanmışdır.

Konsertin sonunda qədirbilən kanadalı tamaşaçılar ayağa qalxaraq Azərbaycanın böyük musiqi mədəniyyətinə, İ.Hacıyevin rəhbərlik etdiyi "İpək yolu" kamera orkestrinin görkəmli kanadalı, amerikalı və azərbaycanlı musiqiçilərinin ifasına səmimi ehtiramlarını sürəkli alqışlarla bildirmişlər.

Azərbaycanın simfonik musiqimuğam konsertindən əvvəl Niaqara meriyasının tarixi Kort-hauz zalında ölkəmizin tanınmış heykəltəraşı, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi təşkil edilmişdir. Bu sərgi təkcə Kanadanın deyil, bütövlükdə Şimali Amerika qitəsinin mədəni həyatında çox böyük hadisəyə çevrilmişdir. Kanadalı təsviri sənət biliciləri Niaqara meriyasının sərgi pavilyonunda dahi həmvətənlərimizin - Azərbaycan musiqi sənətinin korifeyləri Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Niyazi, müğənnilərdən Müslüm Maqomayev, Rəşid Behbudov, rəssam Səttar Bəhlulzadə, dramaturq Hüseyn Cavid və başqalarının heykəltəraşlıq obrazları ilə yaxından tanış olmaq imkanı əldə etmişlər.

Kanadalı tələbkar ekspertlər bu böyük şəxsiyyətlərin obrazlarını qranit, mərmər və tunc üzərində yüksək bədii zövqböyük ustalıqla yaratmış heykəltəraş Ömər Eldarovu "Şərqin Mikelancelosu" adlandırmışlar.

Ömər Eldarovun heykəltəraşlıq portretləri sərgisində türk dünyasının iki böyük liderinin - Heydər Əliyev və Atatürkün, eləcə də Azərbaycanın birinci xanımı, bütün dünyada sülhün möhkəmlənməsi naminə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun səmərəli inkişafına, dünya mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı təsirinə sanballı töhfələr vermiş Mehriban Əliyevanın portretləri xüsusi yer tuturdu.

Azərbaycanlı heykəltəraşın fərdi sərgisi başa çatdıqdan sonra Niaqara meri lord Geri Borrounun böyük dəyirmi kabinetində keçirilmiş təntənəli mərasimdə akademik Ömər Eldarova Niaqaranın fəxri xoşməramlı səfiri diplomu təqdim edilmişdir.

Xatırladaq ki, avqustun 24-də Torontoda, Beynəlxalq Türk İnstitutunun təsviri incəsənət salonunda Ömər Eldarovun heykəltəraşlıq portretlərindən ibarət birinci fərdi sərgisi keçirilmiş, orada bu sənətkara İncəsənətdə böyük nailiyyətlər qazanmış İnsan, türk dünyasının ən böyük heykəltəraşı, bütün dünyada Ümumtürk mədəniyyətinin elçisi fəxri diplomu təqdim edilmişdir.

Niaqara Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Torontodakı Kral Konservatoriyasının professoru Atis Bankas da Azərbaycan mədəniyyəti günlərini çox yüksək qiymətləndirmişdir. Professor Bankas bu tədbirdən aldığı təəssüratları aşağıdakı sözlərlə ifadə etmişdir: "Beynəlxalq Niaqara Festivalının rəhbərliyi və Niaqara meriyası tərəfindən Heydər Əliyev Fondu ilə birlikdə, Azərbaycanın Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin dəstəyi ilə Kanadada keçirilmişböyük uğurla başa çatmış Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Kanadanın və bütün Şimali Amerika qitəsinin mədəni həyatında sensasiyalı hadisəyə çevrilmişdir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə fəal və intensiv inkişaf etməkdə olan Azərbaycan dövlətinin siyasi, iqtisadi və mədəni qüdrətinin getdikcə artmasına dəlalət edir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 7.