Bakıda Dövlət
Bayrağı Meydanının açılması Türkiyə
mətbuatının diqqət mərkəzində olmuşdur
Bakıda dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Dövlət Bayrağı Meydanının açılması qardaş Türkiyənin qəzetləri, informasiya agentlikləri və televiziya kanalları tərəfindən geniş işıqlandırılır.
Türkiyənin nüfuzlu NTVSNBC televiziya kanalının internet saytında "Budur, dünyanın ən yüksək bayraq dirəyi" başlığı ilə yerləşdirilmiş yazıda qeyd olunur ki, Dövlət Bayrağı Meydanının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi olduğunu vurğulamışdır. Məqalədə qeyd olunur ki, Giness rekordlar kitabında yüksəkliyi 162 metr və ağırlığı 220 ton olan dünyanın ən yüksək bayrağının Azərbaycanda olduğu təsdiq olunmuşdur.
"Kanal D" televiziyasının səhər proqramında hazırlanmış reportajda isə Prezident İlham Əliyevin Azərbaycanın dövlət bayrağının Dağlıq Qarabağda dalğalanacağı fikrinə yer verilmiş, qardaş Azərbaycanın dünyaya səs salan bu addımının dostu sevindirdiyi, düşməni kədərləndirdiyi vurğulanmışdır.
"Takvim" qəzetində dərc olunmuş "Dünyanın ən yüksək bayrağı Bakıda" başlıqlı məqalədə deyilir ki, ən böyük sərvətin müstəqillik olduğunu söyləyən Azərbaycan Prezidenti İlham Əliyev ötən il imzaladığı sərəncamla 9 noyabrı - Dövlət Bayrağı Günü elan etdiyini xatırlatmışdır.
Türkiyənin rəsmi Anadolu xəbər agentliyi də bütün qəzetlər və televiziyalara Bakıda dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Dövlət Bayrağı Meydanının açılışı xəbərini və fotoşəkillərini yaymışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 7.