Ulu tarixin yeni-yeni səhifələri
açılır
Şəmkir Azərbaycanın qədim şəhərlərindən biridir. Böyük İpək Yolu üzərində, müsəlman və Qərb sivilizasiyasının təmas məkanında yerləşir. Ona görə də bu ulu diyar zaman-zaman ən müxtəlif hadisələrin burulğanında fəal iştirak etmişdir. Tarixçilər Şəmkirin hələ VII əsrin birinci yarısında Azərbaycanda önəmli şəhərlərdən biri olduğunu bildirirlər. Onikinci yüzillikdə isə onun çiçəklənmə dövrü yaşadığı, monqol işğalçılarına qarşı inadlı müqavimət apardığı qeyd edilir.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin, Regionların İnkişafı ictimai birliyinin Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə keçirdikləri mətbuat konfransında da tariximizin açılmamış səhifələri barədə geniş məlumat verilmişdir.
Ərəb tarixçiləri, orta əsr yazarları, səyyahlar və alimlər Şəmkirin səfalı təbiətindən, coğrafi mövqeyindən, burada vaxtilə "başı göylərə dəyən" minarə-qüllədən məftunluqla söhbət açdılar. XIX əsrin tanınmış fırça və tişə ustaları - Monpere, Qaqarin və başqaları, nə yaxşı ki, Şəmkir qülləsinin rəsmini çəkiblər. Baxdıqca, Arran memarlıq məktəbinin şah əsərlərindən olan, fəqət, gəlib bizə çatmayan bu nadir memarlıq incisi haqqında aydın təsəvvür yaranır.
Qədim Şəmkirin tarixində bu cür ibrətamiz səhifələr saysız-hesabsızdır. Bütün bunların araşdırılması üçün 2006-cı ilin avqust ayında yoxlama-qazıntı işləri aparılmış, şəhərin ilkin yerinin sistemli arxeoloji tədqiqinə başlanılmışdır. 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin, Regionların İnkişafı İctimai Birliyinin, eləcə də Şəmkir Rayon İcra Hakimiyyətinin birgə layihəsi üzrə abidədə genişmiqyaslı tədqiqat işləri aparılır.
Arxeoloji qazıntılara tarix elmləri doktoru Tarix Dostiyev rəhbərlik edib. T.Dostiyevin fikrincə, Şəmkir digər müsəlman şəhərləri kimi, üç topoqrafik hissədən - narınqala (içqala), şəhristan (içərişəhər) və rabaddan (bayırşəhərdən) ibarət olub. Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, şəhərin qala divarları ilə əhatə olunan sahəsi 28 hektar ərazini əhatə edir. Narınqala şəhristanın şərqində, Şəmkirçayın sahilində, çay yatağından 8,5 metr hündürlükdə yerləşir. İstehkam qalıqları 240 metr məsafədə üzə çıxarılaraq bünövrəyədək tədqiq edilib. Qazıntılar zamanı IX-X əsrlərə aid məişət tikililəri, təndirxanalar, ocaqlar, yaşayış evlərinin qalıqları üzə çıxarılıb.
Axtarışlar nəticəsində şəhərin abadlığına dair maraqlı materiallar əldə olunub; kəhriz xətti, kanalizasiya və drenaj sistemi qalıqları, yeraltı hidrotikili və digər mühəndis qurğularının izləri aşkarlanıb. Bir sözlə, burada Azərbaycan arxeologiyası üçün böyük elmi əhəmiyyət kəsb edən tapıntılar da çoxdur.
Yeni üzə çıxarılan maddi-mədəniyyət nümunələrinin sərgisindəki zərgər zindanı, pəncərə şüşəsi fraqmentləri, mavi şirəli kirəmit nümunələri, şüşə və çini qablar istehsalını təsdiqləyən faktik materiallar böyük maraq doğurur. Tapıntılar arasında saxsı məmulatı xüsusi üstünlük təşkil edir. Onların böyük əksəriyyəti yüksək bədii tərtibatı ilə fərqlənirlər. İlkin nəticələr göstərir ki, Şəmkirin dulusçu rəssamları həndəsə və nəbatat aləmindən götürülmüş elementlər əsasında dekorativliyi ilə fərqlənən bədii sənət nümunələri yaradıblar. Mütəxəssislərin fikrincə, Şəmkir saxsısı hazırda dekorativ-tətbiqi el sənətlərinin inkişafı üçün gözəl örnək ola bilər.
Əlbəttə, bütün bunları qorumaq, qayğı ilə mühafizə etmək, tədqiqatçılara və gələcək nəsillərə çatdırmaq lazımdır. Ona görə də Azərbaycan arxeologiyasında ilk dəfə olaraq qədim Şəmkirin yerində arxeoloji qazıntılarla paralel üzə çıxarılan, uçmaq təhlükəsi altında olan tikililərdə konservasiya işləri görülür, onların mühafizəsi və uçub dağılmaq təhlükəsi aradan qaldırılır.
Bir məsələ də maraqlıdır: Regionların İnkişafı İctimai Birliyinin xüsusi layihəsi üzrə artıq dörd ildir ki, ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan şəmkirli tələbələr yay tətillərində burada arxeoloji ekspedisiyaya qatılır, xalqımızın qədim mədəni irsinin üzə çıxarılmasında bilavasitə yaxından iştirak edirlər. Bu əməli fəaliyyət gənclərin, ən azı, mənəvi zənginləşməsinə imkan yaradır.
Regionların İnkişafı İctimai Birliyinin əməkdaşı Taleh Həmidin də qeyd etdiyi kimi, arxeoloji qazıntılar nəticəsində tapılan çoxsaylı, müxtəlif təyinatlı qiymətli maddi-mədəniyyət nümunələrinin qorunması və nümayiş etdirilməsi vacibdir. Bu məqsədlə qədim Şəmkir arxeoloji muzeyinin təşkili və burada tarixi-memarlıq qoruğunun yaradılması çox faydalı olardı.
Əhməd İSAYEV
Azərbaycan.- 2010.- 4 sentyabr.- S. 7.