Bayraq
Dövlət bayrağımıza
ithaf olunur
Bayraq bir millətin özünüdərki,
Qeyrəti, məsləki, əqidəsidir.
İliyindən keçib canından gələn,
Dilində göyərən haqqın səsidir.
Ulu əcdadımın Qobustandakı
Qayada cizgisi, Qaval daşıdır.
Yüz illər, min illər yol keçib gələn,
Nəsillər yaşadan qan yaddaşıdır.
Xətai idrakı, Babək qılıncı,
Koroğlu sazının öz simidir o.
Babam Füzulinin qərib məzarı,
Hələbdə soyulan Nəsimidir o.
Kəpəzdi, Qoşqardı, Arazdı, Kürdü,
Mayası atəşdən, oddan yoğrulub.
Üç rəngi köçürüb öz varlığına,
Bir aylı gecədə sanki doğulub.
Dönüb bir millətin səcdəgahına,
İgidlər önündə onun and içər.
"Yaşa, ana yurdum, sən yaşa!" - deyə
Girib döyüşlərə, canından
keçər.
Vətən övladları
igid, cüssəli,
Düşmənin bağrını dağıdar,
sökər.
Heç nədən
qorxmayan oğullar belə
Bayrağın önündə yalnız
diz çökər.
Döyüşlər, savaşlar
önündə gedib,
Zəfər ilhamıyla dalğalanıbdır.
Çox vaxt cəbhələrdə hamıdan
qabaq
İlkin zərbələri bayraq alıbdır.
Namusdu, qeyrətdi,
şöhrətdi, şandı,
Bayraq ucalanda millət ucalar.
Bayrağı ucaldan oğullar varsa,
O millət
həmişə zəfərlər
çalar.
Dik saxla başını, dik tut, bayrağım!
Qəddin əyilməsin heç vaxt bir daha.
Hələ qabaqdadır sənin xoş çağın.
Gedək o günləri
doğan sabaha!
Seyran CAVADOV
Azərbaycan.- 2010.- 5 sentyabr.- S. 2.