Azərbaycan uğurlu enerji siyasəti
yürüdən ölkə kimi tanınır
İri enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi ötən dövrdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas prioritet istiqamətini təşkil etmişdir. Elmi əsaslarla həyata keçirilən sosial-iqtisadi strategiya inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin dəqiqliklə gerçəkləşməsinə real imkanlar açmışdır. Azərbaycan Prezidenti islahatların davamlılığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.
Qloballaşan dünyanın geosiyasi mənzərəsinə təsir göstərən mühüm amillərdən biri də zəngin enerji resursları üzərində nəzarətin təmin olunması və neft-qaz ehtiyatlarının təhlükəsiz marşrutlarla dünya bazarlarına çatdırılmasıdır. Belə kəskin rəqabət mühitində təbii sərvətlərin zənginliyi heç də bütün dövlətlərə iqtisadi nailiyyətlər və xoşbəxtlik gətirmir. Tarixi təcrübə sübut edir ki, neftlə zəngin bir çox dövlətlər uğursuz iqtisadi siyasətin məntiqi nəticəsi kimi həqiqi müstəqilliklərini itirərək mahiyyətcə müstəmləkəyə çevrilmiş, ağır sosial-iqtisadi problemlərlə, aclıq və səfalətlə üzləşmişlər.
Bugünün özündə də neftlə zəngin bir çox ölkələrin yoxsul yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnu itirməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür. Dünyada iqtisadiyyatın yalnız neft üzərində qurulması, habelə neft gəlirlərinə güvənmə nəticəsində iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi bədnam təcrübə mövcuddur. Bu reallıqlar fonunda hər bir təbii sərvətdən, o cümlədən neftdən xalqın və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə etmək uzaq hədəflərə hesablanmış praqmatik siyasət yeridilməsini tələb edir. Əks təqdirdə, neftin zənginliyi dövlətlər üçün iqtisadi inkişaf və tərəqqi deyil, yalnız arzuolunmaz problemlər gətirir.
Böyük öndərin ciddi diplomatik səyləri nəticəsində daxildə möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi investorların respublikamıza münasibətinin əsaslı surətdə dəyişməsinə gətirib çıxarmışdır. Ümummilli lider Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. Ümummilli lider Heydər Əliyev 1994-cü il fevralın 4-də "Azərbaycanın dəniz və qaz yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında" sərəncam imzalamışdı. Mühüm tarixi əhəmiyyət kəsb edən həmin sərəncamda dənizdəki karbohidrogen ehtiyatlarının ölkənin ümumi mənafeləri çərçivəsində istismarını sürətləndirmək üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi, xarici neft şirkətləri və beynəlxalq konsorsiumlarda əlverişli müqavilələrin bağlanması üçün effektli tədbirlər görülməsinin vacibliyi vurğulanır. Ümumilikdə ulu öndərin, sərəncamı neft-yataqlarının işlənilməsinin əsas prinsiplərini müəyyənləşdirirdi.
"Əsrin müqaviləsi"nin imzalanmasından sonra dünyada əsas enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşməsi sözügedən müqavilə çərçivəsində hasil olunacaq milyonlarla ton xam neftin hansı əsas marşrutla Qərb bazarlarına nəql ediləcəyi məsələsini də başlıca mübahisə predmetinə çevirmişdi. Bu məsələ ilə bağlı fərqli təklif və ideyalar təkcə layihənin iştirakçısı olan dövlətlərin iqtisadi deyil, həm də təhlükəsizlik maraqlarından irəli gəlirdi. Region dövlətləri əsas ixrac neft boru kəmərinin məhz onların ərazisindən keçməsinə, beləliklə də külli miqdarda tranzit gəlirinə sahib çıxmağa, eyni zamanda, alternativ enerji mənbələri əldə etməyə çalışırdılar. Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması uzun müddət dünya siyasətinin aparıcı mövzusuna çevrilmişdi. "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir", - deyən ulu öndər Heydər Əliyev böyük diplomatik səylər hesabına sözügedən layihənin siyasi baxımdan alternativsiz olduğunu beynəlxalq miqyasda tam sübuta yetirdi və müvafiq sazişin imzalanmasına nail oldu. Bununla da müstəqil respublikamızın davamlı inkişafı və yüksəlişi üçün daha bir möhkəm bünövrənin əsası qoyuldu.
2003-cü ilin 15 oktyabrında ulu öndərin layiqli varisi - cənab İlham Əliyevin xalqın iradəsi ilə Azərbaycan Prezidenti seçilməsi Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmişdir. Dövlət başçısı makroiqtisadi inkişafı təmin etməklə yanaşı, yüksək siyasi qətiyyət nümayiş etdirərək Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, strateji tranzit-kommunikasiya əhəmiyyəti daşıyan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşasına başlanılmışdır. Azərbaycanın hazırda təkcə region dövlətlərinin deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması da danılmaz faktdır. Etiraf etməliyik ki, bu problem bir çox hallarda ölkələrin müstəqilliyini təhdid edən, müstəqil dövlətlərin demokratik inkişafına maneə yaradan çox ciddi əngələ çevrilir. Azərbaycan isə nəinki belə problemlərdən uzaqdır, üstəlik Avropa regionunun enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri kimi çıxış edir.
Enerji təhlükəsizliyi baxımından ən əsas məsələ təchizat marşrutlarının şaxələndirilməsidir. Bu gün təbii ehtiyatlarımızı müxtəlif istiqamətlərə nəql edən şaxələndirilmiş boru kəmərləri sistemimiz var. Enerji sahəsində davamlı və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsi üçün istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansının olması son dərəcə vacib məsələdir. Azərbaycan dövləti qlobal qaz bazarında mövqelərini getdikcə gücləndirməkdədir. Cari ilin əvvəllərində İsveçrənin Davos şəhərində 40-cı Dünya İqtisadi Forumunun "Qlobal enerji mənzərəsi" mövzusunda keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev bütövlükdə, ölkəmizdə energetika sahəsində görülən işlər və iqtisadi proseslərlə bağlı bildirmişdir: "Düşünürəm ki, qlobal qaz bazarında Azərbaycanın rolu mütləq artacaqdır. Çünki nəhəng qaz ehtiyatlarının aşkar olunması Azərbaycanın əsas qaz ixracatçılarından birinə çevrilməsinə imkan yaradacaqdır. Hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş minimal qaz ehtiyatları 2 trilyon kubmetrdən artıqdır. Bu bundan sonrakı on illər ərzində həm bizim, həm də ixracat həcm üçün kifayətdir. Hazırda ən mühüm məsələ təbii qazımız üçün etibarlı və uzunmüddətli bazarın təmin edilməsidir. Qeyd edim ki, artıq şaxələndirilmiş qaz təchizatı sistemimiz vardır. Lakin həmin sistem yalnız bugünkü hasilat həcmini nəql edə bilər. Biz qaz hasilatını iki, üç dəfə, bəlkə də daha çox artırmağı planlaşdırırıq. Onun üçün bizim daha böyük həcmli boru kəmərləri infrastrukturumuz olmalıdır. Əlbəttə, böyük sərmayələri yeni işlənilmə və boru kəmərləri infrastrukturuna yatırmaq üçün biz aydın şəkildə bilməliyik ki, istehlakçılarımız kimlərdir. Həmin ölkələrdə bazarın tənzimlənməsi necə qurulub. Həmin bazarlar bizim üçün etibarlı və uzunmüddətlidir, ya yox. Beləliklə, əminəm ki, bütün bu məsələlər öz həllini tapandan sonra Azərbaycan neft sahəsində olduğu kimi, qaz potensialından da uğurla istifadə edəcəkdir".
Enerji təhlükəsizliyi məsələsi Avropa üçün getdikcə daha böyük əhəmiyyət daşımaqdadır. Azərbaycanın böyük neft və qaz potensialına malik olması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik olacağını deməyə əsas verir.
Azərbaycan.- 2010.- 5 sentyabr.- S. 2.