Sberbank və Azərbaycan Beynəlxalq Bankı əməkdaşlıq barədə memorandum imzaladı

 

3 sentyabr 2010-cu il tarixində Moskva şəhərində Rusiyanın nəhəng maliyyə-kredit təşkilatı olan Sberbank və Azərbaycan Beynəlxalq Bankı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq barədə Memorandum imzalanmışdır. Bu sənəd hər iki tərəfin vahid mövqeyini ifadə etməklə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin daha da genişləndirilməsi, effektiv istehsal sahələrinin kreditləşdirilməsi, müxtəlif istiqamətləri əhatə edən layihələrin birgə maliyyələşdirilməsi, o cümlədən daşınmaz əmlakla bağlı sahələrin inkişaf etdirilməsi, investisiya proqramlarında iştirak, yeni yerlərinin yaradılması və s. işlərdə hər iki böyük bank üçün birgə fəaliyyətə yeni imkanlar açır.

Sənəddə əməkdaşlığın əsas istiqamətləri kimi dövlət və fərdi partnyorluq zəminində layihələrin həyata keçirilməsində təşkilati və maliyyə sxemlərinin təhlili, makroiqtisadi, hüquqi, maliyyə-kredit məlumatlarının birgə araşdırılması, bununla da nəzərdə tutulan qlobal işlərin uğurla başa çatdırılması nəzərdə tutulur. Fərəhli haldır ki, memorandumun imzalanması Rusiya Federasiyasının Prezidenti D.Medvedevin ölkəmizə rəsmi səfəri günlərində baş tutmuşdur.

Məlumat üçün qeyd edək ki, Sberbank Rusiya Federasiyasının və MDB-nin ən iri bankıdır. Onun aktivləri Rusiya bank sisteminin 27 faizini, ölkə bank kapitalının 26 faizini təşkil edir. The Banker jurnalının 1 iyul 2010-cu il tarixli məlumatına əsasən, Sberbank 1-ci dərəcəli kapitalının həcminə görə dünyanın nəhəng bankları sırasında 43-cü yeri tutur.

Təqdirə layiq haldır ki, ABB Azərbaycanın xarici iqtisadi fəaliyyətinin səmərəliliyində əhəmiyyətli rolu olan ölkələrdə fəal işləməyi davam etdirir. Rusiya ilə tarixən təşəkkül tapmış əlaqələri ən çoxsaylı diasporumuzun burada olduğunu nəzərə alaraq, ABB bu ölkədə öz biznesini genişləndirməyə böyük əhəmiyyət verir. Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə Moskva şəhərində - Müstəqil Dövlətlər Birliyinin Avrasiya İqtisadi Birliyinin maliyyə mərkəzində ABB-nin törəmə bankını - ABB-Moskva Bankını açmasını bütün milli bank sistemi üçün çox əlamətdar hadisə adlandırmaq olar.

Qeyd etmək lazımdır ki, hazırda ABB-Moskva bankı inkişaf edərək özünün geniş fəaliyyət şəbəkəsini yaratmışdır bu gün bankın Moskva şəhərində ofisləri, Sankt-Peterburq, Yekaterinburq şəhərlərində filialları vardır.

Bu gün ABB ölkənin ən kapitallaşdırılmış bankıdır: onun nizamnamə kapitalı 240 milyon manat təşkil edir. 2010-cu il 1 iyul tarixinə bankın balans kapitalı 627,7 milyon manat səviyyəsindədir. ABB bu il Azərbaycanın büdcəsinə 22 milyon manat müxtəlif xarakterli vergi ödənişlərini həyata keçirib.

2010-cu ilin birinci yarım ilində bankın gəlirləri 189,98 milyon manat təşkil edib. Azərbaycanda dövlət nəzarətində olan yeganə bankın vergiyə qədər mənfəəti 41,4 milyon manat olmuşdur. Bank 31,5 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.

Qeyd etmək vacibdir ki, nüfuzlu beynəlxalq reytinq təşkilatı olan Fitch Ratings Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli emitentin böhran reytinqini (EBR) xarici valyutada "BB+" səviyyəsindən "BBB" investisiya səviyyəsinədək qaldırıb. Bu hədd Azərbaycanın uzunmüddətli emitentin böhran reytinqinə bərabərdir. Həmçinin bu günlərdə Moody's Investors Service" şirkəti Azərbaycan Beynəlxalq Bankının yerli valyutada depozitləri üzrə uzunmüddətli "Baa3" səviyyəli reytinqi subordinasiyalı valyuta borcunun uzunmüddətli "Ba1" səviyyəli reytinqi barəsində öz proqnozunu "Stable" səviyyəsinə qaldırdı.

 

 

Azərbaycan.- 2010.- 5 sentyabr.- S. 3.