Əməliyyatların ətraf
mühitə təsiri yoxlanılır
Bu yaxınlarda bp Azərbaycan şirkəti 2009-cu ildəki fəaliyyətini əks etdirən hesabatı kitab şəklində nəşr etdirib. "Davamlı inkişaf haqqında hesabat" adlanan həmin topluda şirkətin fəaliyyəti bir çox aspektlərdə işıqlandırılıb. Burada ətraf mühitlə bağlı məsələlərə də xüsusi önəm verilib. Bu da təsadüfi deyil. Çünki bp-nin SƏTƏMM prinsiplərində ətraf mühitə qayğı əsas hissələrdən birini təşkil edir. SƏTƏMM - Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi deməkdir.
bp-nin ətraf mühit monitorinqi iki hissədən ibarət olur. Bunlardan biri şirkətin iş apardığı obyektlərin yaxınlığında ətraf mühitin vəziyyəti üzərində cəmlənir. Digəri isə əməliyyatlar nəticəsində mənbədə tullantıların ölçülməsi və onların hərəkətinin müəyyən edilməsi monitorinqidir.
bp Azərbaycan şirkəti kompleks ekoloji monitorinq proqramını 2004-cü ildən bəri həyata keçirir. 2009-cu ilin sonunadək bu proqram artıq 6 illik bir müddət ərzində bütünlükdə 70 monitorinq tədqiqatını başa çatdırmışdı. Keçən il aparılan 13 tədqiqatdan 6-sı dənizdə, biri Səngəçal körfəzinin sahilyanı ərazisində, 6-sı isə quruda həyata keçirilmişdi.
2009-cu ildə lay sularının uzun müddət üçün ləğvi variantından istifadə etmək mümkün oldu. Təxminən 510 min 307 ton lay suyu yenidən laylara vurulmaq üçün dənizə qaytarıldı. Bu balans boru kəmərində hərəkət edən neft axınında suyun ixracı, "Azəri-Çıraq-Cünəşli" və "Şahdəniz"dən hasil edilmiş lay suyu hovuzlarında saxlanma-buxarlanma zamanı yaranır. Keçən il üçüncü tərəf podratçıları az miqdarda olsa belə lay suyunu məsrəfsiz atmayıblar. Oktyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra nümayəndələri Səngəçal terminalında olub, lay suları qurğuları ilə əlaqədar təqdimatda iştirak edib və onların işinə baxmaq üçün istehsalat sahəsini gəziblər.
Sənaye tullantılarının utilizə edilməsi xidmətlərini yerinə yetirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən lisenziyası olan "RT Servises" adlı yerli şirkət 7504 ton dəniz suyunu emal edib. Qeyd edək ki, 2008-ci ildə bu rəqəm 15220 ton idi. "RT Servises" il boyu hasil edilmiş lay sularının filtrləşdirilməsi nəticəsində yaranmış 12 ton bərk tullantını da ləğv edib.
2009-cu ildə aparılan dəniz tədqiqatları mövcud yataqların həmişə keçirilən adi monitorinqindən ibarət idi. Bu tədbirlər həmçinin gələcəkdə işlənəcək ümidverici yataqların monitorinqini və regional ekoloji monitorinqi də əhatə edirdi.
"Qərbi Azəri", "Dərinsulu Günəşli" və "Şahdəniz" platformalarının yaxınlığında bu qurğularda aparılan hasilat əməliyyatlarının təsirini yoxlamaq üçün dəniz dibinin monitorinqi də keçirildi. Yeni "Çıraq Neft Layihəsi" və "Şahdəniz-mərhələ 2" quyularının yaxınlığında gələcək əməliyyatlarla əlaqədar ətraf mühitin ilkin vəziyyəti öyrənildi. Bu tədqiqatlar həmin ərazilərdə fəaliyyətə başlanmazdan əvvəl mövcud ətraf mühit şəraitinin qeydə alınmasını təmin edir.
Səngəçal körfəzində isə balıq populyasiyalarının monitorinqi baş tutub. Bu tədqiqatın məqsədi balıq populyasiyalarının mövcudluğunu və sağlamlıq vəziyyətini, eləcə də körfəzdə çirklənmənin vəziyyətini yoxlamaq idi.
2009-cu ilin oktyabr ayında Səngəçal, Ümid və Sahil qəsəbələrində Səngəçal terminalında atmosfer havasının monitorinqi və havanın keyfiyyətini müzakirə etmək üçün ümumi iclaslar keçirildi. Qoxu, səs-küyün yaradılması ilə əlaqədar icmanı narahat edən məsələlər müzakirə olundu, təsirlərin azaldılması tədbirləri müəyyən edildi.
2002-ci ildə Səngəçal terminalının genişləndirilməsi proqramını həyata keçirməyə başlayan inşaatçılar tikinti işləri zamanı Aralıq dənizi tısbağalarına rast gəlmişdilər. Bir tısbağanın "burnu belə qanamamışdı". Belə ki, layihə qrupu tısbağaları bir-bir mühafizə etmiş və onları xüsusi ¸fermaida yerləşdirmişdi. Həmin vaxtdan bəlkə də dünyada analoqu olmayan tısbağa ferması xeyli genişlənmişdi. Burada hətta tısbağa ¸ailələri yaranmışdı, körpələri böyüyürdü. Tikinti işləri sona çatdıqca onlar tədricən təbiətin qoynuna buraxılırdılar. Keçən il tısbağaların təbiətin qoynuna buraxılması planı tərtib olundu. İyun ayında 98 tısbağa yerli sakinlərin iştirakı ilə Qobustanın ərazisinə buraxıldı. Azərbaycan Biomüxtəliflik Mərkəzinin avqust ayında keçirdiyi monitorinq isə tısbağaların təbii mühitə uyğunlaşmasının qənaətbəxş olduğunu aşkar etdi.
Təhsil məqsədləri üçün terminalda az sayda tısbağaların saxlanılmasını istisna etməklə qalan 47 tısbağanın bu il təbiətə buraxılması nəzərdə tutulub.
F.SADIQLI
Azərbaycan.- 2010.- 5 sentyabr.- S. 6.