Təhsil işçilərinin ənənəvi
respublika konfransı keçirilmişdir
Sentyabrın 4-də
"Gülüstan" sarayında rəhbər təhsil
işçilərinin ənənəvi respublika konfransı
keçirilmişdir.
Konfrans
iştirakçıları əvvəlcə Fəxri xiyabana
gələrək, xalqımızın ümummilli lideri
Heydər Əliyevin xatirəsini ehtiramla anmış,
məzarı önünə tər güllər qoymuşlar.
Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın da
məzarı üstünə gül dəstəsi
düzülmüşdür.
Sonra təhsil
işçiləri Şəhidlər xiyabanında
Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini yad etmişlər.
Konfrans işinə
məktəblilərin ifasında Azərbaycan
Respublikasının dövlət himninin
səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə
dövlət və hökumət rəsmiləri, Milli
Məclisin deputatları, nazirlik və dövlət
komitələrinin nümayəndələri, Azərbaycanda
fəaliyyət göstərən beynəlxalq qurumların
təmsilçiləri, ali və orta ixtisas təhsili
müəssisələrinin rəhbərləri, rayon
və şəhər təhsil şöbələrinin
müdirləri iştirak etmişlər.
Təhsil sahəsində
dövlət siyasətini əks etdirən videoçarx
nümayiş etdirilmişdir.
Konfransda təhsil naziri
Misir Mərdanov "2009-2010-cu dərs ilinin yekunları və
2010-2011-ci dərs ilində qarşıda duran
vəzifələr" mövzusunda məruzə etmişdir.
Nazir
ölkəmizdə təhsilin inkişafı üçün
hərtərəfli şərait
yaradıldığını vurğulayaraq demişdir ki, son
illər respublikanın təhsil sistemində davamlı
inkişafa yönəlmiş əsaslı infrastruktur
dəyişikliklərinin baş verməsi,
inkişafyönümlü proqram və layihələrin
həyata keçirilməsi dövlətimizin
başçısının bu sahəyə
müntəzəm diqqət və qayğısı
sayəsində mümkün olmuşdur. 2009-2010-cu
illərdə 470 nəfər təhsil işçisi
müxtəlif fəxri adlara layiq
görülmüşdür. Prezident İlham Əliyevin bu
yaxınlarda "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələri qaliblərinin
mükafatlandırılması haqqında sərəncam
imzalaması həmin qayğının bariz nümunəsidir.
Bu addımlar məktəbin və müəllimin statusunun
yüksəldilməsinə yönəlmişdir.
Yüksək
diqqətə görə təhsil işçiləri
adından dövlətimizin başçısına dərin
minnətdarlığını bildirən M.Mərdanov
demişdir ki, bugünkü tədbirdə Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkədə təhsil
sahəsində həyata keçirilmiş islahatların
əsas istiqamətlərindən söz
açılacaq, mövcud problemlər təhlil
ediləcək, onların həlli yolları barədə fikir
mübadiləsi aparılacaqdır. Qeyd edilmişdir ki,
dövlətimizin başçısı cari ildə də
təhsil sahəsini diqqət mərkəzində
saxlamış, bu məqsədlə müxtəlif
sərəncam və fərmanlar imzalamışdır. Bir
neçə istiqamət üzrə dövlət
proqramları təsdiq edilmişdir.
Azərbaycanın
təhsil tarixində ilk dəfə olaraq ali təhsil
müəssisələrində adambaşına
maliyyələşmə mexanizminin tətbiq edilməsini
mühüm hadisələrdən biri hesab edən
M.Mərdanov demişdir ki, bütün bu işlər
təhsilimizin inkişafına mühüm təsir
göstərəcəkdir.
Dünyanı
cənginə almış iqtisadi böhrana baxmayaraq,
Azərbaycan hökuməti təhsilin inkişafına
əvvəlki illərdə olduğu kimi, yenə də
diqqətlə yanaşmışdır. Sevindirici haldır ki,
2010-cu ildə təhsilə ayrılan xərclərdə 10
faiz artım olmuşdur.
Məktəbəqədər
təhsildən bəhs edən nazir demişdir ki, hazırda
ölkəmizdə dövlətə məxsus 1624 uşaq
bağçası fəaliyyət göstərir. Son vaxtlar 17
uşaq bağçası tikilərək istifadəyə
verilmişdir. Özəl məktəbəqədər
təhsil müəssisələrinin də sayı
artmaqdadır. Artıq belə uşaq bağçaları
16-ya çatmışdır. Bu ilin ötən
dövründə 3 yeni uşaq bağşası tikilmiş,
6 müəssisə əsaslı təmir olunmuşdur.
Həyata keçirilmiş tədbirlər
nəticəsində Bakı şəhərində il
ərzində bağçaya 8 mindən çox uşaq cəlb
edilmişdir.
Bu gün
ölkədə 1173 uşaq bağçasının
əsaslı təmirə ehtiyacı olduğunu
söyləyən natiq vurğulamışdır ki,
hazırda məktəbəqədər
müəssisələrə uşaqların cəlb
olunması sahəsində mövcud vəziyyət bizi daha
çox narahat edir. Hazırda ölkəmizdə
mövcud 3532 yaşayış məntəqəsindən 75,5
faizində uşaq bağçasının olmaması
acınacaqlı haldır.
Nazir
diqqətə çatdırmışdır ki, bu il ümumi
orta təhsil müəssisələrinin 1-ci siniflərinə
qəbul olunacaq məktəblilərin sayında 2 mindən
çox artım gözlənilir. 2010-cu ildə 49 yeni
məktəb binası tikilmiş, 10 məktəb
üçün əlavə korpuslar inşa edilmiş, 7 məktəbdə
əsaslı, 356 məktəbdə isə cari təmir
işləri aparılmışdır. Gələn il
istifadəyə veriləcək 25 məktəbin isə
tikintisinə başlanılmışdır. Bakı
şəhərinin mərkəzində 132 və 134
nömrəli məktəblərin tarixi binası yeni dərs
ilində istifadəyə veriləcəkdir. Nazir
bildirmişdir ki, hazırda ölkə üzrə 262
məktəb qəza vəziyyətindədir, 872 məktəbin
isə əsaslı təmirə ehtiyacı vardır. Biz bu
problemin də aradan qaldırılmasına
çalışırıq.
Konfransda məktəblərin
infrastrukturunun yeniləşdirilməsi və təhsilin
inkişafı sahəsində Heydər Əliyev Fondunun
xidmətləri də xüsusi vurğulanmışdır.
Qeyd edilmişdir ki, Fondun
təşəbbüsü ilə hər il yüzlərlə
məktəbli yeni tədris ilinə yeni sinif otaqlarında
qədəm qoyur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva təhsil
ocaqlarının yeniləşməsinə xüsusi
əhəmiyyət verir.
Ümumiyyətlə,
təhsilin inkişafına dəstək Heydər Əliyev
Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir.
Fondun reallaşdırdığı ən
möhtəşəm layihələrdən biri
"Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsidir. Son illərdə bu proqram
çərçivəsində 300-ə yaxın
məktəb binası tikilmişdir. Artıq layihənin ikinci
mərhələsinə başlanılmışdır. Bu
layihə çərçivəsində yüzlərlə
məktəb yenidən bərpa olunmuş, ən müasir
avadanlıq və kompüterlərlə təchiz
edilmişdir.
Fondun
prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə hər yeni dərs ilinin
əvvəlində birinci sinif şagirdlərinə çanta
və dərs ləvazimatının paylanması artıq
ənənəyə çevrilmişdir. 2004-cü ildən
başlayaraq Fond hər il qaçqın və məcburi
köçkün ailələrindən olan
uşaqları, eləcə də Gürcüstanda yaşayan
soydaşlarımızı yeni tədris ilində dərs
vəsaitləri ilə sevindirir. Rusiya Federasiyası, Hollandiya,
Türkiyə və Rumıniyada yaşayan məktəbli
soydaşlarımız da belə hədiyyələr
alırlar.
Heydər Əliyev Fondu elm
və təhsil sahəsinə qrantların ayrılması,
xüsusi istedadlı şagirdlərə,
tələbələrə və alimlərə
təqaüdlərin verilməsinə də xüsusi
diqqət yetirir. Fondun prezidenti Mehriban xanım Əliyevanın
ideyaları ilə gerçəkləşən hər bir
işin təməlində insanlara olan sevgi dayanır. Xalq bu
məhəbbəti görür və qiymətləndirir.
Təhsil naziri demişdir
ki, son illərin mühüm hadisələrindən biri də
kurrikulumla bağlı islahatlardır. Artıq üç
ildir ki, ölkəmizdə bu istiqamətdə ciddi iş
aparılır. Müəllimlərin ixtisasının
artırılması, təkmilləşdirilməsi
üçün mühüm layihələr həyata
keçirilir. Bu sahədə Dünya Bankı Azərbaycan
hökumətinə yaxından köməklik göstərir.
Nazir Azərbaycan
məktəblilərinin beynəlxalq olimpiadalarda
qazandığı uğurlardan, bu nailiyyətləri
artırmağın vacibliyindən, xüsusi istedada malik
uşaqların yaradıcılıq potensialının
inkişafı istiqamətində görülmüş
işlərdən, vahid məktəbli formasının
tətbiqindən söz açmış,
dərsliklərlə bağlı məsələlərə
toxunmuşdur. Qeyd edilmişdir ki, son illər bu sahəyə
xüsusi diqqət yetirilir. Hər il olduğu kimi, bu il də
dərsliklər çap edilərək şagirdlərə
pulsuz paylanılacaqdır.
"Azərbaycan
Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların
ailələrə verilməsi (De-institusionalizasiya) və
alternativ qayğı Dövlət Proqramı"nın
əhəmiyyətini xatırladan nazir, bu sahədə YUNİSEF
ilə birgə həyata keçirilən tədbirlərin
səmərəli olduğunu söyləmişdir.
İlk növbədə Suraxanı və Xəzər rayonlarında
uşaq müdafiə sistemləri yaradılmışdır.
İki pilot rayonda bu iş həyata keçirildikdən sonra
ölkə üzrə proqramın icrasına
başlanılacaqdır.
Diqqətə
çatdırılmışdır ki, "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində
dünyanın nüfuzlu ali məktəblərinə qəbul
olunmuş tələbələrin sayı ilbəil artır.
Hazırda Azərbaycan gəncləri 20-dən çox
ölkənin tanınmış ali məktəblərində
təhsillərini davam etdirirlər.
Məruzədə
təhsil sisteminin informasiyalaşdırılmasından, bu
sahədə həyata keçirilən layihələrdən,
milli təhsil portalının yaradılmasından,
müəllimlərin hərtərəfli
hazırlığı üçün
görüləcək işlərdən
danışılmışdır.
Bildirilmişdir ki,
məktəblərdə İKT-nin tətbiqi ilə
bağlı xeyli iş görülmüşdür. Artıq
20 məktəb "Elektron məktəb" layihəsinə
qoşulmuş və təhsil müəssisələrində
çalışan müəllimlərin 30 faizdən
çoxu kompüter biliklərinə yiyələnmişdir.
Nazirlik dünyanın məşhur şirkətləri
"Microsoft" və "İntel"in
rəhbərləri ilə memorandum imzalamışdır. Bu
memorandumun əsas məqsədi hər şagirdə bir noutbuk
ideyasını reallaşdırmaqdır.
Naxçıvan Muxtar
Respublikasının təhsil naziri Piri Nağıyev
bildirmişdir ki, ümummilli lider, müstəqil
dövlətimizin memarı və qurucusu Heydər Əliyev
Azərbaycan təhsilinə daim böyük diqqət və
qayğı göstərmişdir. Ulu öndərin
siyasəti Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu siyasət milli
təhsil sistemimizin aydın strategiya və
konsepsiyasını, təhsilin idarə edilməsində yeni
prinsiplərin bərqərar olunmasını, onun beynəlxalq
standartlara uyğunlaşdırılmasını və
dünya təhsil sisteminə inteqrasiyasının
sürətləndirilməsini əks etdirir və hər bir
təhsil işçisinin qarşısında
mühüm vəzifələr qoyur.
Qeyd edilmişdir ki, son
illər Naxçıvan MR-in şəhər, kənd və
qəsəbələrində müasir
tələblərə cavab verən 157 məktəb binası
tikilmiş və əsaslı təmir olunaraq istifadəyə
verilmişdir.
Bu il 4 min 872 şagird yeri
olan 9 ümumtəhsil məktəbində, 502 yerlik iki uşaq
bağçasında, 4 məktəbdənkənar tədris
müəssisəsi üçün binada tikinti və
yenidənqurma işləri davam etdirilir.
Heydər Əliyev Fondunun
təşəbbüsü ilə muxtar respublikada da müasir
tələblərə cavab verən məktəb binaları
tikilmiş və onların maddi-texniki bazaları möhkəmləndirilmişdir.
Prezident
sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"na uyğun olaraq təhsil
müəssisələrində elektron təhsil texnologiyalarının
tətbiqinin daha da genişləndirilməsi, ümumtəhsil
məktəblərində hər 20 şagirdin bir
kompüterlə təmin olunması nəzərdə
tutulmuşdur. Proqramın icrası ilə əlaqədar muxtar
respublikanın ümumtəhsil məktəblərinə 2674
kompüter dəsti verilmişdir ki, bunların da 78 faizi
internetə qoşulmuşdur. Ümumtəhsil
məktəblərində 208 müasir elektron lövhə
quraşdırılmışdır.
Naxçıvan MR-in
ümumtəhsil məktəblərində təhsil alan
şagirdlərə 1 milyon 257 min 918 nüsxə dərslik
pulsuz paylanmış və bu sahədə iş davam etdirilir.
P.Nağıyev
vurğulamışdır ki, son illərdə
Naxçıvan MR-də təhsilin inkişafındakı
xidmətlərinə görə 35 nəfər Azərbaycan
Respublikasının "Əməkdar müəllimi"
fəxri adına, 32 nəfər isə
"Tərəqqi" medalına layiq
görülmüşdür.
Bu il
ümumtəhsil məktəblərinin XI sinfini 4131
nəfər bitirmiş, onlardan 3106 nəfəri, yəni 75,18
faizi ali məktəblərə sənəd vermiş və
1435 nəfəri, yəni sənəd verənlərin 46,2
faizi tələbə adını qazanmışdır.
Ali məktəblərə qəbul olunanlardan 280 nəfəri
500-700 arası bal toplamışdır.
Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının sədri
Məleykə Abbaszadə ölkəmizdə təhsilin
inkişafına göstərilən dövlət
qayğısından danışmışdır.
TQDK-nın sədri
2010/2011-ci tədris ili üçün ali
məktəblərə və orta ixtisas təhsili
müəssisələrinə keçirilmiş qəbul
imtahanlarının nəticələri barədə
ətraflı məlumat vermişdir.
Akademik Zərifə
Əliyeva adına məktəbin direktoru Məhəbbət
Vəliyeva bu təhsil ocağında həyata
keçirilən tədbirlərdən, qazanılan
nailiyyətlərdən bəhs etmişdir.
Bakı
Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal
Abdullayev, Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin
sədri, professor Səməd Seyidov rəhbərlik
etdikləri universitetlərin fəaliyyəti barədə
məlumat vermişlər.
Azərbaycanın Avropa
təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu
xatırladan natiqlər, eyni zamanda, təhsilimizin dünya
təhsil sisteminə inteqrasiyası istiqamətində həyata
keçirilən tədbirlərdən
danışmışlar.
Azərbaycan Təhsil
Şurasının sədri, professor Əjdər Ağayev
təhsilin inkişafı ilə bağlı arzu və
təkliflərini bildirmişdir.
Konfransda 2009/2010-cu
tədris ilində keçirilmiş "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin
qaliblərinə vəsiqələr təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 5 sentyabr.- S. 3.