Mərkəzi Seçki
Komissiyasının iclası keçirilmişdir
Sentyabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə sədr Komissiya üzvlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında" sərəncamı ilə tanış etmişdir. Sonra "Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nın layihəsi MSK üzvlərinin müzakirəsinə çıxarılmış və Təqvim Planının təsdiq edilməsi haqqında qərar qəbul olunmuşdur.
İclasda Milli Məclisə seçkilərlə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması barədə qərar çıxarılmış, həmçinin dairə seçki komissiyalarının nəzdində belə ekspert qruplarının yaradılması DSK-ların özlərinə həvalə edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi
Seçki Komissiyasının iclasında
ATƏT-in Bakı ofisinin, Milli
Demokratiya İnstitutunun
(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.- 2010.- 7 sentyabr.- S. 2.