Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 6-da nazir Elmar Məmmədyarov Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşmüşdür.

Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. İkitərəfli əməkdaşlığın intensivləşdiyini qeyd edən tərəflər bu xüsusda "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyətini vurğulamışlar.

Cənubi Qafqaz regionunda təhlükəsizlik, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov məsələnin həllinə dair danışıqlar prosesinin hazırkı vəziyyəti barədə qonağa məlumat vermişdir.

P.Semnebi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümidvar olduğunu demişdir.

Görüşdə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın cari vəziyyəti, regional sabitlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 7 sentyabr.- S. 3.