İKT Parlament
İttifaqı Azərbaycanın haqq
işinə həmişə dəstək verib
İslam Konfransı Təşkilatının (İKT) əsas məqsədi müsəlman aləmini birləşdirərək onun həmrəyliyini təşkil etmək, müsəlman ölkələrinin birliyinə nail olaraq siyasi, iqtisadi və mədəni əməkdaşlıq yaratmaq, islam dininə sitayiş edən xalqların mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün birgə və yekdil fəaliyyət göstərməkdir.
Respublikamız öz müstəqilliyini əldə etdikdən sonra keçmiş sovetlər birliyinin müsəlman respublikaları arasında birinci olaraq İKT-yə üzv qəbul olunmaq üçün müraciət etmiş və 1991-ci ilin dekabrında bu təşkilatın sıralarına daxil olmuşdur. Lakin bu təşkilatla ölkəmiz arasında sıx münasibətlərin yaranması ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi, yorulmaz fəaliyyəti və bilavasitə iştirakı ilə Azərbaycan İKT ilə fəal əməkdaşlıq münasibətləri qurub, həmçinin bu təşkilat tərəfindən ölkəmizin haqq işini dəstəkləyən bir sıra qətnamə və sənədlərin qəbul edilməsinə nail olub.
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də çoxşaxəli xarici siyasətində Şərq amili daim önəmli yer tutub, islam ölkələri, o cümlədən İKT ilə münasibətlər yüksələn xətlə inkişaf edib. Bunu ölkə başçısının islam ölkələrinə müntəzəm səfərləri, bağlanan çoxsaylı müqavilələr, İKT yığıncaqlarında fəal iştirakı və bu təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı qərar və qətnamələr təsdiq edir.
Azərbaycanın haqq səsinin eşidilməsində, ərazi bütövlüyünün müdafiəsində İKT-yə üzv dövlətlərin Parlament İttifaqı (İKT Pİ) da mühüm rol oynayır. Təşkilatın təsis konfransı 1999-cu ildə Tehranda keçirilmiş və hüquqi sənəd kimi nizamnaməsi qəbul edilmişdir. 2008-ci ilin may ayından İKT Pİ-nin Baş katibi doktor Mahmud Erol Kılıcdır. Hazırda təşkilatın 50 üzvü var. Bir neçə regional beynəlxalq təşkilat və parlament İKT Pİ-də müşahidəçi statusuna malikdir.
İKT Pİ-nin əsas vəzifələri üzv ölkələrin qanunvericilik və məşvərət məclisləri arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirmək, bu əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün müvafiq hüquqi əsaslar yaratmaq, beynəlxalq hüquq prinsiplərini və normalarını rəhbər tutmaqla digər beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarla əməkdaşlıq etməkdir.
Son illər həm İKT, həm də İKT Pİ öz işlərində çox müsbət irəliləyişlərə nail olublar. Çünki dünya qloballaşır, ölkələrarası inteqrasiya dərinləşir. Məhz yaşadığımız dövrün yeni ruhuna uyğun olaraq bu təşkilatlar da öz təməl prinsiplərini təkmilləşdirir, yeni dövrün tələblərinə uyğunlaşdırırlar. Təsadüfi deyil ki, 2008-ci il martın 14-də Dakar şəhərində (Seneqal) İKT-nin yeni Nizamnaməsi təsdiq edilmişdir. Bu sənədi Azərbaycan Respublikasının Milli Məclisi də ratifikasiya etmişdir. Hazırda İKT Pİ Nizamnaməsinə bir sıra əlavə və dəyişikliklərin edilməsi üzrə təşkilatda intensiv müzakirələr gedir. Təşkilatın fəaliyyət qaydalarının müasir prinsiplərə uyğun təkmilləşdirilməsi, onun daha çevik, baş verən hadisələrə daha operativ reaksiya və əməli təsir göstərmək mexanizmlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Bu prosesə müsbət təsir edən ən mühüm amil isə hər iki təşkilatın başında çox mütərəqqi insanların, əsl alim və ziyalıların, türk qardaşlarımız Ekmələddin İhsanoğlunun və Mahmud Erol Kılıcın durmasıdır. Onların bu təşkilatlarda nə qədər böyük iş görmələrinin biz şahidiyik. Bütün səylər təşkilatların yeniləşməsinə, dünyada baş verən proseslərlə ayaqlaşmasına, müsəlman xalqlarının inkişafına xidmət edir.
İKT Pİ-nin konfransı iki ildə bir dəfə keçirilir. Bundan əlavə, hər il təşkilatın şurasının, İcraiyyə Komitəsinin və üç xüsusi daimi komitəsinin (Siyasi və İqtisadi məsələlər üzrə xüsusi daimi komitə, Qadın, sosial və mədəni məsələlər üzrə xüsusi daimi komitə və Hüquq məsələləri, insan haqları və ətraf mühit üzrə xüsusi daimi komitə) iclasları keçirilir. Azərbaycan nümayəndə heyəti bütün göstərilən orqanlarda təmsil olunur. Təşkilatın ali orqanı isə onun Konfransıdır. İndiyə qədər Konfrans Tehran (İran, 1999), Rabat (Mərakeş, 2001), Dakar (Seneqal, 2004), İstanbul (Türkiyə, 2006), Qahirə (Misir, 2008) və Kampalada (Uqanda, 2010) keçirilib.
Təşkilatda islam aləmini narahat edən əsas problemlər gündəliyə salınır və müzakirə edilir. İndiyədək Fələstin məsələsi, Orta Şərq regionunun bütövlükdə bütün kütləvi qırğın silahlarından, xüsusilə də nüvə silahlarından azad zonaya çevrilməsi, İraq xalqının siyasi və iqtisadi suverenliyinin bərpası və bu ölkənin yenidən qurulması, Kəşmir, Somali və Sudandakı problemlər, MAQATE-nin nəzarəti altında nüvə texnologiyasından istifadənin hər bir dövlətin qanuni hüququ olması, Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərin qurulmasında fəal iştirak etmək, Qərbi Trakyada yaşayan türk azlığının hüquqlarının Yunanıstan tərəfindən qorunmasının zəruriliyi, sivilizasiyalar arasında dialoqa dəstək, Roma Papası XVI Benidiktin çıxışında səslənən fikirlər, Danimarkada nəşr edilmiş təhqiredici rəsmlərə münasibət, islamın müqəddəs Quranına və Peyğəmbərə qarşı çıxan hər bir təhlükə ilə mübarizə məsələləri müzakirə olunmuşdur.
Bizim nümayəndə heyəti isə daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məsələnin gündəliyə salınmasına və sonrakı müzakirəsinə çalışır.
İKT Pİ-nin yarandığı vaxtdan bu günə qədər təşkilatla Azərbaycan parlamenti arasında çox işgüzar və səmərəli əməkdaşlıq münasibətləri yaranıb. Azərbaycan Milli Məclisinin nümayəndə heyəti İKT Pİ-nin məclislərində daim iştirak edib, məruzələr söyləyib, rəy və təkliflərini bildirib, bir sıra qətnamə, bəyanat və yekun bəyannamələrə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəaların salınmasına nail olub. 12 aprel 2006-cı ildə İstanbul şəhərində keçirilən İKT Parlament İttifaqının konfransında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin təklif etdiyi Qətnamə konfransın yekun sənədlərinə daxil edildi. Qətnamədə deyilir: "İKT Pİ konfransı beynəlxalq hüquq və BMT prinsiplərinin kobud pozulması sayılan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı Ermənistan Respublikasının davamlı təcavüzünü qətiyyətlə pisləyir. Konfrans Ermənistan silahlı qüvvələrinin tamamilə, qeyd -şərtsiz və tezliklə bütün işğal olunan Azərbaycan torpaqlarından çıxarılmasına çağırır, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarına erməni millətindən olan insanların köçürülməsi, süni coğrafi, mədəni və demoqrafik dəyişikliklər, qeyri-qanuni iqtisadi fəaliyyət və bu torpaqların təbii sərvətlərinin işlənməsi kimi qeyri-qanuni fəaliyyət nəticəsində əmələ gələn sülh prosesinə maneələrin aradan qaldırılması işində Azərbaycan hökumətinin səylərini dəstəkləyir. Konfrans üzv ölkələrini Azərbaycan xalqı ilə həmrəyliyini möhkəmlətməyə, BMT-nin müvafiq regional və beynəlxalq təşkilatlarla əməkdaşlığını daxil etməklə, BMT-nin potensialını işlətməyə yönəldilmiş cəhdlərinə tam dəstək verməyə və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tezliklə bərqərar edilməsinə çağırır".
Azərbaycan nümayəndə heyətinin səyləri və çıxışları nəticəsində tədbirin sonunda müzakirəyə qoyulan "İstanbul Bəyannaməsi"nə Azərbaycanın təklif etdiyi bənd də əlavə edildi: "Konfrans beynəlxalq hüquq və BMT prinsiplərinin kobud pozulması sayılan, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş Ermənistan Respublikasının təcavüzünü qətiyyətlə pisləyir. Konfrans Ermənistan silahlı qüvvələrinin tamamilə, qeyd-şərtsiz və tezliklə bütün işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasına çağırır".
Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi həmin konfransın plenar iclasında geniş məruzə ilə çıxış etdim. Məruzədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ermənilərin ərazilərimizdə törətdikləri terror aktları barədə faktları, rəqəmləri iştirakçıların diqqətinə çatdırdım. Konfransın əsas mövzusu terrorizmlə mübarizə olduğuna görə bildirdim ki, Ermənistan Azərbaycana qarşı terror fəaliyyəti üçün bir sıra xarici ölkələrin vətəndaşlarının işğal olunmuş Azərbaycan torpaqlarında hazırlığını, maliyyə və texniki yardımını təşkil edir. Erməni terrorizmi dünyada tanınmış bir çox terrorçu təşkilatlarla sıx əməkdaşlıq münasibətlərindədir. Ermənistan öz məkrli və ekspansionist məqsədləri üçün istifadə etdiyi ASALA terror təşkilatının fəal üzvlərini az qala milli qəhrəman kimi qələmə verir, Ermənistan ərazisində, eləcə də Azərbaycanın işğal olunmuş torpaqlarında terrorçuların hazırlanması üçün dayaq bazaları və düşərgələr yaradır. Toplantı iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə nizama salınmasını, bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, həmçinin digər beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsini tələb edir. Bildirildi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikası terrorçuluq əleyhinə mübarizə çərçivəsində, xüsusilə də terrorun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görməkdədir. Məruzədə xüsusi vurğulandı ki, terrorizmə qarşı mübarizə sahəsində bizim üçün ən başlıca əngəl Azərbaycanın Ermənistan tərəfindən işğal olunan və nəzarət altından çıxan əraziləridir. Beynəlxalq terrorçular bu ərazilərdən silah, narkotik maddə qaçaqmalçılığı və insan alveri məqsədilə yararlanırlar. Beynəlxalq ictimaiyyət tərəfindən terrorçuluq əleyhinə mübarizə ilə bərabər aqressiv separatçılıq və ekstremizmə qarşı da aktiv mübarizə aparılmalıdır. Beynəlxalq terrorizmə qarşı hüquqi bazanın formalaşdırılması olduqca vacibdir. Bu baxımdan 1999-cu ildə Azərbaycan parlamenti terrorizmə qarşı konkret tədbirləri nəzərdə tutan "Terrorizmlə mübarizə"yə aid qanun qəbul edib. Azərbaycan artıq beynəlxalq terrorizmə qarşı məsələlər üzrə on bir beynəlxalq konvensiyaya qoşulub. Məruzədə o da qeyd edildi ki, biz ölkəmiz, eləcə də bölgə üçün ən böyük təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində İKT-nin və digər təşkilatların dəstəyini yüksək dəyərləndiririk. Biz terrorizmin bütün formalarını qətiyyətlə pisləyir, onun törədilməsi səbəbindən, nə zaman və kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq terroru beynəlxalq aləm üçün ən dəhşətli və ciddi təhlükə sayırıq. Əlavə etdim ki, terrorizmə qarşı mübarizənin pozitiv nəticələrini yalnız və yalnız beynəlxalq əməkdaşlıq imkanları və bütün səviyyələrdə terrorizmlə qarşıdurmanın gücləndirilməsi ilə əldə etmək olar.
2007-ci ilin fevralında isə Malayziyanın Kuala-Lumpur şəhərində İKT Pİ Şurasının IX sessiyası keçirilmişdir. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin təklifi ilə ayrıca bənd - Şura Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarında apardığı qeyri-qanuni hərəkətlərini (etnik təmizləmə, islam mədəniyyəti abidələrinin vəhşicəsinə məhvi, milli sərvətlərin talan edilməsi) qətiyyətlə pisləyir. Şura Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından tezliklə çıxarılmasını tələb edir - həmin tədbirin yekun sənədinə - Kuala-Lumpur Bəyannaməsinə salındı.
2008-ci ilin yanvarında Qahirə şəhərində keçirilmiş Parlament İttifaqının V konfransında Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin təklifi ilə "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" və "Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnamələr Təşkilatın Siyasi və İqtisadi məsələlər üzrə komitələrinə təqdim olundu və konfransın yekun sənədlərinə salındı.
"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" qətnamədə İKT Pİ Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü, arxeoloji, mədəni və dini abidələrimizin talan və məhv edilməsini qətiyyətlə pisləmiş, işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı sakinlərə qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirmişdir. İKT Pİ təcavüzkar tərəfindən münaqişənin şiddətləndirilməsinin və Azərbaycan ərazisinin işğalının davam etdirilməsinin qarşısının alınması məqsədilə bütün üzv dövlətləri Ermənistana silah və hərbi sursat təqdim etməkdən çəkinməyə çağırmışdır. Sənəddə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin ciddi şəkildə yerinə yetirilməsi, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən, o cümlədən Dağlıq Qarabağ bölgəsindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmasını qəti surətdə tələb edilmiş, Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ehtiramla yanaşmağa çağırılmışdır. Qətnamə ilə İKT Pİ həmçinin ATƏT-in 1996-cı ildə Lissabonda keçirilmiş Zirvə görüşündə icraçı sədrin bəyanatının ehtiva etdiyi Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin həllinin üç prinsipini - Azərbaycan Respublikasının ərazi bütövlüyünü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsini, region və onun əhalisinin təhlükəsizliyinə zəmanət verilməsini dəstəklədiyini ifadə etmiş, Eləcə də Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi naminə göstərdiyi cəhdləri bütövlükdə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu bir daha təsdiqləmişdir.
"Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında" qətnamədə isə İKT Pİ Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində islam irsinə vurulmuş böyük zərərin - nadir islam mədəniyyəti və memarlıq abidələrinin, habelə məscidlərin, məbədlərin, məzarlıqların, arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya qismən dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmaların çıxarılması və məhv edilməsi faktlarını nəzərə alaraq, xalqımızın bununla əlaqədar narahatlığını tam bölüşərək erməni təcavüzkarlarının Azərbaycanın işğal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini qəti surətdə tələb etmişdir.
Bu konfransda Asiya, Afrika və ərəb qruplarından İcraiyyə Komitəsinə üzvlər seçildi. Asiya qrupundan mənim namizədliyim səsə qoyuldu və dəstəkləndi. Bununla da Azərbaycan nümayəndə heyəti İcraiyyə Komitəsində, Şurada, Siyasi və İqtisadi məsələlər və Hüquq məsələləri, İnsan haqları və Ətraf mühit üzrə xüsusi daimi komitələrdə təmsil olundu. Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi mən geniş məruzə ilə çıxış etdim. Bildirdim ki, 1999-cu ilin iyun ayında Tehranda keçirilmiş İKT Pİ-nin təsis konfransından keçən dövrdə dünyada böyük dəyişikliklər baş vermişdir. Özündə Avropa və Şərq mədəniyyətinin ənənələrini birləşdirən Azərbaycan Respublikası da bəşəriyyətin və islam dünyasının bir parçası kimi bu proseslərdən kənarda qalmayaraq istiqlaliyyət yolunda inamlı addımlarını atmaqdadır. İslami dəyərlərə və əqidəsinə sadiq qalan Azərbaycan xalqı 70 il sovetlər birliyi tərkibində güclü ateist təbliğatı altında olmasına baxmayaraq, islam dininə sadiq qalmışdır. Hazırda ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilərək demokratiyanın inkişafı, insan azadlıqlarının təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya istiqamətində mühüm işlər həyata keçirilməkdədir. Ölkə vətəndaşları Azərbaycan Konstitusiyasında təsbit edilmiş bütün hüquqlardan, o cümlədən söz, vicdan, əqidə azadlıqlarından sərbəst surətdə istifadə edirlər. Lakin ölkəmizin demokratik inkişafı yolunda xalqımızın ən ağrılı problemi - Ermənistanın Azərbaycana qarşı təcavüzü böyük əngəllər törətməkdədir. Belə ki, bu təcavüzün nəticəsində Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 rayon ilə birlikdə torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan artıq soydaşımız doğma ata-baba yurdlarından didərgin düşmüşlər. Erməni qəsbkarlarının işğalı Azərbaycan xalqına böyük maddi və mənəvi ziyan vurmuşdur. İşğal olunmuş torpaqlarımızda erməni silahlı qüvvələri xeyli sayda mədəniyyət abidələrimizi məhv etmiş, tarixi məscidlərimizi, müqəddəs islam ocaqlarını, qəbiristanlıqları yerlə-yeksan etmiş, müsəlman sivilizasiyasının izlərini silmişdir. Bu vandalizm təkcə Azərbaycan xalqına qarşı deyil, bütün islam dünyasına vurulan bir zərbədir. Hərbi təcavüz və etnik təmizləmə nəticəsində 20 mindən çox azərbaycanlı öldürülmüş, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüşdür. Uşaqlar, qadınlar və qocalar erməni təcavüzkarlarının törətdikləri soyqırımın bütün dəhşətlərini görmüşlər. Fevralın 26-da mənim xalqımın tarixində ən böyük faciələrdən biri baş verib. 1992-ci ilin məhz bu günündə erməni işğalçıları tərəfindən Xocalı adlı Azərbaycan şəhəri yerlə-yeksan edilmiş, 613 dinc sakin, o cümlədən 63 uşaq və 106 qadın vəhşicəsinə öldürülmüşdür. 1275 sakin - qocalar, uşaqlar, qadınlar əsir aparılmış, olmazın təhqir və işgəncələrə məruz qalmışlar. 150 əsirin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günə qədər məlum deyil.
Azərbaycan erməni terrorçularının, eləcə də ASALA kimi məşhur terror təşkilatının genişmiqyaslı fəaliyyəti üçün poliqona çevrilmişdir. Erməni terrorçularının törətdikləri 30-dan artıq terror aktı nəticəsində iki mindən çox günahsız Azərbaycan vətəndaşı qətlə yetirilmiş, on minlərlə insan xəsarət almışdır. Bizim üçün terrorçuluq əleyhinə mübarizə sahəsində əsas əngəl Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş və nəzarət edilməyən əraziləridir. Bu ərazilər beynəlxalq terrorçular tərəfindən silah, narkotik maddə qaçaqmalçılığı və insan alveri məqsədilə istifadə olunmaqdadır.
Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, işğal etdiyi Azərbaycan ərazilərində yeni yaşayış məskənləri salaraq ərazinin demoqrafik vəziyyətini dəyişdirməyə çalışır. Mənbələr "Artsaxa qayıdış" adlı planın mövcudluğundan xəbər verir. Bu plana uyğun olaraq 2010-cu ilə qədər Dağlıq Qarabağda erməni əhalisinin sayını 300 minə çatdırmaq nəzərdə tutulub, halbuki münaqişənin başlanğıcında burada üç dəfə az erməni yaşayırdı.
Erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasını tələb edən BMT-nin məlum 4 qətnaməsini, beynəlxalq təşkilatların qərarlarını, o cümlədən İKT kimi çox nüfuzlu beynəlxalq təşkilatın Ermənistanın işğalçılıq siyasətini pisləyən, zəbt olunmuş torpaqlarımızın azad olunmasını tələb edən qətnamələrini qulaqardına vuran Ermənistan bu günə kimi Azərbaycan torpaqlarını işğal altında saxlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesinə böyük maneələr törədir.
2009-cu ilin 18-19 fevral tarixlərində Nigerin paytaxtı Niamey şəhərində İKT Pİ-nin növbəti sessiyası keçirildi. Azərbaycan nümayəndə heyəti bu sessiyada "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" adlı qətnamənin qəbul edilməsinə nail oldu. Bu qətnamədə də İKT Pİ Ermənistanın ölkəmizə qarşı təcavüzünü və torpaqlarımızda qədim mədəni və dini sərvətlərin qarət və talan edilməsini qətiyyətlə pisləmiş, bütün işğal olunmuş Azərbaycanın torpaqlarından erməni silahlı qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını qətiyyətlə tələb etmiş, Ermənistanı respublikamızın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırmışdır.
2010-cu ilin iyun ayında isə Dəməşq şəhərində İKT Pİ-nin "Qəzzənin blokadasına yox!" şüarı ilə növbədənkənar konfransı çağırıldı. "Qəzzənin blokadasına yox!" şüarı ilə keçirilən mötəbər məclisdə 16 spiker iştirak edirdi. Bu konfransda da çıxışımda Azərbaycanın müstəqil, suveren Fələstin dövlətinin yaradılması sahəsində səyləri dəstəklədiyini qeyd etməklə yanaşı, Azərbaycan xalqının qarşılaşdığı əsas problemi - Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsini xatırladaraq 1 milyondan çox soydaşımızın öz ata-baba yurdundan qovulduğunu, erməni işğalının xalqımıza sağalmaz maddi və mənəvi yaralar vurduğunu qeyd etdim. Bildirdim ki, işğal nəticəsində torpaqlarımızda çoxsaylı maddi mədəniyyət nümunələri, mədəni abidələr, tarixi məscidlər, müqəddəs islam abidələri, müsəlman qəbiristanlıqları dağıdılıb. Bu vandallıq təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bütöv islam aləminə qarşı zərbədir.
Göründüyü kimi, İKT və onun Parlament İttifaqı Azərbaycanın haqq işini daim dəstəkləyib, ölkəmizin ərazi bütövlüyünü müdafiə edən və işğalçı Ermənistanı birmənalı şəkildə qınayan, işğalçı ilə bütün əlaqələri kəsməyə çağıran bir çox qətnamə və qərarlar qəbul edib. Bütün keçirilən konfrans və şura iclaslarının yekun bəyannamələrinə bu haqda maddələr salınıb. Bəzi müsəlman dövlətləri Ermənistanla diplomtik, siyasi, iqtisadi münasibətlər qurmur və buna səbəb kimi Azərbaycan torpaqlarının işğal olunmasını göstərirlər. Müsəlman həmrəyliyinin göstəricisi olan bu amil bizdə qürur və fərəh doğurur.
Amma çox təəssüf ki, bu təşkilatda fəal iştirak edən və hətta islam aləminin lideri funksiyasını öz üzərinə götürməyə çalışan bəzi ölkələr reallıqda İKT-nin əsas fəaliyyət prinsipini - müsəlman həmrəyliyini unudaraq işğalçı Ermənistanla hərtərəfli əməkdaşlıq edirlər. Bu ölkələr Emənistanla əlaqə qurmayan digər müsəlman ölkələrindən nümunə götürməli, Azərbaycanın haqq işinin zəfər çalmasına öz töhfələrini verməlidirlər. Çünki islam və müsəlman həmrəyliyi onlardan bunu tələb edir.
Gövhər BAXŞƏLİYEVA,
Milli Məclisin deputatı, AMEA-nın
akademik Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun direktoru,
filologiya elmləri doktoru,
professor
Azərbaycan.- 2010.- 7 sentyabr.- S. 4.