İcra işinin təkmilləşdirilməsi
insan hüquqlarının etibarlı
müdafiəsinə xidmət edir
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi, hüquqi sahədə də məqsədyönlü islahatlar aparılmağa başlanmış, ölkəmizdə qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun mütərəqqi qanun və məcəllələr qəbul edilmiş, əvvəlkindən köklü surətdə fərqlənən yeni məhkəmə sistemi yaradılmışdır.
Qeyd etmək lazımdır ki, demokratik prinsiplərin, humanist dəyərlərin və insan hüquqlarının ön plana çəkildiyi müasir zamanda hər bir ölkənin dövlət və ictimai həyatında ədliyyə orqanları mühüm yer tutur. İslahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər görülmüş, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyulmuş, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq islahatları uğurla davam etdirilərək, son illər Azərbaycan ədliyyəsinin beynəlxalq norma və prinsiplərə uyğun müasirləşdirilməsi, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün bir çox mühüm normativ sənədlər qəbul edilmiş, ədliyyə sisteminin davamlı inkişafı üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin olunması və bu sahədə islahatların gələcək perspektivlərini müəyyən etmək məqsədilə 2009-cu ilin fevralında ölkə başçısı tərəfindən Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı təsdiq olunmuş, bu mühüm və müstəsna əhəmiyyətə malik sənədin düzgün, vaxtında və keyfiyyətlə icra olunması daim diqqət mərkəzində saxlanılaraq, nazirlik tərəfindən ardıcıl və kompleks tədbirlər görülmüş və görülməkdədir.
Ölkəmizdə ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından mühüm vəzifələrdən biri də məhkəmə qərarlarının icra olunmasıdır. Məhkəmə qərarlarının vaxtında və tam icra olunması həm də ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasının vacib şərtlərindəndir. Bunu nəzərə alaraq son illər ölkəmizdə məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə köklü islahatlar aparılmış, o cümlədən qanunvericilik bazası yeniləşdirilmiş və 2000-ci ildə Ədliyyə Nazirliyində məhkəmə icraçıları və nəzarətçiləri xidməti yaradılmışdır.
Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən, həmçinin onların qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə digər aidiyyəti orqanların aktlarının icrasını həyata keçirən xidmətin formalaşdırılması məqsədilə nazirlik tərəfindən ardıcıl və məqsədyönlü işlər görülmüş, o cümlədən son dövrdə onun yeni strukturu və əsasnaməsi təsdiq edilmiş, ştat sayı artırılmış, peşəkar və hazırlıqlı kadrlarla komplektləşdirilməsi təmin olunmuş, onların peşəkarlığının yüksəldilməsi üçün mütəmadi olaraq təlimlər təşkil edilmiş, yerli qurumların maddi-texniki bazası xeyli yaxşılaşdırılmış və böyük əksəriyyəti avtonəqliyyat vasitələri ilə təchiz olunmuşdur. İcra sənədlərinin dəqiq uçotunun təmin edilməsi məqsədilə bu sahəyə dair statistik hesabat formaları yenidən işlənərək təkmilləşdirilmiş, başa çatmamış, mürəkkəb icra işlərinin bir çoxunun icrasına nail olunmuş, məhkəmə və digər dövlət orqanlarının qərarlarının icrasına dair mərkəzləşdirilmiş məlumat-informasiya bankının formalaşdırılmasına başlanılmışdır.
İcra işində fərqlənən əməkdaşların əməyinin stimullaşdırılmasına da xüsusi diqqət yetirilərək, son illər təkcə Ədliyyə Nazirliyi üzrə əmrlərlə 55-ə yaxın işçiyə mükafatlar verilmişdir. Bununla yanaşı, bu sahədə mövcud çatışmazlıqların və nöqsanların aradan qaldırılması üçün təsirli tədbirlər həyata keçirilmiş, o cümlədən son 3 ildə işində ciddi nöqsanlara yol vermiş, icra və əmək intizamını kobudcasına pozmuş xidmətin 29 işçisi nazirlik üzrə əmrlərlə intizam məsuliyyətinə cəlb edilmişdir.
Ədalət mühakiməsini həyata keçirən hakimlərin son dərəcə şəffaf və obyektiv prosedurlar əsasında seçilib təyin olunması məhkəmələrin cəmiyyətdəki rolunun artmasına, vətəndaşların məhkəmələrə inamının yüksəlməsinə səbəb olmuş, nəticədə bu orqanlara edilən müraciətlərin sayı çoxalmışdır. Bununla əlaqədar məhkəmə icraçıları və nəzarətçiləri xidmətinin də iş həcmi xeyli artmışdır.
Görülmüş tədbirlər nəticəsində 2010-cu ilin birinci yarısında icra qurumlarının icraatında olmuş mülki, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlərlə bağlı icra sənədlərinin 76,8 faizinin yerinə yetirilməsi təmin edilmiş, məhkəmə qərarlarının icrasından yayınan 650 şəxs inzibati məsuliyyətə cəlb olunmuş, 141 nəfər barədə cinayət işi başlanılmışdır. İcra prosesində hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövrü ilə müqayisədə 81,8 faiz çox, yəni 40 milyon manatdan çox vəsait ödənilmişdir.
İcra işinin daha da yaxşılaşdırılması, məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması nazirliyin rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılaraq, dövlət başçısının 29 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya"nın ədliyyə orqanlarında icrası ilə bağlı tədbirlər planında məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurəti öz əksini tapmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasında məhkəmələrin qəbul etdiyi qərarların dövlət adından çıxarılması və məcburi olması təsbit edilmişdir. Qanunvericiliyə əsasən, məhkəmə icraçılarının və ya məhkəmə nəzarətçilərinin öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Məhkəmə nəzarətçisinin və məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu məsələ prinsipial əhəmiyyət daşıdığından 2009-cu ildə keçirilmiş referendumla ölkə Konstitusiyasına məhkəmə qərarlarının icra olunmamasına görə məsuliyyət nəzərdə tutan norma əlavə edilmişdir. Həmin əlavəyə görə, "Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Qeyd olunan dəyişiklik məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin daha yüksək səviyyədə təminatına, icra sahəsində bəzi problemli məqamların tamamilə aradan qaldırılmasına xidmət edərək, icranın məcburiliyi ilə bağlı müvafiq qanunvericiliyə konstitusion təminatı gücləndirmişdir. Bununla belə, bir sıra hallarda icra prosesində yaranan əngəllərin aradan qaldırılması, məhkəmə qərarlarının icrası işinin daha da yaxşılaşdırılması məqsədilə bu sahədə qanunvericiliyə əsaslı dəyişikliklərin edilməsi haqqında təkliflər hazırlanmışdır.
Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə 18 iyun 2010-cu ildə Milli Məclis tərəfindən "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" qanun qəbul olunmuş, bu qanunun tətbiq olunmasına və icra işinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsinə dair dövlət başçısı cənab İlham Əliyev tərəfindən 15 iyul 2010-cu il tarixdə əhatəli fərman imzalanmışdır.
Məhkəmə qərarlarının icrası işinin müasir tələblər səviyyəsində qurulmasında və təkmilləşdirilməsində müstəsna əhəmiyyət daşıyan həmin fərmanla Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları baş idarəsi İcra baş idarəsi adlandırılmış, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi, məhkəmə qərarlarının icrasına tam nail olunması üçün Ədliyyə Nazirliyinə onların dövlət orqanları tərəfindən yerinə yetirilməsi vəziyyətinə dair hər 6 aydan bir ölkə Prezidentinə məlumat verilməsi, icra sahəsində işin təkmilləşdirilməsi üzrə tədbirlərin görülməsi tapşırılmışdır.
Yeni qanunvericiliyə uyğun olaraq, məhkəmə icraçılarının hüquqlarının genişləndirilməsi, o cümlədən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, axtarışın elan edilməsi sahəsində onlara yeni səlahiyyətlərin verilməsi, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyalarının sərtləşdirilməsi və digər tədbirlərin müəyyən edilməsi icra işində yüksək keyfiyyət dəyişikliklərinə imkan yaradacaq.
Qanuna edilmiş əlavələr bir sıra yeni anlayışları özündə ehtiva etmiş və bu terminlər əvvəlkilərdən özünün mütərəqqi əhəmiyyətinə görə fərqlənməklə, müasir beynəlxalq təcrübəyə əsaslanmışdır. Belə ki, "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" qanunun adında dəyişiklik edilmiş, bu qanun "İcra haqqında" qanun, "baş məhkəmə məmuru" "baş icra məmuru", "məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları" "icra məmurları", "məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti" isə "icra xidməti" adlandırılmışdır.
İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Bununla yanaşı, məhkəmə qərarlarının icbariliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edilən digər bir əlavədə göstərilir ki, icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər və bu barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir.
Qanuna görə, icra məmurlarının funksiyaları da dəqiqləşdirilmiş, Konstitusiya, Ali, apelyasiya, ağır cinayətlər, Naxçıvan Muxtar Respublikasının Ali və digər cinayətlər, yerli inzibati-iqtisadi, hərbi və rayon (şəhər) məhkəmələrinin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi, habelə məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına aid edilən digər orqanların aktlarının icrasının həyata keçirilməsi onlara həvalə edilmişdir.
Əlavələrə görə, icra məmurlarının hüquq və vəzifələri bir daha təkmilləşdirilmiş və işin yüksək keyfiyyətlə, səmərəli şəkildə həyata keçirilməsi üçün geniş imkanlar yaradılmışdır. Belə ki, icra məmurları icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün yerinə yetirilməsi üçün tədbirlər görür, icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır, tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir, alimentin məhkəmənin qətnaməsində və ya aliment ödənilməsi barədə sazişdə göstərilən miqdarına uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada borcları müəyyən edir, icra xidməti və ya qurumun rəhbərinin göstərişlərini yerinə yetirir.
Qanunvericiliyə edilmiş yeni dəyişikliklərdən biri də məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsidir. Belə ki, qanuna əsasən icra məmuru məhkəmədə təhlükəsizliyin və mühafizənin təmin edilməsi və ictimai qaydaların qorunması, məhkəmə və hakimin qərarı ilə təqsirləndirilən və digər şəxslər barəsində qanunda nəzərdə tutulmuş prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi, məhkumların müşayiət edilməsi, mühafizəsi və təhlükəsizliyi, eyni zamanda məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsi üzrə və digər tədbirləri həyata keçirir.
Qanuna görə, icra məmurunun öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq və onlara konkret tapşırıqlar vermək, borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq, zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, baxış keçirmək, əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək, tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək, icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək, icra üçün daxil olmuş sənəddə aydın olmayan məsələlər haqqında məhkəməyə, yaxud icra sənədini verən orqanlara müraciət etmək, borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək, icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq, icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək və digər hüquqları vardır.
Mühüm dəyişikliklərdən biri də icra xidmətinin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını təmin etməsi ilə bağlıdır. Qanuna əlavə edilmiş 84-1-ci maddəyə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər və bu barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Müvəqqəti məhdudlaşdırmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir və bu qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Qanunla həmçinin, Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrinə mütərəqqi xarakterli dəyişikliklər və əlavələr edilmiş, İnzibati Xətalar Məcəlləsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən fiziki şəxslərin beş yüz manatdan min manatadək miqdarda cərimə edilməsi və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunması, vəzifəli şəxslərin min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslərin isə üç min manatdan beş min manatadək miqdarda cərimə edilməsi təsbit edilmiş, Cinayət Məcəlləsinin 196-cı və 306-cı maddələrinin sanksiyasında isə nəzərdə tutulmuş cərimənin məbləği artırılmış, eləcə də azadlıqdan məhrumetmə növündə cəzanın həddi şərtləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, qanunvericiliyə edilən bütün bu mütərəqqi dəyişikliklər məhkəmə qərarlarının icrası prosesinin keyfiyyətinin daha da artırılmasına, vətəndaşların pozulmuş hüquqlarının qanunauyğun şəkildə bərpa olunmasına xidmət edir. Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən bu və digər tədbirlər Ədliyyə Nazirliyinin İcra baş idarəsini daha səylə, məsuliyyətlə işləməyə, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə sövq edir. Xüsusi vurğulamaq istərdim ki, nazirliyin rəhbərliyi tərəfindən məhkəmə qərarlarının icrası işinin daha da yaxşılaşdırılmasına daim diqqət göstərilərək, Baş idarənin fəaliyyəində ciddi dönüş yaranmış, məhkəmə qərarlarının qanunda nəzərdə tutulmuş qaydada icrası prosesinə nəzarət gücləndirilmiş, nəticədə işin keyfiyyəti və səmərəliliyi artmışdır. Eyni zamanda, bu sahədə kadrlarla işə xüsusi əhəmiyyət verilərək, açıq müsabiqədə uğur qazanmış hazırlıqlı gənclərin işə qəbulu, əməkdaşların peşəkarlığının və məsuliyyətinin artırılması üzrə təsirli tədbirlər həyata keçirilmiş, müxtəlif səbəblərdən uzun müddət icrasız qalmış məhkəmə qərarlarının icrası təmin edilmişdir.
Yaxınlarda Ədliyyə Nazirliyində icra xidməti yerli qurumlarının rəhbərlərinin və digər məsul işçilərin iştirakı ilə geniş kollegiya iclası keçirilmiş, yeni qanunvericilikdən və ölkə Prezidentinin fərmanından irəli gələn vəzifələr ətraflı müzakirə olunaraq, icra məmurlarının hazırlığının artırılması, bu mühüm dəyişikliklərin dərindən öyrənilməsi və dürüst icrası məqsədilə Ədliyyə Akademiyası ilə birgə tədris tədbirlərinin keçirilməsi, yerli qurumlara rəhbərliyin və nəzarətin gücləndirilməsi, icra intizamına ciddi riayət olunması, sui-istifadə, süründürməçilik və digər qanun pozuntularına yol verilməsi barədə vətəndaşların və dövlət orqanlarının müraciətlərinin hərtərəfli və təxirəsalınmadan araşdırılması üzrə konkret tədbirlər müəyyən olunmuş, müvafiq göstərişlər verilmişdir.
Müasir dövrdə hüquqi dövlət anlayışını şərtləndirən ən mühüm amillərdən biri əlbəttə, məhkəmələrin müstəqilliyinin təmin edilməsi və dövlət adından çıxarılan məhkəmə qərarlarının lazımi səviyyədə icrasıdır. Qərarların icrası vətəndaşın təkcə dövlətə olan inamını, etimadını deyil, həm də qanun qarşısındakı məsuliyyətini artırır. Ona görə də qətiyyətlə söyləmək olar ki, ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər ölkədə ədalət mühakiməsinin yüksək keyfiyyətini və səmərəliliyini təmin edəcək, vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına yaxşı imkanlar açacaqdır.
Bu gün respublikamız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının təminatına əsaslanan sivil inkişaf kursu seçməklə, hüquqi dövlət quruculuğunda mühüm irəliləyişlərə nail olunmuş və bu proses uğurla davam etdirilir. Ölkə başçısı hər zaman öz çıxışlarında vurğulamışdır ki, Azərbaycanda dövlət quruculuğu ilə bərabər, hüquqi dövlət quruculuğu da sürətlə və uğurla gedir, qəbul edilmiş qərarlar, məhkəmə-hüquq sistemində aparılmış islahatlar, yeniliklər, eyni zamanda, dünyada mövcud olan ən mütərəqqi təcrübənin respublikamızda tətbiqi bütövlükdə ölkəmizin gücləndirilməsinə xidmət edir. Azərbaycanın hazırkı dinamik iqtisadi inkişafı, əhalinin rifahının yüksəlməsi onu deməyə əsas verir ki, həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən icra sahəsində görülən genişmiqyaslı tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.
Xanlar ZEYNALOV,
Ədliyyə Nazirliyi
İcra Baş
İdarəsinin rəisi - baş icra
məmuru, III dərəcəli
dövlət
ədliyyə müşaviri
Azərbaycan.- 2010.- 7 sentyabr.- S. 5.