Azərbaycan inkişaf
etmiş ölkələr sırasına
qədəm qoyur
İqtisadi sahədə keçid
dövrünü uğurla
başa vuran ölkəmiz
inkişaf strategiyasının yeni hədəfinə doğru
inamla addımlayır
Sosial-iqtisadi inkişaf sahəsində özünəməxsus uğurlu modelin əsasını qoymuş Azərbaycan üçün əsas fərqləndirici xüsusiyyətlərdən biri sözügedən sferada yaşanan tərəqqinin dinamik və davamlı xarakter daşıması kifayət qədər möhkəm özüllər üzərində qurulmasıdır. Bu, qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi iqtisadi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağını şərtləndirən əsas faktorlar sırasında yer alır. Bununla zaman bir daha əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanı liderlər cərgəsinə yüksəldən inkişaf strategiyasının nə dərəcədə doğru olduğunu, kifayət qədər uzaqgörənliklə müəyyənləşdirildiyini əyani olaraq sübuta yetirir.
Birmənalı şəkildə qəbul edilmiş həqiqətdir ki, Azərbaycanın yeni tarixinə həlledici zaman kəsiyi kimi daxil olmuş 1993-2003-cü illərdə ölkə sabit sosial-iqtisadi inkişaf yoluna qədəm qoymaqla yanaşı, daxili əmin-amanlığına da qovuşmuş, dünya birliyinə özünü beynəlxalq hüququn müstəqil subyekti kimi təqdim edə bilmişdir. Bununla da çoxmilyardlı xarici investisiyanın ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən neft-qaz sektoruna gəlişi təmin edilmiş, sürətli tərəqqiyə xidmət edən islahatlara start verilmiş, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur. Dövlət quruculuğu və iqtisadiyyatın gücləndirilməsi hesabına xalqın sosial rifahının artırılması da daim ulu öndərin xüsusi diqqət mərkəzində olmuş, bu məsələnin praktik həlli bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın yaradılmasının əsas strategiya xətlərindən biri kimi müəyyən edilmişdir. Aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və bununla bağlı müvafiq qanunvericilik bazasının yaradılması, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, eləcə də bu qəbildən olan digər tədbirlər Azərbaycan iqtisadiyyatının sıçrayışlı tərəqqisinə yol açmaqla bərabər, onun özünəməxsus sürət dinamikasını formalaşdırmışdır. Beləliklə, dəqiq düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olunmuş, davamlı xarakterə malik iqtisadi yüksəlişin əsası qoyulmuş, sosial həyat və iqtisadiyyatın bütün sahələrində islahatlara başlanmış, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır.
Ümummilli liderin müəyyən etdiyi bu inkişaf strategiyası hazırda onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdə, zamanın tələblərinə uyğun olaraq yeni çalarlarla daha da zəngin hala gətirilməkdədir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərini daha da möhkəmləndirməkdədir.
Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin strateji məqsədləri olaraq qarşıya qoyulmuş sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, çoxşaxəli milli iqtisadiyyatın formalaşdırılması, onun dünya təsərrüfat sisteminə uğurlu inteqrasiyasının təmin olunması istiqamətində Azərbaycan qibtəediləcək nailiyyətlər qazanmaqla, həm də dünya miqyasında bu sahədə nümunəvi bir ölkəyə çevrilmişdir.
Azad bazar münasibətləri şəraitində Azərbaycan iqtisadiyyatının inkişaf tempinin daha mütəhərrik hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr bu gün paytaxt və regionların tarazlı, davamlı inkişafını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin etmişdir. Sabit, sürətli inkişaf məntiqinə əsaslanan bu siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına xidmət edir. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, həcmi ildən-ilə sürətlə artmaqda olan strateji valyuta ehtiyatları və onlardan səmərəli istifadə, milli valyutanın sabitliyi, sahibkarlara verilən dəstəyin gücləndirilməsi, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşdırılması üçün görülən tədbirlər sosial sferada əldə olunmuş nailiyyətlərin miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. Bu, bir daha təsdiq edir ki, həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam məhz xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdir və bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.
Statistik rəqəmlərə diqqət yetirməklə də bunun real təsdiqini görmək mümkündür. Hesablamalar göstərir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, onun adambaşına düşən həcmi isə 3,2 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əməkhaqqı 6,3 dəfə artırılmışdır. Göstərilmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi son 5 ildə 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizə enmişdir. Cari il avqustun 31-də dövlət başçısının müvafiq sərəncamları ilə əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədilə minimum aylıq əməkhaqqının və yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 85 manata çatdırılması qeyd olunan istiqamətdə atılan növbəti praktik addımdır.
Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolunun nümunəviliyini və effektivliyini dünya miqyasında sübuta yetirən ən mühüm hadisələrdən biri ötən il özünün zirvə nöqtəsinə çatan və əksər ölkələrin hələ də fəsadlarını tam aradan qaldırmaqda çətinlik çəkdiyi qlobal maliyyə böhranının ölkəmizə təsirinin böyük olmamasıdır. Böhran dövründə Azərbaycan nəinki ümumi daxili məhsulun 9,3 faizi həcmində artımına nail olaraq yenə də bu göstərici üzrə dünya lideri olmuş, eyni zamanda, iqtisadi sahədə keçid dövrünü başa vurmaq kimi möhtəşəm bir uğurun müəllifi kimi çıxış etmiş, eləcə də həm iqtisadi, həm də siyasi anlamda regional güc mərkəzi kimi formalaşdığını bir daha sübuta yetirmişdir. İqtisadi sahədə keçid dövrünün sona yetməsi təbii olaraq Azərbaycanın qarşısında yeni mühüm vəzifələr qoymaqla bərabər, ölkəmizin inkişafının növbəti və daha geniş üfüqlərini açır. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və qarşımıza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çatacağıq".
Ölkəmizin malik olduğu mövcud potensial Azərbaycanın iqtisadi inkişaf statusunun dəyişməsinə və onun "inkişaf etməkdə olan ölkələr" sırasından "inkişaf etmiş dövlətlər" kateqoriyasına daxil edilməsinə lazımi imkanlar verir. Bu gün Azərbaycan iqtisadi cəhətdən özünü təmin edən ölkələrdən biridir və ərazi bütövlüyünün pozulmasına, təcavüzə məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, hər hansı xarici yardıma ehtiyac duymur. Əksinə, ölkəmiz tədricən donor dövlətə, beynəlxalq miqyasda aparıcı investorlardan birinə çevrilməkdədir. Azərbaycan həm də azsaylı ölkələrdəndir ki, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyini uğurla təmin etməyi bacarmışdır. Bütün bunların fonunda ölkəmizdə insanların yaşayış səviyyəsinin daim yüksələn xətt üzrə inkişafı, sosial proqramların uğurla icra olunması, maaşlar və pensiyaların vaxtaşırı artırılması, bu sahədə görülən digər tədbirlər iqtisadi inkişafın həm də vətəndaşların həyatında öz inikasını tapdığını göstərir.
Keçid dövrü başa
çatdıqdan sonra sosial-iqtisadi
inkişafın yeni mərhələsində
Azərbaycan özünün nəqliyyat,
enerji, ərzaq və ekoloji
təhlükəsizliyinin daha da gücləndirilməsi üçün
sistemli tədbirlər həyata
keçirməkdə, qətiyyətli addımlar atmaqda davam edir.
Bu məqsədlə
iqtisadiyyatın diversifikasiyası üçün
görülən işlərin miqyası genişləndirilməkdə,
innovativ metodlardan
istifadə olunmaqda, intensiv
üsulların tətbiqinə diqqət daha
da artırılmaqdadır. İstər sənaye,
istər kənd təsərrüfatı, istərsə də
yeni istehsal sahələrinin
yaradılması və bu zaman qabaqcıl elmi texnologiyadan istifadəyə xüsusi
diqqət yetirilməsi isə iqtisadi inkişafda keyfiyyət amilinin
daim ön planda tutulmasını təmin edən əsas
cəhətlərdən birinə çevrilmişdir.
Bazar
iqtisadiyyatı üçün səciyyəvi
olaraq qanunvericilik
bazasının daha təkmil hala gətirilməsi, müəssisələrin
təsərrüfat fəaliyyətində sahibkarlıq
subyektlərinə geniş imkanlar verilməsi, mülkiyyətin çoxnövlülüyünün təminatı,
qiymətlərin, eləcə də xarici
ticarətin liberallaşdırılmasına yol açan islahatlar yeni inkişaf mərhələsində Azərbaycana
növbəti böyük uğurlar
qazandıracaq müvafiq bazanın
formalaşmasında zəruri rol oynamışdır.
Bununla
yanaşı, ölkəmizdə maliyyə və kapitalın azad hərəkəti, qiymətli
kağızlar, sığorta, lizinq, fond birjalarının inkişafı, idxal-ixrac əməliyyatlarının
genişlənməsi, tədiyyə balansında bir qayda olaraq
müsbət saldonun qeydə
alınması, xarici iqtisadi
fəaliyyət prosedurlarının sadələşdirilməsi,
qlobal iqtisadiyyata milli mənafelərin qorunması ilə uğurlu inteqrasiya və
digər amillər Azərbaycanın inkişafını daha da dinamikləşdirən
mühüm cəhətlərdir.
İnsan kapitalının inkişafının xüsusi diqqət mərkəzində olması, sosialyönümlü siyasətin prioritet istiqamət təşkil etməsi, şübhəsiz ki, yeni mərhələyə qədəm qoymuş iqtisadi inkişafın Azərbaycan xalqının bu sahədə intibahına təsirsiz ötüşməyərək onu daha yüksək hala gətirəcək. Ölkəmizin Əsas Qanununda - Konstitusiyada da deyildyi kimi, "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Bütün bunlar Azərbaycana kifayət qədər parlaq gələcək, daha sürətli inkişaf tempi və yeni möhtəşəm uğurlar vəd edir.
Cavanşir ABDULƏZİMOV,
"Bakısənayetikintitəchizat"
MMC-nin sədri
Azərbaycan.- 2010.- 7 sentyabr.- S. 6.