Bakıda "Kibernetika
və informatika problemləri" mövzusunda III Beynəlxalq konfrans
öz işinə
başlamışdır
Sentyabrın 6-da Bakıda "Kibernetika və informatika problemləri" (PCI 2010) mövzusunda III Beynəlxalq konfrans öz işinə başlamışdır.
Sülh və inkişaf naminə Dünya Elm Gününə həsr olunmuş konfransın təşkilatçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil Nazirliyi, "Abdus Salam" Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA-nın Kibernetika və İnformasiya Texnologiyaları institutları, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Milli Aviasiya Akademiyası və Azərbaycan Texniki Universitetidir.
Üç gün davam edəcək tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, İran, ABŞ, Almaniya, İtaliya, İspaniya, Koreya Respublikası, Polşa, Belarus, Ukrayna, Latviya, Yeni Zelandiya, Sinqapur, Qazaxıstan və Özbəkistandan 40-dan artıq alim və mütəxəssis iştirak edir.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfransı giriş sözü ilə açaraq demişdir ki, çağdaş dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) dinamik inkişafı, tətbiqinin genişlənməsi, informasiya və bilik bazarının formalaşması, İKT infrastrukturunun yaradılması bu sahəni hər bir ölkənin iqtisadi-siyasi, ictimai həyatında prioritet sahəyə çevirmişdir. Akademik M.Kərimov demişdir ki, XXI əsrdə bütün dünyada mühüm sahələrdən olan İKT-nin inkişafı istiqamətində qlobal əhəmiyyət daşıyan müxtəlif proqramlar, layihələr həyata keçirilir, beynəlxalq əhəmiyyətli tədbirlər təşkil edilir, bu sahədə bilik və təcrübə mübadiləsinin aparılması üçün dövlətlər arasında əməkdaşlıq əlaqələri yaradılır, mühüm sənədlər imzalanır.
Diqqətə çatdırılmışdır ki, sivil dünyanın bir parçası olan Azərbaycan da bu proseslərdən kənarda qalmır. Müasir informasiya texnologiyalarının inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet vəzifələrdən biridir. Bildirilmişdir ki, ölkəmizdə bu istiqamətdə dövlət siyasəti çərçivəsində mühüm addımlar atılır, İKT-nin inkişafı və geniş tətbiqi naminə məqsədyönlü işlər aparılır. Ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) təsdiq edilməsi haqqında" imzalanmış 2003-cü il 17 fevral tarixli sərəncam ölkədə bu sahənin inkişafına göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. Ulu öndərin uğurlu siyasətinin məntiqi davamı olaraq hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə İKT-nin sürətli inkişafı siyasəti uğurla davam etdirilir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında Azərbaycanın sürətlə inkişaf etdiyini bildirmiş, iqtisadi inkişafın elmə, biliyə, texnologiyaya və innovasiyalara əsaslanan inkişafa transformasiya olunması üçün böyük səylər göstərildiyini qeyd etmişdir.
Nazir qeyd etmişdir ki, 2003-cü ilin dekabrında Prezident İlham Əliyev Cenevrədə İKT üzrə keçirilmiş Dünya Sammitində Azərbaycanın minilliyin ideologiyası olan informasiya cəmiyyəti üzrə strategiyasını bəyan etmişdir. 2005-ci ilin noyabrında Tunis sammitində XXI əsrin yeni çağırışı "İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin demokratikləşməsində və insan hüquqlarının qorunmasında rolu" elan olunmuşdur və həmin tezisin əsas müəlliflərindən biri də məhz Azərbaycandır.
Əli Abbasov demişdir ki, hazırda ölkəmizdə bir sıra irimiqyaslı layihələrin, o cümlədən "E-Azərbaycan", "E-hökumət - Regional hab", "Milli E-idarəçilik şəbəkəsi", "Distant təhsil", "Azərbaycan Respublikasının səhiyyə informasiya sisteminin yaradılması"na dair dövlət proqramlarının icrasına başlanılmışdır.
Azərbaycan öz geosiyasi mövqeyindən istifadə edərək Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizini inkişaf etdirməklə bərabər, müasir dünyanın çağırışlarına cavab olaraq informasiya-kommunikasiyaları sahəsində körpü funksiyasını da öz üzərinə götürmək əzmindədir. Ölkəmiz artıq bu gün informasiya cəmiyyətinin formalaşması və inkişafı istiqamətində fəaliyyət göstərir. Əsas prioritet hədəflər son nəsil texnologiyalar əsasında bütün Azərbaycan ərazisində müasir infrastrukturun qurulması, elektron hökumətin yaradılması, müasir texnologiyalara və biliklərə əsaslanan yeni iqtisadiyyatın formalaşdırılmasıdır.
Digər çıxış edənlər - AMEA-nın akademiki Akif Hacıyev, Sinqapur Milli Universitetinin professoru Luis Çen, ABŞ-ın Corc Vaşinqton Universitetinin professoru Mozer Sinqpurvalla, Yeni Zelandiya Universitetinin professoru Con Batçer, Moskva Dövlət Universitetinin professoru Yevgeni Çepurin və akademik İsmayıl İbrahimov konfransın əhəmiyyətini yüksək qiymətləndirmiş, tədbirin kibernetika və informatika sahələrinin inkişafına böyük töhfələr verəcəyini vurğulamışlar.
Konfrans öz işini plenar və bölmə iclasları ilə davam etdirir.
Plenar iclaslarda müasir dövrdə kibernetikanın inkişaf tendensiyalarına həsr olunmuş 24 məruzə oxunacaqdır. Sonda ən yaxşı məruzə müəllifləri mükafatlandırılacaq, gənc alim, aspirant və tələbələr konfransın təşkilat komitəsi tərəfindən diplom və fəxri fərmanlarla təltif ediləcəklər.
AzərTAc
Azərbaycan.- 2010.- 7 sentyabr.- S. 6.