Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Ramazan bayramı münasibətilə iftar süfrəsi açmışdır

 

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından müqəddəs Ramazan bayramı münasibətilə Moskvada iftar süfrəsi açılmışdır. Tədbir Poklon dağında açılmış Ramazan çadırında təşkil olunmuşdur. Tədbirin təşkilində Rusiya Müftilər Şurası və "Nadejda" Mədəni-Maarif Fondu yaxından iştirak etmişdir.

Azərbaycan diasporunun nümayəndələrinin, oruc tutanların, qonaqların dəvət olunduğu iftar süfrəsinin əvvəlində Quran oxunmuş, namaz qılınmışdır. Sonra qonaqlara Azərbaycan mətbəxinin təamları təklif olunmuşdur.

İftar süfrəsi zamanı Azərbaycan haqqında videofilm nümayiş etdirilmiş, milli musiqimiz səslənmişdir. Toplaşanlara "Baku", "İrs" jurnalları, Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən bukletlər, Azərbaycan haqqında multimedia diskləri, Azərbaycanın mənzərələri əks olunmuş açıqcalar paylanmışdır.

İftar süfrəsinə dəvət olunanlar Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevaya xüsusi minnətdarlıqlarını bildirmişlər.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 7 sentyabr.- S. 7.