Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşmüşdür

 

Sentyabrın 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru, professor Əli Doğramacı ilə görüşmüşdür.

Qonağı salamlayan Mehriban xanım Əliyeva Əli Doğramacını Fondda görməkdən şad olduğunu bildirdi. Mehriban xanım Əliyeva Əli Doğramacının bu səfərinin görkəmli musiqiçi Sərvər Qəniyevin vəfatı ilə əlaqədar baş tutmasından təəssüfləndiyini bildirərək, ustad sənətkarın dünyasını dəyişməsini həm Azərbaycan, həm də Türkiyə üçün böyük itki olduğunu dedi. Mehriban xanım bildirdi ki, Sərvər Qəniyevin həyatının böyük bir hissəsi Türkiyənin Bilkənd Universiteti ilə bağlı olmuşdur. Onun davamçısı, nəvəsi, gənc skripkaçı Elvin Qəniyevin Parisdə YUNESKO-nun qərargahında Heydər Əliyev Fondunun təşkil etdiyi "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsertindəki çıxışını xatırlayan Mehriban Əliyeva Fondun bu istedadlı gəncə dəstək verdiyini qeyd etdi.

Azərbaycana gəldiyi üçün Əli Doğramacıya təşəkkürünü bildirən Mehriban xanım Əliyeva qonağın Fonda göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Qeyd etdi ki, atası İhsan Doğramacının xatirəsi Azərbaycan xalqı üçün əzizdir.

Əli Doğramacı Azərbaycana hər gəlişində ölkəmizin daha da gözəlləşdiyini və inkişaf etdiyini diqqətə çatdırdı. Azərbaycan və Türkiyənin həm xoş, həm də çətin günlərdə bir yerdə olduğunu deyən qonaq bildirdi ki, Sərvər Qəniyev Azərbaycanı dünyaya tanıdan görkəmli şəxsiyyətlərdən biridir.

Hörmətli qonaq qeyd etdi ki, S.Qəniyev Türkiyədə zəngin Azərbaycan mədəniyyətinin fəal təbliğatçısı kimi tanınmışdır. O eyni zamanda, yeni musiqiçilər nəslinin yetişməsinə böyük töhfələr vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 sentyabr.- S. 3.