Azərbaycan Şərqlə Qərb arasında əlverişli körpü rolunu oynayır

 

1998-ci il sentyabrın 8-də Bakıda tarixi "İpək Yolu"nun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir

 

Ötən əsrin sonlarına doğru AvropaAsiya ölkələri arasında qlobal nəqliyyat sistemi infrastrukturunun yaradılmasına yönəlmiş səylər yenidən güclənmiş, bu proseslərdə müstəqil Azərbaycan da kənarda qalmamışdır. Respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin reallaşdırılmasında fəal rol oynamışdır. Ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində zəngin iqtisadi resurslara malik respublikamız qısa zamanda regionun aparıcı dövlətinə çevrilmişdir.

 

Azərbaycanın əlverişli geoiqtisadi mövqeyə malik olması ona Şərq-Qərb və Şimal-Cənub əlaqələrində xüsusi əhəmiyyət verilməsinə gətirib çıxarmış, respublikamız bu əlverişli məkanda tarixən mühüm ticarət dəhlizi rolunda çıxış etmişdir. Görünür elə bu səbəbdəndir ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən tarixi "İpək yolu"nun bərpası təşəbbüslərinə respublikamız da fəal surətdə cəlb edilmiş, bu yöndə keçirilmiş layihələrə qoşulmuşdur. Azərbaycan bir sıra dünya dövlətləri ilə, habelə Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla birgə tarixi "İpək yolu"nun bərpasını nəzərdə tutan TRASEKA Proqramının hazırlanmasında da yaxından iştirak etmişdir.

1993-cü ilin mayında Brüssel şəhərində keçirilmiş konfransda Avropa Komissiyasının TRASEKA Proqramının yaradılmasının təşəbbüskarı kimi çıxış edən 8 postsovet respublikasından biri də məhz Azərbaycan olmuşdur. Konfransda nəqliyyat və ticarət regional sistemlərində mövcud problemlər, nöqsanlar müəyyənləşdirilərək müzakirə olunmuş, TRASEKA layihəsi çərçivəsində əməkdaşlığın əsasını qoymuş Brüssel Bəyannaməsi qəbul edilmişdir.

TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmişdir. Avropa İttifaqı Komissiyasının təşkilatçılığı ilə keçirilən bu tədbirdə TRASEKA Proqramının iştirakçısı olan 32 dövlətin yüksək səviyyəli nümayəndə heyəti ilə yanaşı, 13 beynəlxalq və regional qurumun nümayəndələri də iştirak etmişdir. Konfransın yekun sənədi olaraq "Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş" imzalanmışdır. Tədbirdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev demişdir: "TRASEKA-nın işçi qrupunun hazırladığı "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş", onun texniki əlavələri, Bakı Bəyannaməsi çox böyük iqtisadi, siyasi, tarixi əhəmiyyətə malikdir. Onların qəbul olunması Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında ticarətin inkişafına, təbii ehtiyatlardan istifadəyə və onların nəqlinə, qarşılıqlı surətdə faydalı əməkdaşlığa kömək edəcəkdir. Tarixi İpək yolunun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi xalqlarımızın yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəkdir".

Avropa İttifaqının TRASEKA Proqramı çərçivəsində tarixi "İpək yolu"nun bərpası üzrə keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında körpü rolunu oynayan respublikamızın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.

2001-ci ildə Avropa İttifaqının TRASEKA Proqramının Bakıda rəsmi nümayəndəliyinin açılması ikitərəfli əlaqələrin perspektivinə daha ciddi təminat yaratmışdır. Açılış mərasimində çıxış edən ulu öndər Heydər Əliyev Avropa İttifaqı tərəfindən görülən və TRASEKA Proqramının həyata keçirilməsinə yönəldilmiş işləri yüksək qiymətləndirmişdir.

Ümumiyyətlə, Azərbaycanın sözügedən Proqramda iştirakı ölkəmiz üçün strateji əhəmiyyət kəsb etmiş, respublikamızın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə, dünya iqtisadiyyatına inteqrasiyasına, beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə yaxşı imkanlar açmışdır. Ötən dövr ərzində TRASEKA Proqramı çərçivəsində respublikamızla "Nəqliyyatın idarə edilməsinin treninqi", "Nəqliyyatın hüquqi və tənzimləyici çərçivəsi", "TRASEKA nəqliyyat dəhlizində vahid tarif siyasətinin tətbiqi", "Sərhəd-keçid proseduraların sadələşdirilməsi", "Qafqaz dəmir yollarının bərpası" və onlarla digər texniki yardım, investisiya layihələri həyata keçirilmişdir.

Son yeddi ildə ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev də ölkəmizin beynəlxalq tranzit əhəmiyyətinin artırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin hələ 2005-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirdiyi kimi, ölkəmizin nəqliyyat sisteminin gələcək inkişafının əsasını TRASEKA, habelə Şimali Avropa, Rusiya, Azərbaycan, İraq körfəzi, Hindistan marşrutunu əhatə edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin sürətli inkişafı təşkil edir: "Ölkəmiz Avropa ilə Asiyanın qovuşuğunda yerləşir və müəyyən mənada təbii körpü rolunu oynayır. Lakin bu körpünü möhkəmləndirmək üçün biz regionun bütün ölkələri ilə sıx əlaqə şəraitində çalışmalıyıq. Avropaya Azərbaycandan, habelə Azərbaycan vasitəsilə Mərkəzi Asiyadan istiqamətlənən nəqliyyat layihələri daha mühüm xarakter daşımağa başlayır. Tarixi İpək yolunun bərpası, TRASEKA Proqramı, Mərkəzi Asiyanı Avropa ilə birləşdirə biləcək və inşasını planlaşdırdığımız Qars-Tbilisi-Bakı dəmir yolu xətti layihələri yalnız niyyət, ideyalar deyildir. Onların böyük əksəriyyəti artıq uğurla başa çatdırılmışdır".

Dövlət başçısı İlham Əliyevin diplomatik səyləri nəticəsində Bakı-Axalkalaki-Qars dəmir yolu layihəsinin gerçəkləşdirilməsi istiqamətində inamlı addımların atıldığını da xüsusi vurğulamaq lazımdır. Bakı-Axalkalaki-Qars dəmir yolunun tikintisi layihəsi üzrə üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə deklorasiyası 2005-ci ilin mayın 25-də Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən imzalanmışdır. 2007-ci ilin fevralında üç ölkənin prezidentlərinin imzaladığı yekun razılaşmaya əsasən, yaxın zamanlarda 98 kilometrlik dəmir yolunun inşasına başlanacaqdır. Azərbaycanın bu məqsədlə Gürcüstana 200 milyon dollar güzəştli kredit ayırması faktı da respublikamızın regionda liderlik etdiyini, iqtisadi inkişaf proseslərinə mühüm töhfə verdiyini təsdiqləyir. Əminliklə demək olar ki, bu layihənin qısa zamanda gerçəkləşməsi nəticəsində respublikamızın beynəlxalq tranzit əhəmiyyəti bir qədər də yüksələcəkdir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 8 sentyabr.- S. 5.