Latviyanın sabiq Prezidenti Azərbaycan Diplomatik Akademiyasında məruzə ilə çıxış etmişdir

 

Ölkəmizdə səfərdə olan BMT-nin baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 14-də Azərbaycan Diplomatik Akademiyasında Avropa İttifaqına inteqrasiya mövzusunda məruzə ilə çıxış etmişdir.

AzərTAc xəbər verir ki, Vayra Vike-Freyberqa Latviyanın Avropa İttifaqına inteqrasiyası və ölkənin qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması üçün hökumətin gördüyü işlər barədə ətraflı məlumat vermişdir.

Sabiq Prezident qeyd etmişdir ki, Latviyanın Avropa İttifaqına inteqrasiyası üçün onlarca qanuna, hətta ölkənin Konstitusiyasının bəzi maddələrinə dəyişikliklər edilmişdir.

Avropa İttifaqının xarici siyasətinə toxunan xüsusi elçi demişdir ki, burada qurumun üzvü olan bütün ölkələrin vahid mövqedən çıxış etmələri vacibdir.

Sonda qonaq tələbələrin suallarını cavablandırmışdır.

 

 

Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 4.