Milli mətbuatımızın güclü qələm sahibi Üzeyir bəy Hacıbəyli

 

Milli mətbuatımızın təşəkkül tapmasında, inkişafında xüsusi xidmətləri olan böyük şəxsiyyətlərdən biridünya şöhrətli dahi sənətkar Üzeyir bəy Hacıbəylidir. Üzeyir bəy Azərbaycan professional musiqisinin banisi kimi cahanşümul şöhrət qazansa da, onun publisist, dramaturq, pedaqoq, tərcüməçi, mütəfəkkir, alim, ictimai xadim olaraq xidmətləri çox dəyərli və əvəzsizdir.

Azərbaycan mətbuatını Ü.Hacıbəylisiz təsəvvür etmək mümkünsüzdür. Çünki burada onun özünəməxsus, müstəsna yeri vardır. Üzeyir bəy bəstəkarlıq, musiqişünaslıq sahəsində olduğu kimi, jurnalistika, publisistika, dramaturgiya sahəsində də təkrarolunmaz şəxsiyyətdir.

1903-cü ildə Tiflisdə çıxan "Şərqi-Rus" qəzetində "Dəllək" adlı ilk felyetonu dərc edilən Üzeyir bəy Hacıbəyli ömrünün sonuna qədər qələmi yerə qoymamış, vətənin, xalqın, milli mədəniyyətin inkişafı naminə mübarizə aparmış, bir-birindən dəyərli məqalələr, felyetonlar, miniatürlər, səhnəciklər yazmışdır. Hətta o, 1904-cü ildə Hadrut kəndindəki məktəbdə dərs dediyi zaman "Kaspi" qəzetinin xüsusi müxbiri kimi Cəbrayıl, Şuşa qəzalarından maraqlı korrespondensiyalarını rus dilində qələmə alaraq redaksiyaya göndərmiş və bu, mətbu orqanda dərc etdirmışdır.

Ü.Hacıbəyli erməni-müsəlman davası düşdükdən sonra 1905-ci il avqustun 20-də axşam saat 7.00-da qatarla Bakıya gəlmiş, 7 sentyabr 1905-ci il tarixli "Həyat" qəzetində "Avqustun 20, 21 və 23-də Bakı müqaviləsi" (müharibə, döyüş - S.Q.) adlı məqalə ilə çıxış etmişdir. Beləliklə də Üzeyir bəyin 1905-ci ildən etibarən Bakıda müxtəlif mətbuat orqanlarında çeşidli mövzularda yazıları çap olunmağa başlamışdır.

Üzeyir bəy Hacıbəyli öz məqalələrində xalqı düşündürən məsələlərdən bəhs etməklə yanaşı, dini fanatizmi, çar Rusiyasının fitnəkarlığını, Şərq qadınlarının hüquqsuzluğunu, hətta Leninonun bolşevik hökumətini kəskin tənqid edir, dilimizin saflığı, mədəniyyətimizin çiçəklənməsi uğrunda yorulmadan mübarizə aparırdı.

Böyük publisist 1920-ci ilə kimi Azərbaycanda nəşr olunan "Kaspi", "Həyat", "Təkamül", "İrşad", "Tərəqqi", "İqbal", "Yeni iqbal", "Azərbaycan", "Füyuzat", "Molla Nəsrəddin", sonralar "Sənayeyi-nəfisə", "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət", "Revolyusiyakultura", "Vətən uğrunda", "Yeni yol", "Kommunist", "Bakinskiy raboçi" və s. qəzet və jurnallarda müntəzəm olaraq çıxış etmişdir. Üzeyir bəy yazılarını 67 gizli imza - "Filankəs", "Bir şəxs", "Behmənkəs", "U", "Ü", "Üzeyir", "Çi" və başqa imzalarla dərc etdirmişdir. Kəsərli qələm sahibi olan Ü.Hacıbəyli "Ordan-burdan", "O yan, bu yan", "Dərədən-təpədən", "Zurna" və s. sərlövhələr altında özünün duzlu-məzəli, yumorlu, eyni zamanda, düşündürücü felyetonlarını yazmışdır.

Üzeyir bəy mühərrirlik etməklə bərabər, dörd qəzetin - "Tərəqqi" (1908-1909), "Həqiqət" (1909-1910), "Yeni iqbal" (1915-1917), "Azərbaycan" (1919-1920) - baş redaktoru olmuşdur. Eyni zamanda, bu qəzetlərdə onun böyük maraq kəsb edən yazıları, tərcümələri işıq üzü görmüşdür. Məsələn, görkəmli rus yazıçısı N.Qoqolun "Şinel" əsərini Azərbaycan dilinə ilk dəfə çevirən Üzeyir bəy Hacıbəyli onu 1909-cu ildə "Tərəqqi" qəzetində hissə-hissə dərc etdirmişdir. Azərbaycan mətbuat tarixində önəmli yeri olan "Molla Nəsrəddin" jurnalında da Üzeyir bəyin felyetonları dərc edilmişdir. Doğrudur, bəzi alimlər israrla Ü.Hacıbəylinin "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmədiyini bildirirdilər. Lakin onların bu fikirləri öz təsdiqini tapmamışdı. Əksinə, son üç ildə Üzeyir bəyin "Molla Nəsrəddin" jurnalında 8 felyetonunu aşkar edərək ictimaiyyətin mühakiməsinə verdik. Beləliklə, sevimli ədibimiz Üzeyir bəy Hacıbəylinin "Molla Nəsrəddin" dərgisindəki felyetonları bunlardır: "Məlakə sifətli" (6 oktyabr 1908), "Orucluq" (8 sentyabr 1910), "Uşaq" (27 iyul 1911), "Hamam" (4 avqust 1911), "Səs gəlir" (11 avqust 1911), "Qəribə mühakimə" (yanvar, 1924), "Oktyabrteatr" (7 noyabr 1927) və "On il" (7 noyabr 1927). Bu yazılar "Lal uşaq", "Hamamçı", "Adı molla, özü bəy filankəs", "Çoban", "Yalançı", "Namuslu" və "Bir nəfər" imzaları ilə işıq üzü görmüşdür.

Üzeyir bəy Hacıbəyli savadlı, dünyagörüşlü, geniş erudisiyalı bir jurnalist, mühərrir, tarixçi, siyasi icmalçı kimi siyasətdən, tarixdən, mədəniyyətdən, maarifdən, məişətdən bəhs edən yazılarla mətbuat səhifələrində çıxış edirdi. O, çar Rusiyasının daxili vəziyyətini, çar hökuməti və Dövlət Duması arasındakı anlaşılmazlığı, məmurların rüşvətxorluğunu, polisin cəlladlığını, Azərbaycan kəndlilərinin ağır güzəranını, xalqın qayğısına qalmayanları, öz cibləri üçün çalışanları, yalançılığı, fitnəkarlığı qamçılayan, xalqın tərəqqisi, maariflənməsi işinə xidmət edən bir-birindən oxunaqlı məqalə və felyetonları qələmə almışdır. Eyni zamanda, Üzeyir bəy müxtəlif ölkələrin tarixlərinə də varmış, "Buxara xanlığının müxtəsər tarixi", "BuxaraRusiya", "Yaponiyanın müxtəsər tarixi", "İrana dair", "Türkbolqar etilafı haqqında", "RusiyaBolqariyaingilis mətbuatı", "Balkanlarda" və s. məqalə və felyetonlarda tarixi araşdırmalar aparmışdır.

Üzeyir bəy Hacıbəylinin jurnalistlik fəaliyyətinin 1918-1920-ci illər dövrüçox məhsuldar olmuşdur. Qüdrətli qələm sahibi olan Üzeyir bəy Azərbaycan Demokratik Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetində əvvəlcə mühərrir kimi çıxış etmiş, sonra isə qəzetə rəhbərlik etmişdir.

1918-ci ilin mart qırğınından sonra Üzeyir bəy Nəriman Nərimanovun israrlı təhriki ilə həmin ilin may ayından oktyabra qədər "Hacıbəyov qardaşlarının teatr truppası" ilə İrana qastrola getmiş, 1918-ci il oktyabr ayının 23-də yenidən Bakıya qayıtmış, 29 oktyabr 1918-ci il tarixli "Azərbaycan" qəzetində ilk yazı ilə çıxış etmişdir.

"Azərbaycan" qəzetinin baş redaktoru olan Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli 1919-cu ilin yanvar ayında Azərbaycan Demokratik Cümhuriyyətinin nümayəndə heyəti ilə Fransaya Versal Sülh konfransına gedəndən sonra 1919-cu il yanvarın 16-dan qəzet bağlanana qədər, yəni 1920-ci il aprelin 27-nə kimi Üzeyir bəy Hacıbəyli "Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur. Qəzetə rəhbərliyi dövründə burada onun çox sayda baş məqaləsi, Azərbaycan parlamanenti haqqında reportajları, teatr və musiqiyə həsr olunmuş tənqidi yazıları çap edilmişdir.

"İçimizdəki Denikinlər", "İstiqlalistiqbal ümidi", "İstefa münasibətilə", "Azərbaycan istiqbalı", "Azərbaycan parlamanı", "Qarabağ hadisatı", "Ermənistan və Azərbaycan münasibatı", "Nə istəyirlər", "Qara təhlükə" və s. məqalələr bu günöz aktuallığını itirməyib. Ümumiyyətlə, Üzeyir bəyin yüz il bundan əvvəl yazdığı məqalələri oxuduqca bugünümüz göz önünə gəlir. Üzeyir bəy Hacıbəylinin "Eyni müamilə gözləyirik" məqaləsində oxuyuruq: "Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamaq qəsdilə göstərməkdə olduqları inad artıq həyasızlıq dərəcəsinə varmışdır" ("Azərbaycan" qəzeti, 5 may 1919-cu il).

Daha sonra Üzeyir bəy "Nə istəyirlər" məqaləsində yazırdı: "Mart hadisatında (1918-ci ilin mart soyqırımı nəzərdə tutulur - S.Q.) bizi, yəni müsəlman burjuyundan tutmuş müsəlman fəqirləri, kasibəsini və baxüsus müsəlman əlsiz-ayaqsızlarını erməni-daşnak soldatlarının süngü, güllə və xəncərlərlə arvad və uşağına kimi qırdıran bolşeviklərə biztövr etibar edə bilərik? Bolşeviklik naminə erməni-müsəlman qırğını salanların hansı "gözəl" sözünə və "insaniyyəti-pərvəranə" sözlərinə inana bilərik? Bolşevikləri dursun, menşeviklərinə nasıl bel bağlaya bilərik? İstiqlalımızı qəbul etmədiklərinə görəmi? Və bu gün hər bir vəsilə ilə olur-olsun "istiqlalımızı əlimizdən almaq yolunda çalışdıqlarına görəmi?" ("Azərbaycan" qəzeti, 7 may 1919-cu il).

"Qara təhlükə" məqaləsində isə cəsarətli jurnalist belə yazırdı: "İstiqlalımızın bir ilinin bayramını yenicə keçirmişdik ki, üfüqümüzdən qəflətən nümayan olan bir qara əl haman istiqlalımızı qırmaq və bizi murdar pəncəsi altında əzmək xəyalilə şimalımızdan uzanmağa başladı.

...Azərbaycan türk və islamları rus qırmızı sollarının ayaqları altında inləyən vətəni ondan ötrü xilas etmədilər ki, sonra onu rusun qara sağlarının əli altında əsir versinlər!.. Biz bu qədər tökülən qanlar, qurban edilən canlar, viran olunan xanimanlar bahasilə istirdad edilmiş olan hüququmuzu əlimizdən almaq istəyənlər, o əl sahiblərinin türklük və islamlığa məxsus qeyrət və namuslarından, əzm və səbatlarından bixəbər olmalıdırlar ki, bu cürə xam xəyallara düşürlər" ("Azərbaycan" qəzeti, 18 iyun 1919-cu il).

"Qarabağ hadisatı" məqaləsində isə oxuyuruq: "Azərbaycan hökumətinin səbir kasası doldu. Köçəri mövsümünün hüluli isə əhalini dəxi böyük müşkilat qarşısında qoyub orada bir acıq və əsəbiyyət törətməyinə səbəb oldu. Ermənilərin inadlığı və hökumətimizin hövsələsi bu acığı və əsəbiyyəti getdikcə artırıb Qarabağda bu gün-sabah bir qeyz və qəzəb partlanğıcı zühur edəcəyini naçar qoymuşdu" ("Azərbaycan" qəzeti, 24 iyun 1919-cu il).

Üzeyir bəy bu məqalələrini "Üzeyir", "Hacıbəyli Üzeyir", "Üzeyir Hacıbəyli" imzaları ilə yazmışdır.

"Azərbaycan" qəzetinin 25 aprel 1920-ci il tarixli sayında Azərbaycan Demokratik Cümhuriyyətinin devrilməsinə iki gün qalmış Ü.Hacıbəylinin sonuncu felyetonu dərc edilmişdir. Üzeyir bəy bu felyetonun sərlövhəsinə "Zurna", sonuna isə "Çi" imzası qoymuşdur. Bu yazıda Leninin və bolşeviklər hökumətinin üzü açılmış, ciddi tənqid atəşinə tutulmuşdur.

Xüsusi qeyd etmək lazımdır ki, Üzeyir bəy Hacıbəyli çox cəsarətli, qorxmaz, obyektiv, uzaqgörən bir publisist olmuşdur.

Ü.Hacıbəyli 1920-ci ildən sonra siyasətdən uzaqlaşmış, yalnız musiqinin, incəsənətin, ümumilikdə mədəniyyətin, təhsilin tərəqqisi üçün çalışmış, milli kadrların yetişdirilməsində misilsiz xidmətləri olmuş, musiqi təhsili ocaqlarının, musiqi kollektivlərinin yaranması naminə fəaliyyət göstərmiş, ictimai işlərlə məşğul olmuşbu lazımlı sahələri mətbuat səhifələrində işıqlandırmışdır.

"Azərbaycanda musiqi təhsili", "Musiqimiz tərəqqi yolunda", "Moskvada Azərbaycan dekadası", "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər", "Gənc talantların yaradıcılığının nümayişi", "Azərbaycanın çiçəklənən incəsənəti" və s. məqalələrini dərc etdirmişdir.

Azərbaycanın əvəzsiz dühası Üzeyir bəy Hacıbəyli çoxşaxəli fəaliyyətinin hər bir sahəsində olduğu kimi, jurnalistika, publisistika aləmində də öz dahiliyini göstərmişdir. Milli mətbuat tariximizdə bu günçox aktual olan yazılarını oxuduqca onun qələminin gücünə, qüdrətinə, təfəkkürünə, vətənə, xalqa bağlılığına heyran qalırıq. Peyğəmbəranə deyilmiş fikirlərinə biganə olduğumuza görə isə təəssüf hissi keçiririk. Bir daha əminliklə deyirik ki, bütün sahələrdə Üzeyir bəy Hacıbəyli zirvəsi əlçatmaz və əvəzedilməzdir.

 

 

Səadət QARABAĞLI

 

Azərbaycan.- 2010.-15  sentyabr.- S. 6.