"Tarixi gün" və ya
"gülən ruhlar"
Azərbaycan tarixinin müəyyən dövrlərini özündə əks etdirən elə günlər var ki, xalqımız yaşadıqca yaşayacaq, yaddaşlardan, beyinlərdən silinməyəcək - 28 May, 15 Sentyabr, 20 Yanvar!
15 Sentyabr - 1918-ci ildə Bakının erməni, rus, ingilis qüvvələrindən azad olunduğu gündür. Bu, tariximizin ən şərəfli, ən işıqlı günlərindən biridir. Bakının azad olunması mayın 28-də elan olunan müstəqilliyin və istiqlalın tamamlanması idi.
O vaxt Bakını azad etmək üçün Gəncədən hərəkətə başlayan Qafqaz İslam Ordusunun əsgərləri arasında öz qələmi ilə döyüşən bir nəfər də vardı - bu, şair Əhməd Cavad idi! Onun şair qəlbi hamıdan qabaqda gedirdi - yaxınlaşan qələbədən, bu yolda tökülən qanlardan yazırdı:
Sağ qalanlar analara təsəlli,
Ölənlərin ruhu gülər, bismillah!
Bu yolda canından keçən, şəhid olan oğullar isə yüzlərlə, minlərlə idi. İndinin özündə də Azərbaycanın hər tərəfinə səpələnmiş şəhid məzarları çox həqiqətlərdən xəbər verir. Onda ölənin də, qalanın da bir fikri, bir amalı vardı - dövlətin baş kəndini, paytaxtını düşmənlərdən azad etmək. Bu, vaxtilə İstanbulun azad edilməsi qədər vacib və əhəmiyyətli idi. Məhz onda şair demişkən, "ölənlərin də ruhu güləcəkdi".
O gün Nuru paşanın rəhbərlik etdiyi ordu hissələri Bakını azad etdi. Dövrün elə bir ziyalısı, elə bir ictimai-siyasi xadimi və ya elə bir həqiqi mətbu orqanı olmadı ki, bu tarixi hadisəyə sevinməsin, ona münasibət bildirməsin. Gəlin o dövrə onların gözləri ilə baxaq:
"Azərbaycan" qəzeti: "Azərbaycan türkləri dəxi yüz illərcə adları ağızlarda söylənilən pənahgah və ümidgahları olan türk qardaşlarına pənah apardılar. Ömürlərinin əksər vaxtını islam düşmənləri ilə mübarizədə keçirmiş türkün arslan oğulları, türkün qəhrəmanları şimal qardaşlarının imdadına yetib bir azca zamanda münhəzim edib də hal-hazırda Azərbaycanın paytaxtını düşməndən təmizləməkdədirlər".
Nuru paşa Bakıya daxil olarkən demişdir: "Bismillahir-rəhmanir-rəhim, Bakı şəhəri igid ordu hissələrimiz tərəfindən azad olundu. Qafqaz İslam Ordusunun komandanı Farik Nuri".
Nuru paşa 1918-ci il noyabrın 10-da Bakıdan gedərkən belə söyləmişdir: "Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq".
Fətəli xan Xoyskinin Nuru paşaya teleqramı: "Qafqaz İslam Ordusu komandanı rəşadətli Nuru paşa həzrətlərinə! Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakını düşmənlərdən xilas etdiyi münasibətilə millətin zati-aliyi-həmiyyətpərvəranələrinizə dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu əxz etməklə iftixar edərim, əfəndim. Heyəti-Vükala rəisi Fətəli xan".
Fətəli xan Xoyskinin Şərq orduları qrupu komandanı Xəlil paşaya teleqramı: "Bakının, Azərbaycanın istiqbalını, səadətini, iqtisadən və siyasətən təmin edəcək və türk aləminin ikinci bir İstanbulu olmağa layiq bir mərkəzin türkün cəngavər, namuslu övladlarının qəhrəmanə hücumları sayəsində düşmənlərdən xilası münasibətilə zati-aliyi-həmiyyətpərvəranələrimizi ən zəminamə bir surətdə təbrik edirəm. Heyəti-Vükala rəisi Fətəli xan".
Nazirlər Sovetinin sədri Nəsib bəy Yusifbəyli:
"Ey cəsur türk
qəhrəmanları! Sizə layiq bir söz vardır ki, onu da
Bakının alınması münasibətilə Nuru paşa həzrətlərinə
Baş vəkilimiz yazmışdır. Ondan daha münasib bir tədbir bulamadığımdan, onu mən də təkrar ediyoram
və zənn edirəm ki, üç
kəlmədən ibarət olan bu cümləyi Azərbaycan durduqca
hər bir azərbaycanlı türk qəlbində yaşadacaq
və dilində təkrar edəcəkdir: "Millət
sizə minnətdardır".
Ceyhun bəy
Hacıbəyli:
"8-i zilhiceyi-haram 15-i eyul "sentyabr" bütün türk və islam tarixində zərrin "qızıl
bir səhifə işğal edəcəkdir. Həmin gün
Bakı süqut etdi. Bakının süqutu yalnız biz Azərbaycan deyil, bəlkə bütün türk və islam aləmi
üçün siyasi
və mənəvi nöqteyi-nəzərdən ali
mövqe açır.
Həmçinin əks-surətdə
kürreyi-zəmində yaşayan
bütün türk və islam
övladlarına onun matəməngiz bir təsiri olacaq idi. Çünki siyasət meydanına
atılan məta ziqiymət idi. Hama matə türk
oğlunun namus və şərəfi idi".
Əhməd bəy Ağayev: "Bən Bakını İstanbulda və İstanbulu Bakıda görüb özümü o qədər
bəxtiyar görürəm
ki, daha ölsəm, o qədər
qəmim yoxdur, dünyadan kam almış kimiyəm".
Bir il sonra - 1919-cu ilin 15 sentyabrında Azərbaycan parlamentinin təntənəli iclasında
Həsən bəy Ağayev çıxışında
belə demişdir:
"Möhtərəm məbuslar!
Bugünkü bayramın nə
qədər şərəfli,
nə qədər tarixi olduğunu hər kəs düşünür və
anlar.
Bu gün düz bir ildir ki,
Azərbaycanın milli
mərkəzi hesab olunan Bakı düşmənlər əlindən,
zalımlar əlindən
xilas olmuşdur.
Böyləliklə, ən müqəddəs hesab etdiyimiz paytaxtımız olan Bakını alıb bizə vermişlərdi.
Əfəndilər qan bahası türklük və islamlıq uğrunda şəhid vermişlər, vətənimizi xilas edən türk igidlərini yad etməklə bərabər onu da əlavə edirəm ki, biz azəri türkləri böyük qardaşımız olan türklərin canfəddalıqlarını heç vaxt unutmayacağız və müşkülatilə qan bahasına alınmış və bizə bəxş olunmuş istiqbalımızı müdafiə etməyə əhd edib, hər şeydən müqəddəs tutaraq əqsayi muradımıza nail olacağıq. Bu gün azəri cəmiyyəti-xeyriyyəsi türk şəhidlərinin adına əbədi bir nişangah qoyur".
Bu, həmin dövrü əks etdirən fikirlərin bir qismidir. Bu fikirlərdən doğan əsas qayə Azərbaycanın tam istiqlalının Bakısız mümkün olmamasıdır. Doğrudan da, Bakını azad etməklə tam müstəqilliyinə, istiqlalına qovuşan millət iki il sonra - 1920-ci ilin 28 aprelində Bakının rus qoşunları tərəfindən işğalı ilə də öz müstəqilliyini itirmiş oldu. Yalnız ötən əsrin sonlarında yenidən qazanılan müstəqilliyi ulu öndər Heydər Əliyevin qüdrəti sayəsində qoruyaraq əbədiliyə və dönməzliyə çevirmək mümkün oldu!
P.S. 15 sentyabr
1918-ci il həm də "Azərbaycan"
qəzetinin nəşrə başladığı tarixdir.
Bəxtiyar QARACA
Azərbaycan.- 2010.- 15 sentyabr.- S. 6.