Geologiya elminə həsr olunmuş
həyat
Sentyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Adil Abas Əli oğlu Əliyevin 80 yaşı tamam olmuşdur. Alim həyatının 60 ilini Azərbaycanın geologiya elminin inkişafına həsr etmiş və bu gün də həmin istiqamətdə yorulmadan elmi fəaliyyətini davam etdirir.
Adil Əliyev 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini (hazırda BDU) fərqlənmə diplomu ilə bitirərək neftçi-geoloq ixtisası almışdır. Qeyd etmək lazımdır ki, hələ tələbə olarkən elmi-tədqiqat işlərinə böyük maraq və meyil göstərərək, o, birinci kursdan, 1950-ci ildən Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunda çalışır, çöl ekspedisiyası işlərində, həmçinin akademik Şəfayət Mehdiyevin rəhbərliyi altında "Neft yataqlarının geokimyası" laboratoriyasının tədqiqatlarında fəal iştirak edir. Beləliklə, alimin geologiya elminə həsr edilmiş həyat yolu bilavasitə Geologiya İnstitutu ilə bağlı olmuşdur.
1954-cü ildə "Neft və qazın geologiyası" ixtisası üzrə aspiranturaya qəbul olmuş və 1958-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, geologiya-mineralogiya elmləri namizədi dərəcəsini və bir ildən sonra böyük elmi işçi adını almışdır. Sonrakı illərdə "Bituminologiya və süxurların üzvi maddələri" (1969-1970) və "Palçıq vulkanlarının geokimyası" (1972-1986) laboratoriyalarına rəhbərlik etmişdir. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləmişdir. 1992-ci ildə "Palçıq vulkanizminin geokimyası və böyük dərinliklərin neft-qazlılığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildən isə, o Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəridir.
Maraqlıdır ki, Adil Əliyevlə mənim ilk tanışlığım 1953-cü ildə olmuşdur. Mən Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) geologiya-kəşfiyyat fakültəsinin 2-ci kursunda, o isə geologiya fakültəsinın dördüncü kursunda oxuyurdu və fakültənin tələbə elmi cəmiyyətinə rəhbərlik edirdi. Universitetdə keçirilən respublika tələbə elmi konfransının təşkilatçılarından biri idi. Həmin konfransda mən "Buzovna palçıq vulkanı" adlı elmi məruzə ilə çıxış etdim və təşkilat komitəsi tərəfindən bürünc medalla təltif olundum. 1957-ci ildən isə Geologiya İnstitutunda biz birgə əməkdaşlıq edirik.
Adil Əliyev təcrübəli, yüksək ixtisaslı neftçi geoloq, geokimyaçı və vulkanoloq mütəxəssisidir. Elmi tədqiqatları neft və qazın geologiyası və geokimyası, palçıq vulkanizmi, karbohidrogen xammalının qeyri-ənənəvi (alternativ) ehtiyatları, geologiya elminin tarixi sahələrini əhatə edir. Göründüyü kimi, alimin elmi fəaliyyəti çoxsahəlidir, çünki hələ tələbəlik illərində Geologiya İnstitutunda işlədiyi dövrdə o, yay mövsümlərində təcrübəli geoloq-alimlərin (Viktor Xainin və Hətəm Şıxalibəylinin) rəhbərliyi altında Azərbaycanın müxtəlif rayonlarında aparılan çöl ekspedisiyalarında fəal iştirak etmiş və geologiya elmini dürüst mənimsəməyə nail ola bilmişdir. Universitetdə oxuyarkən, A.Əliyev "Tərtər çayının yuxarılarının geoloji quruluşu"na həsr edilmiş elmi-tədqiqat diplom işinə görə keçmiş SSRİ ATH-nin tərif fərmanı ilə təltif olunmuşdur. 20 ildən artıq (1960-1983) müddətdə əsas elmi tədqiqatları ilə yanaşı, o, Azərbaycanda SSRİ ərazisinin geoloji öyrənilməsi üzrə komissiyanın elmi katibi olmuş və Azərbaycana aid 42 saylı cildin hazırlanmasında böyük səy göstərmişdir. Bu illər ərzində Azərbaycanın geoloji öyrənilmə tarixinin müxtəlif mərhələləri üzrə 10-dan çox kitab nəşr olunmuşdur.
A.Əliyevin elmi fəaliyyətini səciyyələndirərkən, qeyd etmək lazımdır ki, keçən əsrin 60-cı illərində o, Azərbaycanın neftli-qazlı rayonlarının çökmə süxurlarındakı üzvi maddələrin geokimyəvi tədqiqi işi ilə məşğul olmuş, Mezokaynozoy kəsilişində neft-qazəmələgətirən çöküntüləri ayırmış və görülən işlərin nəticələri Xəzəryanı-Quba rayonunun (1963), Kür çökəkliyinin şərq hissəsinin (1965) çöküntülərinin geokimyasına həsr olunmuş monoqrafiyalarda öz əksini tapmışdır. Eyni zamanda, 1964-cü ildə Beynəlxalq Geoloji Konqresin XXII sessiyasında (Dehli şəhəri) "Azərbaycanın çöküntü qatlarındakı üzvi maddələrin geokimyasının bəzi məsələləri" adlı məruzənin müştərək müəllifi olmuşdur.
Etiraf edilməlidir ki, Adil Əliyevin əsas elmi istiqaməti palçıq vulkanizmi problemi olmuşdur. Hələ namizədlik dissertasiyası üzərində işləyəndə o, 1957-ci ildə Hərəmi silsiləsi palçıq vulkanları haqqında ilk məqaləsini çap etdirmişdir. Sonralar bu istiqamətdə tədqiqatlarını genişləndirmiş və onların nəticələri "Küryanı neftli-qazlı vilayətin palçıq vulkanları" (1969) monoqrafiyasında şərh olunmuşdur.
1966-cı ildə Geologiya İnstitutunda akademik Əhəd Yaqubov tərəfindən Sovet İttifaqı miqyasında ilk dəfə palçıq vulkanizmi laboratoriyası yaradılmışdır. Bu laboratoriyada görülmüş işlərin nəticəsi 5 il sonra Almaniyada çap olunmuş "Azərbaycanın palçıq vulkanları Atlası"nda öz əksini tapmışdır. Bu atlas ümumdünya geoloji ədəbiyyatında palçıq vulkanlarına aid bu tip birinci nəşrdir. Hazırda palçıq vulkanizmi şöbəsinin əməkdaşları Adil müəllimin başçılığı altında "Dünya palçıq vulkanlarının Atlası"nı tərtib edirlər.
1972-ci ildə Geologiya İnstitutunda palçıq vulkanizmi sektoru yarandıqdan sonra, görkəmli alim-vulkanoloq, akademik Əhəd Yaqubovun rəhbərliyi altında palçıq vulkanlarının geokimyası laboratoriyasında, Adil Əliyev süxur və flüidlərin geokimyəvi tərkibinin, xüsusilə, vulkanların püskürmə məhsullarının kompleks öyrənilməsilə məşğul olur. Bu işlər nəinki Azərbaycanın, hətta keçmiş SSRİ məkanında intişar tapmış palçıq vulkanlarının tədqiqinə yönəldilmişdi. O illər SSRİ EA-nın qərarı ilə AEA Geologiya İnstitutu "Palçıq vulkanizmi və faydalı qazıntı yataqlarının axtarışı" problemi üzrə baş təşkilat statusunda təsdiq edilmişdi.
Bu illər ərzində palçıq vulkanizmi məsələlərinə aid bir çox vacib elmi-təcrübi nəticələr əldə edilmişdir. A.Əliyev palçıq vulkanlarının əmələ gəlməsində və təzahüründə Paleogen-Miosen yaşlı süxurların rolunu, palçıq vulkanizmi ilə seysmikliyin əlaqəsini təsdiq etmişdir. Onun tərəfindən palçıq vulkanlarının morfogenetik təsnifatı verilmiş, ilk dəfə olaraq iki genetik əlaqəli əsaslar: palçıq vulkanları və vulkan təzahürləri, həmçinin çoxlu miqdarda neft çıxaran vulkanlar və təzahürlər müəyyən edilmişdir. O "Sönmüş sualtı vulkanların axtarışı üsulunu" işləyib hazırlamış və Xəzərdə müvəffəqiyyətlə tətbiqinə nail olmuşdur. Həmçinin palçıq vulkanları yerləşən ərazilərdə böyük dərinlikdə neft və qaz yataqlarının geokimyəvi metodlarla axtarışı məsələsini işləyib hazırlamışdır.
Son illər palçıq vulkanlarının struktur mövqeyinin öyrənilməsi, kosmik şəkillər və aerofotomaterialların təsviri əsasında yeni qırılma strukturları və müxtəlif xarakterli mikrobloklar, yerüstü və gömülmüş vulkanlar aşkar edilmiş, palçıq vulkanlarının məkan və zamanca paylanmasının qanunauyğunluqları müəyyən olunmuş, palçıq vulkanlarının ümumiləşdirilmiş kataloqları yaradılmış, püskürmə məhsullarının izotop-geokimyəvi tədqiqatları əsasında mənşəyi aşkarlanmışdır.
A.Əliyev bir alim kimi nəinki Azərbaycanda, həmçinin onun sərhədlərindən kənarda da tanınır. O, çoxsaylı beynəlxalq elmi forumların (ABŞ, Almaniya, İtaliya, Fransa, Macarıstan, Türkiyə və s.) iştirakçısı və mühazirəçisi olmuş, neft-qaz yataqlarının geologiyası və geokimyası, həmçinin palçıq vulkanizmi sahələrində Azərbaycanın geologiya elmini xarici ölkələrdə təbliğ etmişdir. 1992-ci ildən etibarən alim xarici neft şirkətləri və firmaları ("Britiş-Petrolium", "Statoyl", "Geokimqrup", "Amoko", "Eksson", konsorsium "AMOK" və s.) ilə müştərək elmi-tədqiqatlarda fəal iştirak etmiş və neft-qaz geologiyasının və palçıq vulkanizminin müxtəlif problem məsələlərinin öyrənilməsi üzrə əsas icraçılardan biri olmuşdur.
A.Əliyevin vulkan palçığının müalicə xüsusiyyətlərinin öyrənilməsində, palçıq vulkanları qoruğunun yaradılmasında, vulkanlara turist marşrutlarının təşkili məsələsində də böyük xidməti olmuşdur. Hələ 80-ci illərdə müalicə məqsədilə ilk dəfə olaraq vulkan palçığının geokimyəvi xüsusiyyətləri tədqiq olunmuşdur. 1993-cü ildə o, vulkanların dağıdılmasının, onun ərazisinin zibillənməsinin, yaxınlığında tikinti işlərinin qarşısının alınması, vulkan qoruğunun təşkili məsələlərini respublikada ilk dəfə qaldırmışdır. 2008-ci ildə "Azərbaycanın palçıq vulkanları" (bələdçi) kitabçasını (ingilis, rus və Azərbaycan dillərində) nəşr etmişdir.
Ümumiyyətlə, alim 290 elmi əsərin, o cümlədən 8 kitab və 4 elmi-populyar broşürlərin müəllifidir. A.Əliyev öz elmi fəaliyyətində gənc kadrların, geoloq və geokimyaçı mütəxəssislərin hazırlanmasına da xüsusi fikir verir. Təkcə son 10 ildə onun rəhbərliyi altında 2 elmlər doktoru və 5 elmlər namizədi hazırlanmışdır.
Alimin həyatında elmi-təşkilatçılıq və ictimai fəaliyyət də xüsusi yer tutur. 1978-1983-cü illərdə Geologiya İnstitutunun doktorluq müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın elmi katibi olmuşdur. O, beynəlxalq elmi forumların, konfransların, müşavirələrin, simpoziumların təşkilində və keçirilməsində yaxından kömək etmişdir. Məsələn, 1984-cü ildə Moskvada keçirilən Beynəlxalq Geoloji Konqresin 27-ci sessiyasında, 1986-cı ildə Bakıda keçirilən IV ikitərəfli (SSRİ-ADR) geoloji elmlərin tarixi üzrə simpoziumda respublika təşkilat komitələrinin elmi katibi olmuşdur. Uzun illərdir ki, A.Əliyev Geologiya İnstitutunun "Əsərlər"inin baş redaktor müavini, AMEA Geologiya İnstitutunun Elmi Şurasının üzvü, "Neft və qaz geologiyası və geokimyası" seksiyasının rəhbəri, "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" elmi seminarının sədridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olaraq o, 50 ildən artıqdır ki, geologiya elmini təbliğ edir.
Adil Əliyev hələ cavan yaşlarında öz taleyini böyük elmə bağlamışdır. Fövqəladə iş qabiliyyəti, hüdudsuz erudisiyası və yüksək insani keyfiyyətləri ona həmkarlarının və davamçılarının təqdirəlayiq və tükənməz hörmətini qazandırmışdır.
Akif ƏLİZADƏ,
AMEA-nın vitse-prezidenti,
Geologiya İnstitutunun
direktoru, akademik
Azərbaycan.- 2010.-15 sentyabr.- S. 8.