Bakıda "Bərpa olunan enerji mənbələri üzrə birinci Qafqaz forumu" keçirilir

 

Sentyabrın 7-də Bakıda "Bərpa olunan enerji mənbələri üzrə birinci Qafqaz forumu" işə başlamışdır. İkigünlük tədbirin əsas məqsədi Qafqaz regionunda bərpa olunan enerji mənbələri üzrə qanunvericilik, müvafiq layihələrin maliyyələşdirmə mənbələri, ekoloji təmiz texnologiyaların transferini müzakirə etməkdir.

Forumda Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Rolan Kobia iqtisadi şaxələndirmə və iqlim dəyişiklikləri ilə mübarizə şəraitində bərpa olunan enerji mənbələri sahəsinin inkişafının vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan və Aİ arasında energetika sahəsində əlaqələr getdikcə daha da möhkəmlənir. Ölkəmizin bərpa olunan enerji mənbələri sahəsinin inkişafına marağı isə təqdir olunmalıdır.

"Azərenerji" Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Beynəlxalq Maliyyə Korporasiyası və ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin iştirak etdiyi forumda ekoloji təmiz texnologiyaların tətbiqindən də danışılmışdır. Bu tədbirin hər il keçirilməsinin planlaşdırıldığı vurğulanmışdır.

Forum sentyabrın 8-də işini davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 sentyabr.- S. 5.