Azərbaycan - dünya mədəniyyətlərini
qovuşduran məkan
Azərbaycan xalqı dünya
sivilizasiyası xəzinəsinə böyük töhfələr
vermişdir
Heydər ƏLİYEV
Müasir qloballaşma şəraitində müxtəlif mədəniyyətlərin bir-birinə sürətlə qarşılıqlı təsiri aşkar faktdır. Tarixi prosesin müasir mərhələsində mədəni, sosial-iqtisadi, texnoloji, kommunikasiya və digər münasibətlərin qloballaşması şəraitində bəşəriyyət öz vəhdətini dərk etməklə yanaşı, davamlı inkişaf yolunu keçmək üçün həyat fəaliyyətinin ən müxtəlif sahələrində qüvvələri birləşdirməyin, qarşılıqlı hörmət şəraitində yaşamağın zəruri olmasını başa düşür. Bu prosesdə mədəniyyətlərarası dialoq ən uğurlu vasitə kimi qəbul olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü humanist siyasəti nəticəsində ölkəmizin beynəlxalq mədəni proseslərdə nüfuzunun artması ilə yanaşı, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq məkanı kimi tanınmasına səbəb olmuşdur.
Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin tarazlaşdırılmış xarici siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dəyərli beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilməkdədir. Ölkəmizin bu naliyyətlərində, milli mədəni irsimizin qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti burada olduqca əhəmiyyətli rol oynayır.
Dünya xalqları arasında dialoqun təbliğ olunması və inkişafında Azərbaycanın xidmətləri göz qabağındadır. Azərbaycan Şimalla Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Real coğrafi və geomədəni imkanlara malik Azərbaycan həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam, həm də Qərb dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətləri var. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə mənsub insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 noyabr 2008-ci il tarixdə "Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransının Bakı şəhərində keçirilməsi haqqında" sərəncamına uyğun olaraq 2008-ci ilin dekabrın 2-3-də paytaxtda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmişdir.
Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırmışdır. Belə ki, konfransda Prezident İlham Əliyev tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyulmuş və bu təşəbbüsün qlobal bir prosesə çevrilməsinə səbəb olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı çıxışı zamanı demişdir: "Mən çox istərdim ki, bu gün əsası qoyulan "Bakı prosesi" uzunmüddətli bir proses olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin".
Açılış mərasimində çıxış edən Avropa Şurasının baş katibi Terri Devis isə konfransın keçirilməsini bütün Avropa üçün əlamətdar hadisə kimi qiymətləndirmişdir: "Bakı öz tarixi ilə müxtəlif mədəniyyətlərin qovşağında yerləşir və Şərqlə Qərb, Şimalla ilə Cənub arasında təbii körpüdür".
Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi" qəbul edilmiş, "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyulmuşdur.
Konfransın keçirilməsində əsas məqsəd ölkəmizin həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan dövlət kimi imkanlarından bəhrələnib Avropa ilə islam dünyası arasında mədəniyyət körpüsü vasitəçisi rolunu oynamaq və fərqli mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edən "Bakı prosesi"nin əsasını qoymaq və bu fəaliyyətlərin mərkəzində duran Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirmək olmuşdur.
Azərbaycan islam dövlətləri və təşkilatları ilə mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Təsadüfi deyil ki, Azərbaycanın milli mədəniyyətində islam dəyərlərinin önəmli yer tutması, Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında islam dəyərlərinin əvəzsiz rol oynaması və Azərbaycan xalqının islam sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş etməsi nəzərə alınaraq Bakı şəhəri 2009-cu il üçün "İslam Mədəniyyətinin Paytaxtı" elan olunmuş, həmçinin İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının Bakıda keçirilməsi qərara alınmışdır.
"Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə "Bakı-İslam Mədəniyyətinin Paytaxtı - 2009" Mədəniyyət ili çərçivəsində Bakı şəhərində 2009-cu ilin 13-15 oktyabr tarixində İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı keçirilmişdir. Konfransda ümumilikdə 42 ölkədən nazirlər və digər rəsmi şəxslər, 17 beynəlxalq və regional təşkilatın (İSESKO, İslam Konfransı Təşkilatı, Avropa Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı və s.) rəhbərləri və nümayəndələri, bir sıra universitet və akademiyaların rəhbərləri, xarici ölkələrin respublikamızdakı səfirliklərinin təmsilçiləri, Azərbaycan hökumətinin üzvləri iştirak etmişdilər. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu oxunmuşdur. Dövlət başçısının təbrik məktubunda deyilirdi: "2009-cu il üçün Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkəmizin zəngin tarixinə və mədəniyyətinə yüksək qiymətdir. Gün ərzində gerçəkləşən tədbirlər İslam Konfransı təşkilatları çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhvələr verib, bir daha Azərbaycanın böyük islam mədəniyyətinin formalaşmasında tutduğu mövqeyə diqqəti cəlb edib. Tədbirdə həmçinin İSESKO-nun baş direktoru Ə.O.Əl-Tuveycri, İslam Konfransı Təşkilatının baş katibinin müavini Əbdülmoiz Buxari, Liviyanın mədəniyyət naziri Nuri Həmidi çıxış etmişlər.
Açılış mərasimindən sonra islam ölkələri mədəniyyət nazirləri konfransına sədrlik Liviyadan Azərbaycan Respublikasına keçmişdir. Azərbaycanın sədrliyi çərçivəsində həyata keçiriləcək tədbirlər və ölkəmizin prioritetləri barəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etmişdir. Ə.Qarayev öz çıxışında Azərbaycanın müasir dünyada mədəniyyətlər arasında sülh və dialoqun təşviq edilməsi məqsədilə belə mötəbər tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın konfransa iki illik sədrliyi çərçivəsində bu istiqamətdə səylərini daha da artıracağını, konkret layihə və proqramlarla çıxış edəcəyini bildirmişdir.
Konfransın ilk günü İSESKO, Azərbaycan və Avropa Şurasının vasitəçiliyi ilə İslam Konfransı təşkilatına üzv dövlətlər ilə bir sıra Avropa dövlətləri arasında "Bakı prosesi: sivilizasiyalar arasında dialoqa yeni çağırış" mövzusunda "dəyirmi masa" təşkil edilmişdir. "Dəyirmi masa"nın keçirilməsi ideyası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilən Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransında irəli sürülmüşdür. "Dəyirmi masa"nın sonunda yekun kommunike qəbul edilmişdir. Kommunikedə islam dünyası ilə Avropa arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, bu sahədə layihə və proqramların həyata keçirilməsi, həmçinin münaqişə regionlarında mədəni irsin qorunması ilə bağlı birgə tədbirlərin görülməsi məsələləri öz əksini tapmışdır.
Konfransda qəbul edilən islam dünyasında təhlükə altında olan mədəni və dünyəvi irsin qorunmasına dair qətnamədə deyilir: "Erməni vandallarının işğal etdikləri Azərbaycan torpaqlarında islam irsinin məhv edilməsi məqsədi ilə həyata keçirdikləri vəhşiliklər pislənilir. BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan Respublikası tərəfindən dərhal və şərtsiz yerinə yetirilməsi tələb olunur".
İslam Mədəniyyəti Paytaxtları Proqramının həyata keçirilməsinin davam etdirilməsi ilə bağlı müzakirələrdə Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.
Konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Dövlət başçısı qeyd etmişdir ki, belə tədbirlər, eyni zamanda, təmsil olunan ölkələrin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində də vacib amildir. İKT üzvü olan ölkələrin beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəklədiyini yaxşı hal kimi dəyərləndirən Prezident İlham Əliyev 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın ədalətli mövqeyini müdafiə edən qərarın qəbulunda islam ölkələrinin xidmətini xüsusi vurğulamışdır. Prezident İlham Əliyev Bakıda davam edən konfransı dostluq və qardaşlıq günləri kimi dəyərləndirmişdir. Tarixin müxtəlif dövrlərində təcavüzlərə məruz qalmış və müxtəlif imperiyaların tərkibində yaşamağa məcbur olmuş Azərbaycan xalqının öz milli- mənəvi dəyərlərinə sadiq qaldığını vurğulayan dövlət başçısı müstəqillik dövründə Azərbaycanda minə qədər məscidin tikildiyini diqqətə çatdırmışdır: "Biz çalışırıq ki, bütün ölkələr kimi, müsəlman dövlətləri ilə də münasibətlərimizi yüksək səviyyədə quraq".
Prezident İlham Əliyev mədəni əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu vurğulamış və belə tədbirlərin Bakıda keçirilməsini islam həmrəyliyinə verdiyi dəstəyə görə Azərbaycana göstərilən etimadın təzahürü kimi dəyərləndirmişdir.
Müasir dövrdə mədəniyyətlərarası dialoqun təşviq olunmasında qadınların rolu və bu istiqamətdə fəaliyyətləri olduqca əhəmiyyətlidir. Bu həm mənəvi, həm də ictimai-siyasi faktorlarla bağlıdır. Belə ki, qadınlar həm ana kimi tarixən sülh və əmin-amanlığın tərəfdarı olmuş, həm də ictimai-siyasi sahələrdə kifayət qədər fəaldırlar. Bu mənada qadınların potensialı dialoqun möhkəmlənməsində böyük rol oynayır.
2008-ci ilin 10-11 iyun tarixlərində Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Tədbir iştirakçıları irqi, etnik, dini və gender müxtəlifliyi zəminində dözümsüzlüyün və ksenofobiyanın yayılması ilə bağlı ümumi narahatlıqlarını bildirmişlər, bu kontekstdə dünyanın mədəni müxtəlifliyinə dair mədəniyyətlərarası və dinlərarası dialoqun artan rolunu xüsusi vurğulamışlar. Tədbirdə qəbul edilən Bakı Bəyannaməsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında qadınların oynadığı mühüm rol qiymətləndirilmiş, bunun sayəsində dünyada sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq birlik naminə sülh uğrunda dialoqun bütün proseslərində qadınların bərabər iştirakına şərait yaradacaq mühitin təmini üçün qətiyyətli olmaq bildirilmişdir.
Muğam sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca mühüm rol oynayır. Belə ki, Mehriban xanım Əliyevanın himayəsi ilə 2009-cu ilin 18-25 mart tarixində Bakıda keçirilən I Beynəlxalq Muğam Festivalı Azərbaycan muğam sənətinin beynəlxalq təbliği ilə yanaşı, muğam musiqisinin dünya xalqlarını birləşdirən bir sənət olduğunu bir daha təsdiqləmişdir. 2009-cu il 18-20 mart tarixində "Muğam aləmi" I Beynəlxalq Festivalı çərçivəsində muğama həsr olunmuş elmi simpozium təşkil olunmuşdur. Beynəlxalq muğam və muğama qohum musiqi ənənələrinə həsr olunmuş simpozium, əslində, tarixi əhəmiyyət kəsb etmişdir. Azərbaycanda ilk dəfə keçirilmiş bu simpoziuma ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan, Tacikistan alimləri və musiqi xadimləri böyük maraq göstərmişlər. Simpoziuma dəvət olunanlar arasında Avropa, Amerika və Asiyada ənənəvi Şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi, tədqiqatçı olmuşdur.
Mədəniyyətlərarası dialoqun inkişafında dinin və inancların böyük rolu var. Əslində, müasir dünyada baş verən bəzi proseslər və münaqişələrin kökündə dini faktorların durması fikrini irəli sürənlər din və inancların insanları biri-birinə daha da yaxınlaşdıran gücə malik olmasının fərqinə varmırlar. Fərqli din və mədəniyyətlərin qovşağında yerləşən Azərbaycan tərəfindən dinlər arasında dialoqun təşviq edilməsi istiqamətində həm milli, həm də beynəlxalq səviyyədə silsilə tədbirlər həyata keçirilir.
2010-cu ilin 26-27
aprel tarixlərində Bakıda dünya dini liderlərinin
sammiti keçirildi. Sammitdə sivilizasiyalararası dialoq,
dünyada sülhün və əmin-amanlığın bərqərar
olması, mövcud təhdidlərin aradan
qaldırılması, dinlərarası dialoqa yeni impuls verilməsi,
terror və ekstremizm, habelə dünya iqtisadi böhranı ilə
bağlı məsələlər müzakirə
olunmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev sammitdə
dinlərarası dialoqun xüsusi əhəmiyyətini
vurğulayaraq "Azərbaycan dini və milli
dözümlülüyün böyük və şərəfli
tarixi ilə tanındığını" bildirmişdir. Dövlət
başçısı qeyd etmişdir ki, Azərbaycan
çoxmillətli və çoxkonfessiyalı dövlətdir.
Ölkədə bütün azadlıqlar, o
cümlədən din azadlığı təmin edilib. Ölkədə 1000-dən çox məscid, 22 kilsə,
6 sinaqoq, digər dini məbədlər fəaliyyət
göstərir. Qeyd edilənlərin Azərbaycan
tərəfindən ən yüksək səviyyədə
vurğulanması ölkəmizin mədəniyyətlər və
dinlərarası məsələlərə nə qədər
böyük önəm verməsini göstərir.
Sammitdə qəbul
olunmuş yekun bəyannamə özündə fərqli dinlərin
və inancların xalqları ayıran deyil, əslində,
daha da birləşdirən qüvvə olduğunu
açıq ehtiva etmişdir.
Müxtəlif mədəniyyətlərin
və qitələrin qovşağında yerləşən
Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də
mədəni zənginliyi "Bakı prosesi" çərçivəsində
mədəniyyətlərarası dialoq təşəbbüslərini
Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən
çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə
imkan verir. Bu mənada "Mədəniyyətlərarası
dialoqa dair" Bakı prosesi"nin
davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprel
ayında Bakıda "Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu"nun (World Forum for Intercultural Dialogue) keçirilməsi
təşəbbüsü irəli
sürülmüşdür. Forumun keçirilməsində əsas
məqsəd bunlardır:
- müxtəlif
mədəniyyətlər, xüsusilə, Qərb ilə islam
dünyası arasında mədəniyyət
körpüsü yaratmaq və fərqli sivilizasiyalar
arasında dialoqun inkişafına xidmət etmək;
- mədəniyyətlərarası
dialoq sahəsində praktik fəaliyyətlərin və layihələrin
həyata keçirilməsi, yəni, bu istiqamətdə real
addımların atılması;
- dünyanın
bütün regionlarının iştirakı ilə mədəniyyətlərarası
dialoqun müzakirə edilməsinə, qlobal səviyyədə
mədəniyyətlərarası dialoq layihələrinin və
təşəbbüslərinin irəli sürülməsinə,
bu sahədə çalışan beynəlxalq təşkilatların
və qurumların əlaqələndirilməsinə şəraitin
yaradılması;
- beynəlxalq
səviyyədə Azərbaycan mədəniyyətinin təbliği
və ölkəmizin müsbət imicinin təşviq
olunması, Ermənistanın saxta iddialarına qarşı
lazımi səviyyədə intellektual mədəni mübarizənin
aparılması və ölkəmizlə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması;
- Azərbaycan mədəniyyətinə
Ermənistan tərəfindən vurulmuş ziyan və bu
işğalçı dövlətin dağıdıcı fəaliyyəti
barəsində beynəlxalq aləmin məlumatlandırılması;
- Azərbaycan Respublikasının
xarici siyasət prioritetləri çərçivəsində
çoxtərəfli və balanslı "mədəniyyət
diplomatiyası"nın həyata
keçirilməsi;
- mədəniyyət
sahəsində çalışan beynəlxalq hökumətlərarası
və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın
qurulması və inkişaf etdirilməsi;
- Azərbaycanı dəstəkləyən
"mədəniyyət lobbisi"nin
formalaşdırılması.
2009-cu ilin 6-7 noyabr tarixində
Sloveniyanın Lyublyana şəhərində "Bizim
ümumi Avropa irsimizin bərpası" mövzusunda
keçirilən Nazirlər Konfransında mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Avropa
Şurasının baş katibi Torbyorn Yagland ilə
görüşmüş və ölkəmizin Avropa ilə
islam dünyası arasında dialoq prosesində "Bakı
prosesi" fəaliyyəti, 2011-ci ildə Bakıda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə
"Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu"nun keçirilməsi ilə bağlı ona məlumat
vermiş və Avropa Şurasını bu prosesdə Azərbaycanı
dəstəkləməyə dəvət etmişdir.
Forumun təşkil edilməsi
məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Azərbaycan, YUNESKO, Avropa Şurası, İSESKO və
Sivilizasiyalar Alyansının nümayəndələrindən
ibarət işçi qrup yaradılmış və Parisdə
2009-2010-cu illərdə işçi qrupunun bir neçə
görüşləri keçirilmişdir. İclaslarda
adları qeyd edilən beynəlxalq qurumlar Azərbaycan tərəfinin
təşəbbüsünü dəstəkləmiş və
bu prosesdə fəal iştirak edəcəklərini
bildirmişlər. 2010-cu ilin 5-6 may tarixində Avropa
Şurasının Mədəniyyət üzrə Rəhbər
Komitəsinin Plenar Sessiyasında forumla bağlı müzakirələr
aparılmış və iştirakçılar tərəfindən
bu təşəbbüs yekdilliklə dəstəklənmişdir.
Forumun keçirilməsi
zamanı Bakı şəhərinin "Ümumdünya Mədəniyyətlərarası
Dialoq Paytaxtı" elan edilməsi, "Qlobal mədəniyyətlərarası
şəhərlər layihəsi"nin təsis
edilməsi ilə bağlı müvafiq işlər
aparılır. Foruma ölkə prezidentləri,
beynəlxalq təşkilatların rəhbərləri, xarici
işlər və mədəniyyət nazirləri, məşhur
mədəniyyət xadimləri və nüfuzlu şəxslər
dəvət ediləcəklər.
"Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu"nun ölkəmizdə təşkili islam və
Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan
mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ
olunmasına, Azərbaycanın nüfuzunun yüksəldilməsinə
və beynəlxalq proseslərdə əhəmiyyətinin
artırılmasına, eləcə də Azərbaycanın
qitələrarası və sivilizasiyalararası əməkdaşlıq
məsələlərində çox mühüm dövlət
kimi qəbul olunmasına, həmçinin dünya mədəniyyətinə
inteqrasiyasına xidmət edir. Mədəniyyətlərarası
dialoqun inkişafında YUNESKO kimi qlobal beynəlxalq təşkilatın
rolu olduqca əhəmiyyətlidir. Qeyri-maddi irs nümunələri vasitəsilə mədəniyyətlərin
yaxınlaşmasına, anlaşmasına şəraitin
yaradılması YUNESKO-nun əsas prioritetlərindən
biridir. Bu istiqamətdə Azərbaycan
Respublikası YUNESKO ilə sıx əməkdaşlıq
münasibətlərinə malikdir. Təsadüfi
deyil ki, YUNESKO-nun baş direktoru xanım İrina Bokova xarici
ölkələrə ilk səfərlərdən birini 2010-cu
ilin 28 iyul - 2 avqust tarixlərində Azərbaycana etmişdir.
Səfər çərçivəsində
xanım İrina Bokova Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun
Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva tərəfindən qəbul
edilmişdir. Görüş zamanı Azərbaycan
ilə YUNESKO arasında mövcud olan əməkdaşlıq
məsələləri barədə müzakirələr
aparılmışdır. YUNESKO ilə Azərbaycan
arasında çox yaxşı əməkdaşlığın
olduğunu qeyd edən İrina Bokova rəhbərlik etdiyi təşkilatda
Mehriban xanım Əliyevaya hamının böyük hörmətlə
yanaşdığını qeyd etmiş, onun fəaliyyətinin
mədəniyyət, musiqi, adət-ənənə, irs kimi
mühüm sahələrin inkişafına verdiyi töhfəni
yüksək qiymətləndirmişdir. Səfər
çərçivəsində bir sıra mədəniyyət
ocaqlarını ziyarət edən İrina Bokova Azərbaycan
Respublikasının YUNESKO üzrə Milli Komissiyasının
üzvləri ilə görüş keçirmişdir.
Görüşdə ölkəmizin mədəniyyətlərarası
dialoqa nümunə olduğunu vurğulayan YUNESKO-nun baş
direktoru İrina Bokova demişdir ki, son illər dinamik
inkişaf edən Azərbaycan maddi və qeyri-maddi mədəni
irsin qorunmasını əsas prioritet istiqamətlərdən
biri kimi elan etmişdir. Azərbaycanın YUNESKO-nun
bütün orqanları və bölmələri ilə
sıx əməkdaşlığından məmnunluğunu
bildirən İ.Bokova rəsmi Bakının mədəni irs nümunələrinin YUNESKO-nun
siyahısına daxil edilməsi üçün göstərilən
səylərini yüksək qiymətləndirmişdir.
Heydər Əliyev Fondunun dəstəyi
ilə keçirilən Qəbələ II Beynəlxalq Musiqi
Festivalında çıxış edən İ.Bokova
demişdir: "Bu festival 2010-cu ildə Birləşmiş
Millətlər Təşkilatı və YUNESKO tərəfindən
keçirilən "Beynəlxalq mədəniyyətlərin
yaxınlaşması ili"nin ruhuna tam
uyğundur. Bu ideya mənə çox
yaxındır ki, biz ölkələr çərçivəsində
və onların arasında mədəniyyətlərarası
dialoq vasitəsilə daha çox qarşılıqlı
anlaşmaya, hörmətə və həmrəyliyə nail
olmağa kömək edə bilərik. Müasir
aləmdə əsl dünya mədəniyyəti yaratmaq
üçün bu dəyərləri təbliğ etmək
lazımdır. Biz bu il və
sonrakı dövrdə qəlblərin və zəkaların
görüşünü təşviq etmək
üçün yeni kanallar və yollar açmağa
çalışacağıq. Başqa aləm
kəşf etməyin saysız-hesabsız üsulları
vardır. Lakin bu gün biz həmin məqsədə ən
universal dil və mədəni dialoqun ən mükəmməl
metaforası olan musiqinin köməyi ilə nail oluruq. Azərbaycan identikliyində dərin kökləri
olan, hər birimizin qəlbində estetik duyğular oyadan
musiqi, mənsubiyyətindən və əqidəsindən
asılı olmayaraq bütün insanların
yaxınlaşması üçün ən yaxşı vasitədir".
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın YUNESKO çərçivəsində,
eyni zamanda, Azərbaycan və dünya mədəniyyət
incilərinin təbliğində fəaliyyətini yüksək
qiymətləndirən İ.Bokova bəşəriyyətin
maddi və qeyri-maddi mədəni irsinin
populyarlaşdırılması işinə sədaqəti, mədəniyyətlərarası
dialoqun inkişafı naminə daim göstərdiyi səyləri,
mədəni müxtəlifliyin möhkəmləndirilməsinə
sanballı töhfəsi, YUNESKO-nun ideallarına və məqsədlərinə
sadiqliyinin təsdiqlənməsi əlaməti olaraq Mehriban
xanım Əliyevaya YUNESKO-nun "Qızıl Motsart"
medalını təqdim etdi. Bu medal Mehriban xanım Əliyevanın
öz fəaliyyəti hesabına bütün Azərbaycan
xalqı adına qazandığı
yüksək qiymətdir.
Ümumilikdə,
YUNESKO-nun baş direktoru İrina Bokovanın Azərbaycana səfəri
ölkəmizin beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirməklə
yanaşı, Azərbaycan mədəniyyətinin YUNESKO səviyyəsində
təbliğində mühüm tərəfdaş
qazandırmışdır.
Azərbaycan
dövləti tərəfindən mədəniyyətlərarası
dialoq sahəsində beynəlxalq təşəbbüslərin
həyata keçirilməsi ilə yanaşı, milli səviyyədə
də silsilə tədbirlər həyata keçirilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 26 noyabr tarixində imzaladığı sənədlə
ölkəmiz YUNESKO-nun "Mədəni Özünüifadə
Müxtəlifliyinin Qorunması və Təşviqinə dair
Konvensiyası"na qoşulmuşdur.
2010-cu ilin 20 may tarixində,
BMT-nin 21 may mədəni müxtəlifliklər günü ərəfəsində
YUNESKO tərəfindən elan edilən 2010-cu il "Mədəniyyətlərin
yaxınlaşması ili" çərçivəsində
Bakı şəhərində "Mədəni
Özünüifadə Müxtəlifliyinin Qorunması və
Təşviqinə dair Konvensiya"nın təqdimat mərasimi
keçirilmiş və tədbirə milli azlıqların,
yerli xalqların nümayəndələri, yaradıcı
şəxslər, sənətkarlar, dövlət xadimləri,
xarici ölkələrin və beynəlxalq təşkilatların
nümayəndələri dəvət edilmişdilər.
YUNESKO-nun "Mədəni
Özünüifadə Müxtəlifliyinin Qorunması və
Təşviqinə dair Konvensiya" çərçivəsində
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
"Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir"
layihəsinin həyata keçirilməsi nəzərdə
tutulur. Layihə çərçivəsində ölkə ərazisində
milli azlıqların və yerli xalqların sıx
yaşadığı regionlarda "Milli-mədəni həmrəylik"
mövzusunda seminarların keçirilməsi, ölkənin mədəni
həyatına inteqrasiya məqsədilə bölgələrdə
olan mədəniyyət xadimləri, xüsusi mədəni
özünüifadəyə və istedada malik subyektlər
üçün treninqlərin təşkili, mədəniyyətlərarası
dialoqun vəziyyətinə dair tədqiqat işinin
aparılması, ölkənin mədəni rəngarəngliyini
əks etdirən buklet və broşürlərin nəşr
edilməsi, sərgilər, konsertlər, müsabiqələr
və digər tədbirlərin keçirilməsi
planlaşdırılır.
Son illər ərzində
Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli
uğurlara imza atmışdır. Dövlət tərəfindən
atılan məqsədyönlü addımlar dinindən, millətindən,
irqindən asılı olmayaraq, Azərbaycan xalqının
bütün dövrlərdə mehriban ailə, dost, qardaş
olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirmişdir.
Ümumilikdə,
Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası
dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm
də milli səviyyədə həyata keçirilən tədbirlər
ölkəmizin xarici arenada nüfuzunu artırmaqla
yanaşı, xalqımızın milli həmrəyliyini daha
da möhkəmləndirir və Azərbaycanı dünya mədəniyyətlərini
qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim
edir.
Sevda MƏMMƏDƏLİYEVA,
mədəniyyət və turizm
nazirinin müavini
Azərbaycan.- 2010.- 8 sentyabr.- S. 6.