Fransada Azərbaycan turizmi
haqqında bələdçi-kitabça çapdan
çıxmışdır
Parisin "Mondeos" nəşriyyatı Azərbaycan turizmi haqqında bələdçi-kitabça nəşr etmişdir. Müəlliflər - ölkəmizdə dəfələrlə olmuş tanınmış fransız jurnalisti Annabel Grosjean və bu ölkədə uzun müddət yaşayan həmyerlimiz Aytən Muradovanın nəfis şəkildə tərtib etdikləri kitabçada Azərbaycanın turizm obyektləri barədə ətraflı məlumat verilmişdir.
Kitabçanın əvvəlində azərbaycanlıların demokratik bir dövlətdə yaşamalarından, ölkəmizin neft və qaz kimi təbii sərvətlərlə zəngin olmasından, Qərblə Şərq arasında körpü rolu oynamasından, iqtisadi sahədə sürətli inkişafından, Qafqaz sıra dağlarının ətəyində və qədim İpək Yolu üzərində yerləşən Azərbaycana vaxtilə böyük Roma sərkərdəsi Prometeyin yürüş etməsindən, dünyadakı 11 iqlimdən 9-nun bu ecazkar diyarda mövcudluğundan danışılır.
Bələdçidə Azərbaycana səyahət etmək istəyən turistlərə viza almaq, təyyarə, qatar və avtomobildən istifadə etməklə necə yola düşmək barədə geniş məlumat verilmiş, ölkəmizə hansı fəsildə səyahət etməyin daha münasib olmasından söhbət açılmışdır.
Azərbaycanda turizmin ildən-ilə inkişafına, bununla bağlı yeni layihələrin həyata keçirilməsinə diqqəti yönəltmiş müəlliflər ölkəmizin qədim və müasir tarixi, sərhədləri, xalqımızın qonaqpərvərliyi, pul vahidi, mehmanxana və restoranları, adətləri, mətbəxi, kütləvi informasiya vasitələri, nəqliyyat növləri, fauna və florası, tarixi və mədəni abidələri və sair haqqında məlumat verməyi unutmamışlar.
Kitabçada, həmçinin SSRİ-nin süqutundan sonra Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdiyi, təcavüzkar Ermənistanın Azərbaycana qarşı müharibə apardığı və ərazilərimizin 20 faizini işğal etdiyi, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkün vəziyyətinə salındığı, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçildiyi, ümummilli liderin səyi və təşəbbüsü ilə 1994-cü ildə atəşkəs elan olunduğu, 2003-cü ildə İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı xüsusi vurğulanmışdır.
Kitabçanın "Məşhur şəxsiyyətlər" bölməsində dahi şair Nizami Gəncəvidən, görkəmli bəstəkar Üzeyir Hacıbəylidən, xalq şairi Səməd Vurğundan, sehirli fırçası ilə ecazkar sənət əsərləri yaratmış Səttar Bəlulzadədən, ulu öndərimiz Heydər Əliyevdən söhbət açılmışdır.
Müəlliflər ayrıca bölmədə ölkəmizin iqtisadiyyatının müxtəlif sahələri - kənd təsərrüfatı, neft və qaz sənayesi ilə yanaşı, inzibati və siyasi təsisatları, əhalisi və onun tərkibi, etnik qrupları, mədəniyyəti, ədəbiyyatı və incəsənətinə dair məlumatlara kitabda xüsusi yer ayırmışlar.
Kitabçada ölkəmizə gələn turistlərə müxtəlif turizm marşrutları, bu marşrutlarda yerləşən rayonlar, mədəniyyət ocaqları, regionlarda yaşayan əhalinin adət-ənənələrindən söhbət açılmışdır.
Bələdçi-kitabça fransız və fransızdilli ölkələrin turistlərinə ölkəmiz haqqında geniş və hərtərəfli məlumat vermək baxımından maraq doğurur.
Əsgər Əliyev,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2010.- 8 sentyabr.- S. 7.