Sabah Ramazan
bayramıdır
Müsəlmanlar hər il hicri-qəməri təqvimlə iki bayram qeyd edirlər: Ramazan bayramı və Qurban bayramı. Bu bayramlar islamın iki fərzini yerinə yetirdikdən - Ramazanda oruc tutduqdan və həcc ziyarətini başa vurduqdan sonraya təsadüf edir.
Sabah mübarək Ramazan bayramını qarşılayırıq. Orucluq ayının başa çatması ilə əlamətdar olan bu bayramın hər bir müsəlmanın həyatında xüsusi yeri var. Müsəlman bir ay boyunca oruc tutaraq ruhunu və bədənini sağlamlaşdırdıqdan sonra Ramazan ayından əvvəlki həyat tərzinə qayıdır, yenidən adi qayda ilə qida qəbul etməyə başlayır. Bayramın ərəbcə adı da buna dəlalət edir: id əl-fitr, yəni iftar bayramı.
Ramazan bayramı şəvval ayının birinci gününə düşür. Üç-dörd gün davam edən bayramın ilk günündə oruc tutmaq haramdır. Bayram namazı qılındıqdan sonra müsəlman həyatdan köçmüş doğmalarının, qohum-əqrəbasının ruhuna Quran oxudur, xatirələrini yad edir.
Bayram günlərində ailələrdə şənlik ab-havası hökm sürür. Uşaqlara hədiyyələr verilir, qonşular, dostlar bir-birini təbrik edir, bir-birinə qonaq gedir, bayram sovqatları aparırlar. Adətən, qohum-əqrəba bir yerə toplaşır, bayramı birlikdə qeyd edirlər.
Ramazan bayramının ən böyük savablarından biri fitrə zəkatı, qısaca fitrə verməkdir. Bir ay oruc tutmaq fərz olduğu kimi, Ramazan bayramında fitrə vermək də vacibdir. Peyğəmbərimiz Məhəmməd salavatullahın hədislərindən birində deyilir ki, Allah bəndəsindən tələb olunan sədəqə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında asılı qalır.
Hicrətin ikinci ilindən bəri tətbiq olunan fitrəni yalnız imkanı olan müsəlmanlar çıxarmalıdırlar. Şəriətə görə, özünün və ailəsinin illik ehtiyaclarını ödədikdən sonra 85 qram qızıl və ya buna bərabər pulu olan müsəlman imkanlı hesab edilir. İmkanı bundan az olanlar da kasıb hesab edilmədiyindən fitrə verə bilərlər və bu onlar üçün savabdır. Özünün və ailəsinin illik zəruri ehtiyaclarını ödəməkdə çətinlik çəkən, buna imkanı olmayan müsəlmanın fitrə verməsi vacib deyil.
Fitrə bayram namazından əvvəl
çıxarılmalıdır. Əks halda bu, Ramazan bayramının
fitrəsi hesab olunmur. Eləcə də fitrəni
bayramdan bir-iki gün qabaq da çıxarmaq olar. Müsəlman bu və ya
digər üzrlü səbəbdən fitrəni
vaxtında çıxara
bilməyibsə imkanı
olan kimi çıxarmalıdır. Yaxud
da fitrəni vaxtında çıxarmağı
unudubsa, yadına düşən kimi çıxarmalıdır.
İslamın ilk illərində
fitrə buğda, arpa, kişmiş və xurma kimi
ərzaq məhsulları
şəklində ödənilirdi.
Sonrakı illərdə
hər məmləkətin
daha çox istehlak etdiyi ərzaq məhsullarından
(düyü və s.)
ödənilməyə başladı.
Zaman keçdikcə kasıblara münasibətdə
göstərilən bu
xeyirxahlıq başqa
formalar da almışdır. İndi
fitrəni pul şəklində də ödəyirlər. Əslində
bu daha münasibdir.
Belə ki, fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına
uyğun şəkildə
xərcləmək imkanı
əldə edir.
Müsəlman hər bir ailə üzvünün
adından fitrə verməlidir. Evli olmayan qadınlar fitrəni özləri verə bilərlər. Evli qadınların fitrələrini isə həyat yoldaşları ödəyirlər. Uşaqların
fitrəsi də ataları tərəfindən
ödənməlidir, atası
olmayanların isə fitrə verməsi məcburi deyil.
Bəs fitrə
kimə verilməlidir?
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ata-anaya, nənə-babaya, övlada
və nəvələrə
fitrə vermək olmaz. Ona görə
ki, bu kateqoriyadan
olan qohumlara baxmaq, onların ehtiyaclarını ödəmək
müsəlmanın birbaşa
vəzifəsidir. Müsəlman
alimlərinin fikrincə,
çıxarılan fitrə
ilk növbədə ehtiyacı
olan qohumlara, qonşulara, tanışlara,
eləcə də digər insanlara verilməlidir. Fitrəni başqa dinlərə mənsub insanlara vermək də olar, verməmək də. Yeri gəlmişkən,
fitrə, sədəqə
və zəkat şəklində yardımların
hansı təbəqədən
olan insanlara verilməsi müqəddəs
kitabımızda aydın
şəkildə göstərilmişdir:
"Sədəqələr (zəkatlar) Allah tərəfindən
müəyyən edilmiş
bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara
(ehtiyacı olan, lakin utandığından
əl açıb dilənməyən), miskinlərə,
zəkatı yığıb
paylayanlara, ürəkləri
(müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə
(və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin
(borcu ödəməyə
imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur"
("Tövbə" surəsi,
60).
Fitrə bir kasıbın
azı birgünlük qida ehtiyacını ödəməlidir.
Bundan artıq fitrə vermək müsəlmanın
savabını daha da artırar. Ailənin
fitrəsi bir adama da, birdən
çox adama da verilə bilər.
Ramazan bayramı
ərəfəsində kasıblara
fitrə verilməsinin
mahiyyətində sosial
yardımlaşma özünü
qabarıq şəkildə
göstərir. Axı
heç cür ola bilməz ki, bayram günündə
imkanlı şənlənsin,
şadlıq etsin, kasıb isə ac qalsın. Kasıbın bu əziz gündə
tox olması Tanrıya da xoş gedər!
Ölkəmizdə də Ramazan bayramı yüksək səviyyədə
qeyd olunur. Torpaqlarımızın müdafiəsi
uğrunda canlarından
keçmiş şəhidlərin
ruhu ehtiramla yad edilir, onların
rəşadəti xatırlanır.
Ramazan bayramı
həm də müsəlmanların həmrəyliyini,
birliyini, onlar arasında qarşılıqlı
anlaşmanı nümayiş
etdirən əlamətdar
hadisədir. Bayramın
davam etdiyi günlərdə insanlar bir-birinə daha yaxın olur, bayram sevincini bölüşürlər.
Ramazan bayramınız mübarək olsun! Allah bu əziz gündə çıxaracağımız fitrənin əvəzini versin! Amin!
A.MEHDİYEV
Azərbaycan.- 2010.- 8 sentyabr.- S. 7.