Qayğıya ehtiyacı olan tarixi türbə
Füzuli rayonunun tarixi eramızdan
əvvəlki dövrlərə gedib çıxır. Rayondakı qədim mədəniyyət
abidələri (Əhmədalılar
və Mirəli türbəsi, XIX əsrə
aid Hacı Ələkbər, Qarğabazar
kəndində isə
1662-ci ildə inşa
edilmiş Qoçəhmədli
məsçidi və
başqaları) daş
qalalar, ən əsası isə Azıx marağasının
yadigarlarıdır.
Təəssüflər
olsun ki, hazırda Füzulinin işğal altında olan ərazilərində daha çox maddi-mədəniyyət abidələrimiz
qalır. Lakin işğaldan azad olunmuş ərazilərimizdə
tariximizi yetərincə
təsdiqləyəcək maddi-mədəniyyət
abidələri, tikililər
də var. Onlardan biri Füzuli
rayonunun daş yaddaşı hesab edilən Babı kəndində qorunub saxlanan Şeyx Babı Yaqub xanəgahıdır. Xanəgahın
tarixinə bir az nəzər salsaq bütün bunların şahidi olarıq.
Məqbərə
Füzuli rayonunun Horadiz dəmiryol stansiyasının altı
kilometrliyindəki Babı
kəndində yerləşir.
Yerli əhali arasında Şıxbaba türbəsi adı ilə tanınmış Şeyx Babı Yaqub xanəgahı səkkizguşəli daş
məqbərədir.
1920-ci ilə
qədər Babı kəndi Şıxbaba adlandırıldığından məqbərəyə Şıxbaba
türbəsi deyirlər.
Bu qədim yaşayış məntəqəsi
üç kəndi -
Molla Məhərrəmli,
Arayatlı və Babı kəndlərini özündə birləşdirir.
Şeyx Babı Yaqub xanəgahı kəndin ən qədim abidələrindən
biridir. Kəndin qocaman sakinlərindən
olan İsmayıl Babayev deyir ki,
Şeyx Babı Yaqub xanəgahı xalqımızın ən
qədim mədəniyyət
abidələrindəndir. İsmayıl
Babayevin babası Axund Məşədi Ələkbər danışarmış
ki, kənddəki bu xanəgah vaxtilə Azərbaycanın
dini-mədəni mərkəzlərindən biri, zaman-zaman azəri türklərinin igid oğullarının, görkəmli
alimlərinin, müqəddəs
insanlarının toplaşdığı
məkan olub. Rəvayətə görə,
Şeyxin cənazəsi
daş qutuda, türbənin cənub pəncərəsi önündə
dəfn olunmuşdur. Məqbərədəki kitabənin
oxunuşuna nail olan ilk rus
alimi N.Xanıkov deyib ki, Şeyx
Babı Yaqub məqbərəsi 1271-1272-ci illərdə
Məşədi Babı
Yaqub ibn Saadın əmri ilə tikilib. Kitabədəki yazılar
ərəb dilində
olduğundan tərcüməsinə
ehtiyac duyulub. Məşədixanım Nemətin tərcüməsindən
müəyyən olunub
ki, bu müqəddəs
məqbərənin sahibi
zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl
Qur Xər üçün tikilməsinə
Hicri təqvimi ilə 672-ci ildə (Miladi 1273-1274-cü illər)
əmr verilib. Kitabədə yazılanlar
göstərir ki, xanəgahı XIX əsrin
əvvəllərində Kərbəlayi
Nasir təmir etdirmişdir. Təbii ki, bu işdə ona kömək edənlər
də olmuşdur. İbrahim Mehdiyev, Qürbətəli Niftəliyev,
Əziz İsmayılov,
Niyaz Quliyev, Hacı Oruc, Hacı Məmməd, Məşədi Səməd,
Məşədi Eyvaz
və başqaları
köməklərini əsirgəməmişlər.
Xanəgahın yeraltı
yolları, həmçinin
həmin minarələrdən
biri ciddi zədələnmiş halda
qalmaqdadır. Minarələrə
bitişik halda tikilmiş məscidin divarlarının qalınlığı
heyrətləndiricidir. Xanəgahda
müxtəlif təyinatlı
hücrələrin olması
məqbərənin həm
də yadelli düşmənlərə qarşı
mübarizədə qala
kimi istifadə olunduğunu sübut edir. Hücrənin əlvan çalarlı daşlarla örtülmüş
otaqları göstərir
ki, vaxtilə burada yaşayan insanlar yüksək sənətkarlıq qabiliyyətinə
malik olmuşlar.
Qədim
dövrlərdə müxtəlif
ölkələrdən xanəgahı
ziyarətə gələrmişlər.
Bu da onu
sübut edir ki, xanəgahda dəfn olunan Məşədi Babı ibn Yaqub müqəddəs
insan olmuşdur. Bu gün də
respublikamızın bölgələrindən
bura ziyarətə gəlir, müxtəlif dərdlərə mübtəla
olanlar bu xanəgahda ulu Tanrıdan əlac diləyirlər.
Kənd
ərazi nümayəndəsi
Mehdi Mehdiyevin bildirdiyinə görə,
Babının qədim
kəhrizləri, tarixi
abidələri göstərir
ki, hələ lap qədim zamanlardan burada bizim əcdadlarımız
yaşamışlar. Torpaqlarımızda
müharibə getdiyi dövrdə Babı kəndi də ermənilər tərəfindən
işğal olunmuşdu.
Lakin ümummilli lider Heydər Əliyevin bir çağırışı ilə kənd düşməndən azad
edildi. Lakin düşmən kəndi viran qoymuş, 60 ev yandırılmışdı.
Ölkə rəhbərliyinin
qayğısı sayəsində
bu gün Babı nəinki Füzulinin, eyni zamanda respublikamızın
ən gözəl kəndlərindən birinə
çevrilib. Kənddə
2 nasos quraşdırılıb,
yollar bərpa edilib, Mil-Muğan kanalından çəkilən
su kəndin otlaq və əkin-biçin
yerlərinə axıdılır.
Yaxşı
olardı ki, Şeyx Babı Yaqub xanəgahı da diqqətdən kənarda qalmasın, əsaslı təmir edilib əvvəlki görkəmi bərpa olunsun. Bu işdə
etnoqrafların, tədqiqatçıların,
alimlərin, geoloqların,
tarixçilərin də
köməyinə ehtiyac
var.
Həşim HƏSƏNOĞLU,
yazıçı, tədqiqatçı
Azərbaycan.-
2010.-8 sentyabr.- S. 7.