Ramazan bayramı münasibətilə
Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı artıq başa çatmaqdadır. Bu ayda müsəlmanlar Allah və din qarşısında öz vicdani borclarını daha dolğun yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.
İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Orucluğun sınaqlarından alnıaçıq çıxan mömin vətəndaşlarımız Ramazan günlərini qürur hissi ilə yola salır, bayram sevincini məmnunluqla bölüşürlər. Ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün diləklər edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu əziz bayram günlərində bütün xeyirxah niyyətlərlə həmrəy olduğumu bildirir, dualarınızın Tanrı dərgahında qəbul olunmasını arzu edirəm.
Əziz bacı və qardaşlarım!
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Bu mübarək bayram münasibətilə hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 sentyabr 2010-cu il
Azərbaycan.- 2010.- 9 sentyabr.- S. 1.